“Sosial şəbəkələrə yaş senzi tətbiq olunmalıdır” - Psixoloq

6 Avqust 2018 11:53 (UTC+04:00)

Mövzu ilə bağlı uşaq və yeniyetmə psixoloqu Murad Akifsoyla çay söhbəti etdik. AzNews.az həmin müsahibəni təqdim edir.

- Əvvəlcə, belə bir sualla başlayaq: uşaq kimdir və onun psixologiyası necə formalaşır?

- Hazırda valideynlərin uşaqlara qarşı mükəmməlliyyətçi münasibəti mövcuddur. Onlara müəyyən işlərin görülməsi tapşırılır, lakin nə üçün etməli olduqları haqqında cüzi anlayış belə formalaşdırılmır. Uşaqlarda “mən bunu niyə etməliyəm?”, “sən mənə bunu niyə tapşırırsan?” sualları yoxdur. Müəyyən yaşdan sonra, hansı ki, bu yaş getdikcə azalır, uşaqların əlinə telefon düşən kimi sosial media hesabı açıb istifadə etməyə başlayırlar. Bu zaman da onların üstünə hər tərəfdən bir külək əsir: dindən, ateizmdən, millətçilikdən və s. Daha sonra da uşaqlar bu informasiyaları düzxətli olaraq qəbul edirlər. Çünki sorğu-sual etməmək ailənin əsasını qoyduğu təhkimçilikdən gəlir. Sorğulamaq onlara ailə tərəfindən aşılandıqdan sonra bir həyat tərzinə çevrilir, bu edilməyibsə, nəticə də ürəkaçan olmur.

Dövrümüzdə valideynlərin uşaqlar üzərindəki məsuliyyəti özünü daha çox onları qəşəng geyindirmək, yayda müxtəlif lazımsız kurslara göndərmək, onların beyinini doldurmaq, tətillərini əllərindən almaq formasında göstərir.

- Belə deyə bilərik ki, insanlarda sosial mediaya ilk ehtiyac təhkimçilikdən doğur? Onlar özünə azad yer tapmaq üçün sosial mediaya qaçırlar?

- Fikir verirsinizsə, sosial mediadakı yeniyetmələr, gənclərdə özünütəsdiq problemi olur. Bu, bir növ Adlerin “natamamlıq kompleksi”nə gedib çıxır. Lakin bu mənə görə cılız bir formadır. Onlar özünütəsdiq üçün populyarlaşmaq istəyirlər. Əvvəllər burada gülüş obyekti yaratmaq kimi metodlar var idisə, indi daha çox dəyərlərin üzərinə oynamaq, onları tənqid, bəzən də təhqir etmək üsulları formalaşır. Bəziləri gündəmdə qalmaq üçün üzr istəyir, kütləni özünə cəlb edir, digərləri isə eyni yolda davam edirlər. Məsələn, “Bizim mentalitet” səhifəsi var, Facebook-un 60-70%-i onların əlindən cana gəlib. Bildiyim qədərilə, onun da idarəçisi yeniyetmədir. Belə yerlərdə pozitivlik fon olaraq götürülür, “niyə pozitiv olmalıyıq?”, “neqativliyin nəyi pisdir?” kimi sualların cavabı verilmir.

- Bəs sosial medianın uşaqlara təsiri nə vaxtdan başlayır?

- Məncə, bu, uşaqların danışmağa başladığı vaxtdan start götürür. Çünki valideynlərinin əlində daim telefon görürlər. Ata Facebook-da nəsə oxuyur, ana İnstagram-da videoya baxır. Daha dəqiq desək, məktəbəqədər yaşdan – 3 yaşdan təsir başlayır.

- Valideynlərin uşaqların adı ilə sosial şəbəkədən istifadə etməyi məsələsinə gələk. Sizcə, onların uşaqların adından sosial media hesabı açmaları nə dərəcədə doğrudur?

- Bu, valideyn eqoizminin başqa bir formasıdır. Bəlkə, uşaq böyüdükdən sonra sosial mediadan heç istifadə etmək istəməyəcək? Uşaq orada paylaşılan fotoların hamısını xoşlayırmı? Bu, müəyyən müddətdən sonra valideynlərin haqq tələb etməsi məsələsinə də çevrilə bilər: mən uşaqlıqdan sənin fotolarını toplamışam, paylaşmışam və s. Sosial media bir arxivdir, valideynlərin bütün paylaşımları orada toplanır və uşaqlar müəyyən yaşa çatdıqda bunu görüb, anlayacaqlar. Bu zaman uçurum yaranır: valideyn özünü sosial şəbəkədə çox yaxşı göstərib, amma mənim “günümü qara eləyib”.

