Bu amil maşın bazarında qiymətləri dalğalandıracaq

2 Avqust 2018 15:48 (UTC+04:00)

“Khazar” avtomobil markası Azərbaycan və İranın birgə istehsalıdır. Bu avtomobillərin qiyməti 14-16 min manat arası dəyişir. Bəs görəsən Azərbaycan maşınları bazardakı dəngələrə necə təsir edəcək?

Badamdar qəsəbəsində yerləşən maşın bazarında avtomobillərin alqı-satqısı ilə məşğul olan Gəray Hüseynzadə bildirir ki, yerli istehsalata maraq tədricən artacaq: “Bu maşınların bazara daxil olması xaricdən gələn maşınlara olan təlabatı istənilən halda təsir edəcək. Çünki bu avtomobillərin qiyməti xaicdən gətirilən markalara nisbətən xeyli ucuzdur. Müəyyən kateqoriya insanlar bu avtomobilləri alacaq ki, necə deyərlər, ayağını yerdən götürsün. Müştəriyə köhnə xarici avtomobil almaqdansa, yeni Azərbaycan maşını almaq hər baxımdan daha sərfəli görünəcək”.

Bəs, hal-hazırda maşın bazarında olan ümumi vəziyyət necədir? Bu sualı “Okean” avtosalonunun meneceri cavablandırdı:

“Əsasən yay aylarında maşınlara təlabat artır deyə, qiymətlər qalxır. Qış aylarında isə qiymətlərdə kəskin azalma olur. Bizim avtosalonda alıcıların hər birinə endirim olunur. 17 min manata olan avtomobilə 200-300 manat endirim edirik. Hazırda “Hundai” və “KİA” markalı maşınlara təlabat daha çoxdur. Bunun da səbəbi həmin avtomobillərinin qiymətinin həm daha sərfəli, həm də daha dözümlü olmasıdır. ”

Elə həmin avtosalonun qarşısında bir neçə maşın həvəskarından bazardakı qiymətlərə münasibət soruşduq. Fikirlər müxtəlif oldu.

Fərid Faiqoğlu:

“Qiymətlər bahadır. Yaxşı maşın ala bilmək üçün yaxşı gəlirin olmalıdır. Yoxsa belə alınmır”.

Elnur Süleymanov:

“Qiymətlər çox baha deyil. Hətta bazarda 3500 manata da maşın tapmaq mümkündür. Hazırda maşın almağa pulum yoxdur. İşləyib, pul yığıb, alacam”.

Elçin Abbasov:

“Qiymətlər normaldır, sadəcə zövqümə uyğun maşın tapa bilmirəm deyə almıram”.

Metexan Məmmədov

“Səbəb budur ki, öz maşınımı sata bilmirəm. Son zamanlar qiymətlər qalxıb, buna görə də hər kəs böyük motorlu maşınlardan uzaq qaçır. Hər kəs ekanom maşınlara üstünlük verir”.

Nigar Cəfər
AzNews.az