“Qadını Gəncədə diri-diri yandırdılar”- Dekandan bu “xəbər”i yayanlara sərt sözlər

2 Avqust 2018 17:16 (UTC+04:00)

Belə bir hadisənin Azərbaycanda yaşanması barədə DİN-in yaydığı kriminal xronikalarda da hər hansı məlumata rast gəlmək mümkün deyil. Budur, siyasi icmalçı Yeganə Hacıyeva deyir:

“Gəncədə mağazada baş verdiyi iddia olunan videonu bir neçə il bundan öncə mən şəxsən izləmişəm. Səhv etmirəmsə Asiya ölkələrindən birində baş vermişdi və Asiya İnsan Haqqları müdafiəsi təşkilatlarının şəbəkəsi bununla bağlı xüsusi aksiya da aparmışdılar. İnsan haqqları müdafiəsi təşkilatları ilə beynəlxalq səviyyədə əlaqələri olan şəxslər bunu təsdiqləyə bilər . Ancaq əsas məsələ bu deyil .

Video görüntülərdəki yandırılan qadının hicablı olmasını diqqətə alsaq , keçən ay Gəncədə dini zəmində baş verənlərin fonunda , bu hadisənin indi Gəncədə baş verdiyini iddia etmək aydındır ki , təsadüfi deyil və təxribatdır . Hal hazırda dünyada geniş yayılmış , xüsusi xidmətlərin apardığı hibrid müharibə adlandırılan informasiya müharibəsində təxribat üsullarından biridir . Diqqət yetirsəniz görüntüləri mağazada müşahidə kameralarının çəkdiyi , texniki göstəricilərə görə isə müşahidə kameralarının ancag görüntüləri əks etdirə bildiyini nəzərə alsaq aydın olur ki , bizim dildə ifadələr sonradan videoya əlavə edilib .

Bu dezinformasiyanı yerli media vasitəsi ilə və ya sosial şəbəkələrdə tirajlamaq isə bunu planlayanların və həyata keçirənlərin işini asanlaşdırmaqdır .

Lütfən bu tip təxribatlara alət olmayaq!”

Dezinformasiya nədir?

Dezinformasiya fərdləri, cəmiyyətləri istiqamətləndirmək məqsədilə yanlış məlumat vermək və ya həqiqətləri gizlədərək əskik məlumat verməkdir. Bu mediada, siyasətdə, iqtisadiyyatda, idman və hərbi sahələrdə tez-tez istifadə edilən psixoloji müharibə metodudur. Çox təəssüflər olsun ki, Azərbaycan mediasındakı reytinq həvəskarlığı peşəkar maraqları üstələyir və dezinformasiyalar bəzən hətta nüfuzlu KİV-lər tərəfindən tirajlanır.

BDU-nun jurnalistika fakültəsinin dekanı nə deyir?

Bu məsələ barədə əməkdaşımıza Bakı Dövlət Universitetinin dekanı Vüqar Zifəroğlu xüsusi açıqlama verib:

“Dezinformasiya hallaının olması təbii ki, arzuolunan deyil. Çünki burada söhbət cəmiyyəti yanlış istiqamətə yönəltmək məqsədi daşıyır. İnformasiya müharibəsi şəraitində olan ölkələrə tez-tez bu cür dezinformasiya müdaxilələri edilir. Bu faktı yada salım. Hələ 2014-cü ilin avqust əməliyyatları olduğu zaman bizim bəzi saytlarımız erməni təxribatının təsirinə düşmüşdü. O zaman “İhvan” hərəkatına qarşı baş vermiş döyüşlərdə öldürülmüş və məscidə yığılmış insan cəsədlərinin şəklini Ağdama aid etmiş, “şəhidlərimiz” başlığı ilə təqdim etmişdilər. O zaman bu çox ciddi bir çaşqınlığa səbəb olmuşdu. Amma bu çox müsbət bir haldır ki, peşəkar ekspertlər, Yaxın Şərqlə maraqlananla, elə mənim özüm də bu haqda yazdıq ki, əslində digər media orqanlarında yayımlanmış bir şəkildir. Hətta onun ekran görüntüsünü də saytlara vermişdik. Yəni burada bu cür manipulyativ məqamlardan istifadə edərək əslində dağıdıcı məqsəd qoyublar qarşılarına. Hər halda özünə “peşəkar” deyən jurnalist, peşəkar xəbər saytları informasiya ilə iş prinsipini bilməlidirlər. Peşəkar jurnalist informasiyanın müxtəlif mənbələrdən dəqiqləşdirilməsi, faktlara yanaşılması, dezinformasiyanın ayırd edilməsi kimi məsələlərə ciddi yanaşmalıdırlar. Amma açıq danışsaq, bu gün informasiya portallarının və orada çalışanların bir çoxunun jurnalistika təhsili yoxdur. Nəticədə bu cür neqativ məqamlar ortaya çıxır. Düşünürəm ki, bunun qarşısını almağın elə ən birinci və təsirli yolu media orqanlarında çalışanların az da olsa müvafiq sahədə təhsili görmələri, heç olmasa treninqlərinə qatılmalarıdır. Çünki məqsədli şəkildə onlardan dövlətimizi, millətimizi hədəf alıb istifadə edə bilərlər. Nəticədə onların etdikləri “düşmən əlində bir silah”a çevrilə bilər”

Səidə NURMƏMMƏDLİ