Sevgilinizin şifrəsini sındırmağa dəyərmi?

6 Avqust 2018 14:27 (UTC+04:00)

Qısqanclıq bəzən aşırı şübhə gətirir. Bu şübhələri yox etmək ya da təsdiq etmək üçün bəzən insanlar sevdikləri şəxslərin şəxsi profillərinin sındırılması üçün İT mütəxəssislərinə müraciət edirlər.

Kiminsə şəxsi profilini sındırmaq cinayətdir

Bunu AzNews.az-a açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O həm də qeyd edib ki, İT sahəsində bilikləri yetəri qədər olan şəxslər üçün profillərin sındırılması bəsit işdir. Bunun qarşısını almaq üçün güvənli şifrələrdən istifadə etmək, elementar təhlükəsizlik qaydalarına riayət etmək və şəxsi profilinizə başqa kompütelərdən girdikdə profilinizdən çıxış vermək lazımdır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə başqasının məlumatlarını, fərdi informasiyalarını ələ keçirmək cinayətdir.

Bəs görəsən profillərin sındırılması ilə bağlı İT mütəxəssislərinə müraciət edirlər?

Texnousta telefon və kompüterlərin təmiri mağazasının İT mütəxəssisi Nicat Məmmədov:

Mənə bu mövzuda müraciətlər çox az hallarda olur. Çünki mənim əsas müştərilərim tanışlarım, onların məsləhət gördüyü insanlar və facebook dostlarımdı. Elə şəxslər çox vaxt tanımadıqları şəxslərə müraciət edir ki, bu əməlləri gizli qalsın. Profillərin sındırılması demək olar mümkün deyil və bunu etmək də qeyri qanunidir.

West telecom telefon mağazasının İT mütəxəssisi Qafar Əhmədov:

Belə müraciətlərlə bağlı daha çox kişilər yaxınlaşır, xanımlar yox. Profillərin qırılması iPhone telefonlarında daha asandır. Kimsə iCloud və parolu bilirsə, o telefondakı bütün informasiyaya çıxışı var deməkdir. İnstagram parolunu sındırmaq üçün sizin instagram hesabınıza giriş edilmiş telefonu 2 dəqiqə əldə saxlamaq kifayətdir. Siz telefonu mənə versəniz, mənə 30 saniyə də kifayətdir ki, sizin instagram hesabınızı sındırım. Facebook profilini sındırmaq demək olar ki, mümkün deyil. Qeydiyyatdan keçirilən nömrəyə çıxış yoxdursa whatsapp da web vasitəsilə skan edilərək izlənilir. Bundan başqa pullu programlar var ki, telefonda hər şeyi kopya edib, digər telefona atır. Qanunvericiliyi dəqiq bilmirəm amma düşünürəm ki, qeyri qanuni işdir.

Mövzu ilə bağlı psixoloq Səbinə Bayramovanın da fikirlərini öyrəndik.

O bildirdi ki, bu şübhələrə daha çox qadınlar düşür: “Onlar nələrdənsə şübhələnirlər və araşdırmağa başlayırlar. Belə bir deyim var “qadınlar cavabını bilmədikləri sualı verməzlər”. Cavabını bildikdən sonra isə sual vermək əslində o münasibətə yeni bir şans vermək istəməsidir qadının. Belə hallarda kişilər səmimi olub, düzgün cavab versələr bağışlanma ehtimalları daha böyükdür. Bu kimi hallar əsasən sağlam olmayan münasibətlərdə, evliliklərdə baş verir. Buna görə də tərəflər tez evlənmək əvəzinə, bir-birini daha yaxşı tanımağı seçməlidirlər. Bunun başqa bir səbəbi isə özgüvənsizlikdir. Münasibətdə hər iki tərəf bir-birinə güvən verməlidir. Güvən olmadıqda iki tərəf də “məndən daha yaxşısını görə, məni tərk edəcək” düşüncəsində olacaq”.

Nigar CƏFƏR
Aznews.az