Təklif edirəm ki, cinayət məsuliyyətlərinə valideynlər də cəlb olunsun. Çünki onları yetişdirənlər valideynlərdir. Mənə görə, pis uşaq yoxdur, tərbiyə etməkdə çətinlik çəkən valideyn var.

- Bəs pozitiv yöndən yanaşmaq mümkündür?

- Xatirələri paylaşmaq istəmələri ola bilər, lakin bunun üçün öz hesablarımız kifayət edir, uşaqların adından profil açmağa ehtiyac yoxdur. Bəzən onlar reklama da qoyulurlar. Məqsəd uşağı model etməkdirsə, bu da təhkimçiliyin bir növüdür.

Reklamdan gələn pul uşağın hesabına ötürülməli, müəyyən yaşdan sonra bundan istifadə edə bilməlidir. Bu, onun haqqıdır, çünki uşaq valideynin mülkü deyil.

- Uşaq hüquqları və sosial media problemlərindən danışaq.

- Bizdə uşaqlar yalnız ayaq görürlər! Ata, ana, qohumlar və s.-in ayaqlarını görürlər. Yəni onlar uşaqlarla danışarkən əyilmirlər, eyni boy hizasında olmurlar. Sosial mediada isə bütün valideynlər özlərini yaxşı təqdim etməyə çalışırlar, onlar gününü uşaqlara sərf edirlər və s. Ona görə də, sosial media özünüzü gizlətmək üçün yaxşı pərdədir. Şəhərdə uşağını itirmiş valideyn görmüşəm, xəbəri olmayıb ondan, amma sosial şəbəkələrdə hər şey normaldır.

- Uşaqların hüquqlarını qorumaq adından da olsa, onların şiddət gördüyü foto və videoları üzə çıxarmaq hansı dərəcədə doğrudur?

- Bu, cəmiyyətdəki problemləri göstərmək, maarifləndirmək və s. baxımından olsa da, uşağın özü üçün müsbət hal deyil. Uşaq onsuz da həmin hadisə vaxtı travma alıb, daha sonra onu dəfələrlə görəcək və pis olacaq, utanacaq. Sosial durumu göstərmək üçün bu, müsbət hal sayıla bilər, lakin iki yanaşma özünü göstərir: biz cəmiyyətə yönəlməliyik, yoxsa şəxsiyyətə? Mənə görə, həmin görüntülərin uşaq hüquqları baxımından yayılmaması isə daha yaxşı olar. Bu zaman müxtəlif metodlardan da istifadə etmək olar: mozaika, üzün göstərilməməsi, adın dəyişdirilməsi, şərti ad qoyulması və s.

- Sizcə, sosial mediada yaş senzi olmalıdır?

Bəli. Məncə, bu 15 yaşa qədər qadağan olunmalıdır. Çünki inkişaf dövrlərində müxtəlif məşğuliyyətlər əsas olur. Məktəbəqədər dönəmdə oyunlar, məktəb dönəmində isə təlim fəaliyyəti. Təlim dövründə müxtəlif oyunlar, valideynlərin uşaqlar üçün seçdiyi, maarifləndirici, şiddət təşkil etməyən cizgi filmlərə də icazə verilə bilər. Sosial şəbəkələrdəki informasiya çoxluğu isə həmin yaşa qədər onlara təsir etməməlidir.

- Sosial mediadakı saysız-hesabsız informasiya bumu arasında uşaqların özlərinə daha faydalı olanları seçməsi ilə bağlı hansı tədbirlər görülməlidir?

- Sosial şəbəkələrin özləri bu informasiyaları seçməlidirlər. Hər paylaşıma müəyyən yaş həddinə görə süzgəc tətbiq edilməlidir. Bu, sosial media vasitələri üçün böyük problem deyil. Lakin yalançı yaş həddi məsələsi də özünü göstərə bilər. Ona görə, sosial şəbəkə hesabları rəsmiləşdirilməlidir. Bu halda istifadəçilər hər biri məsuliyyət daşıyacaqlar. Facebook artıq bu işə başlayıb. Bütün günü status paylaşan, spam tipli profilləri bloklayır. Bir insan səhərdən-axşama sosial şəbəkədə necə otura bilər? Onun işi yoxdurmu? Varsa, müdir ona nəzarət etmirmi? kimi məsələlər qaldırılmalıdır.

