“Türkiyənin Ermənistanla sərhədini açması FETÖ-nün planıdır” - CXP lideri

3 Avqust 2018 15:53 (UTC+04:00)

Yazıda “Erməni tərəfi həmişə ön şərtsiz diplomatik əlaqələrə başlamaq və sərhədləri açmaq istəyirdi. Amma Türkiyə buna həmişə “sən soyqırım istəyirsən” deyib və ön şərtlər irəli sürüb. Türkiyə və Ermənistan münasibətlərinin yenidən bərpa olunması üçün Türkiyə mövqeyini dəyişdirməlidir” deyilir.

Bununla bağlı AzNews.az saytına danışan Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev bildirib ki, Türkiyənin dövlət rəsmiləri Dağlıq Qarabağ problemi həll olunana qədər Ermənistanla sərhədləri açmamaq barədə dəfələrlə bəyanat veriblər:

“2010-cu ildə Türkiyə ilə Ermənistan arasında olan danışıqlarda bu məsələ çox ciddi şəkildə müzakirə olunub. Danışıqlar prosesində sülh protokolları da var idi. Hətta ümumi razılığa da gəlinmişdi. Bu səbəbdən Azərbaycan və Türkiyə arasında gərginlik yarandı. Xatırlayırsınızsa, Türkiyədə futbol meydançasında Azərbaycan bayrağını endirdilər. Bütün bunlar FETÖ-nün planı, FETÖ-nün işi idi. Görünür, FETÖ həmin xətti “Cümhuriyet” qəzetindəki simpatizanları vasitəsi ilə davam etdirmək istəyir. Həmin ərəfədə Türkiyənin ana müxalifət partiyasının sədri Kamal Qılıncdaroğlu ilə görüşdüm və bu məsələni qaldırdım. O vaxt Türkiyə öz rəsmi bəyanatında Dağlıq Qarabağ problemi həll olunana qədər sərhədləri açmayacağını bildirdi.”
B. Quliyev deyib ki, Azərbaycan xalqı bu mövzuda ayıq-sayıq olmalıdır:

“Əslində qalsa, bu, Azərbaycana qarşı böyük bir təzyiqdi və əgər danışıqlarda Türkiyə tərəfi razılığa getsə, Azərbaycanın mövqeyini zəiflətmiş olacaq. Bu da Ermənistanın indiki hakimiyyətinin güclənməsinə gətirib çıxaracaq. Buna görə biz Türkiyənin partiyaları ilə yenidən danışıqlara gedib mətbuatda Azərbaycan haqlarını müdafiə etməliyik.”

B.Quliyev Ermənistanı iqtisadi blokadadan çıxarmaq üçün bu cür yollara əl atıldığını vurğulayıb:

“Ermənistanı iqtisadi blokadadan azad etmək üçün kanal açmaq istəyirlər. Bunun üçün də Türkiyəni istifadə edirlər. Ancaq Türkiyə unutmamalıdır ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanın qardaş dövlətə də ərazi iddialar var. “Erməni soyqırımı” iddiaları ilə Ermənistan Türkiyənin əleyhinə olan bütün qüvvələrin əlinə kart verib”.

Pərvanə AĞAZADƏ
AzNews.az