AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Yaponiyanın mərkəzi hissəsində yerləşən Naqoya şəhərində termometrlərin civə sütunu son 128 ildə ilk dəfə müsbət 40,3 dərəcə selsi göstərib.
Qifu prefekturasının Mino-Siti şəhərində də günorta saatlarında müsbət 40,3 dərəcə selsi isti qeydə alınıb.
Bununla yanaşı, termometrlər Kioto şəhərində 38,9 dərəcə, Tokionun yaxınlığındakı Fuçu şəhərində isə 38 dərəcə isti olduğunu göstərib.
Sinoptiklərin bildirdiyinə görə, təhlükəli isti hava dalğası heç də geri çəkilmək niyyətində deyil. Həftənin şənbə günü Kiotoda 39 dərəcə, Qifu, Kofo şəhərlərində və Tokionun mərkəzi hissəsində 38 dərəcə isti olacağı proqnozlaşdırılır.
AzNews.az