- Gələk müharibə şəraitində uşaqların sosial mediada təmsilinə. Məsələn, Ermənistan hərbi qüvvələri tərəfindən qətlə yetirilmiş balaca Zəhranın qanlı fotolarının paylaşılması doğru idimi?

Nəzərə almaq lazımdır ki, bəzi insanlar həmin paylaşımı görüb travma ala bilərlər. Həssas, hansısa bir xəstəliyi olan valideynlər var, onlar həmin görüntüləri izlədiyində durumları heç də yaxşı olmaya bilər.

- Bəs bu məsələyə fakt kimi yanaşdıqda necə olur? “Xocalı faciəsindəki görüntüləri də, bunları da paylaşmasaq, əlimizdə sübut olmaz” – deyə, düşünmək mümkündür?

- Mənə belə gəlir ki, söhbət nəyi paylaşmaqdan yox, necə paylaşmaqdan gedir. Burada fotonun hər yerdə paylaşılmasından çox, onun təbliğatını yaxşı qurmaq, lobbiçilik əsas yer tutmalıdır.

- Məktəblərdə sosial media dərslərinin aparılmasına necə baxırsız? Şagirdlərə sosial media öyrədilməsinə başlamaq nə qədər faydalı olar?

- Məktəblərdə təhsil ürəkaçan deyil. Məsələn, İnsan və cəmiyyət dərsləri nəyə xidmət edir? Bəzən heç keçilmir də. Onun yerinə şagirdlərə Psixologiya tədris oluna bilər. Sosial media, mediadan istifadə, ictimaiyyətlə əlaqələr kimi mövzular da məktəbdə öz yerini tapmalıdır. Bunun üçün ən unikal vaxt da 10-cu sinifdir. Çünki daha əvvəl uşaqların sosial mediadan istifadəsi üçün 15 yaşı məsləhət görmüşdük. 11-ci sinifdə şagirdlərin imtahan həyəcanları çox olur deyə, məncə, sosial media dərslərinin tədrisinin bir il olması kifayətdir. Həmçinin bu, təkcə məktəblərdə yox, universitetlərin bütün fakültələrində də keçilməlidir – hər kəsə. Burada dərslər sosial medianın texnikası yönündən yox, hüquqi, psixoloji, sosioloji aspektləri ilə aparılmalıdır.

- Bu gün Azərbaycanda uşaqlar və onların hüquqlarının sosial mediada təmsilindəki problemlər və perspektivlər nələrdir?

- Məsələn, mən seanslarda uşaqlarla şəkil çəkdirməyi xoşlamıram. Müəyyən hallar yarandıqda isə onlardan icazə alaraq bunu edirəm. Amma psixologiya sahəsində hər yerdə bu belə deyil. Ortaya uşaqların fotosundan çox, görülən işin nəticəsini, statistikanı qoymaq lazımdır. Onlardan marketinq məsələlərində, müştəri toplamaq üçün istifadə olunur. Müəyyən qrup halında, şənliklərdən və s. fotolar paylaşmaq olar, amma hər seansda bu olmamalıdır.

Gələcəyə baxışda isə valideynlərlə uşaqları necə paylaşması ilə bağlı maarifləndirmə işi aparılmalı, “Psixoloji xidmət haqqında” Qanun qəbul edilməli, valideynlərin uşaqları sosial mediada təmsilinə diqqət yetirilməlidir. Məsələn, sosial şəbəkədə yeməklərin paylaşılması. Gündəlik yemək rasionunda kartof, şorba görmüş uşaqlar ata-anasının telefonunda kabab görürlər. Bu da problemdir, hissləri böyümədən istəkləri böyüyür, istehsaldan əvvəl istehlaka öyrəşirlər. Əvvəlcə, maddi, daha sonra mənəvi olaraq hər şeyi qəbul etməyə başlayırlar, baryer olmur.

Ailədə rəqabət mühitində istəklər də belə formalaşır: bacı dondurma yedi, mən də istəyirəm. “Mənmi istəyirəm, yoxsa, o, yeyir deyə istəyirəm?”, bu, bilinmir. Bu isə getdikcə mənfi durum yaradır. Bunun üçün də mahiyyət izah olunmalıdır.

Nurlan AĞA