Vergilər nazirliyi yüzminlərlə saxta araq aşkarladı, Mikayıl Cabbarov şərab zavodlarında post qurdurdu

6 Avqust 2018 15:00 (UTC+04:00)

Bu barədə məlumat AzNews.az saytına Azərbaycan Respublikasının Vergilər Nazirliyindən daxil olub.

Məlumatda daha sonra deyilir: “Əldə olunmuş nəticələr dəstərir ki, alkoqollu içkilərin istehsalı ilə məşğul olan bəzi vergi ödəyiciləri tərəfindən istehsalın həcminin gizlədilməsi, saxta aksiz markalarından istifadə etməklə istehlak bazarına qeyri-qanuni məhsulların çıxarılması, aksiz markalarının dəyişdirilməsi hallarına yol verilir. Belə ki, bu müəssisələrdə şərab istehsal olunmadığı halda, xarici görünüşünün fərqlənməməsindən yararlanaraq, şərab məhsulunun üzərinə vurulduğu bəyan edilən aksiz markaları (vergi dərəcəsi 1 litr üçün 10 qəpik) vergi dərəcəsi 20 dəfə ondan çox olan araq şüşəsinin üzərinə yapışdırılaraq satışa çıxarılır. Həmçinin, istehsal prosesində kiçik həcmli (100 qr. və 250 qr.) şüşə tarasından istifadə olunduğu bəyan edilsə də, reallıqda aksiz markaları daha böyük həcmli taralara yapışdırılır”.

Nazirlik hesab edir ki, aksiz markalarından qanunsuz istifadə edilməsi və saxtakarlığa yol verilməsi istehsal olunmuş tünd alkoqollu içkilərin bəyan edilmiş həcmdən bir neçə qat artıq miqdarda istehlak bazarına daxil olmasına və on milyonlarla manat məbləğində vergidən yayınmalara gətirib çıxarır:

"Göstərilən halların qarşısının alınması üçün Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı ilə məşğul olan vergi ödəyicilərinin istehsal obyektlərində aksiz - nəzarət postlarının qurulması ilə bağlı qərar qəbul edib".

Vergilər Nazirliyi spirtli içki istehsalçılarına və satıcılarına sonuncu dəfə xəbərdarlıq edərək, onları aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırır. Bu halda könüllü bəyanetmə qanun pozuntusu üçün nəzərdə tutulmuş məsuliyyətin müəyyənləşdirilməsi zamanı yüngülləşdirici hal kimi nəzərə alınacaq. Eyni zamanda, diqqətə çatdırlır ki, bütün topdan və pərakəndə satış əməliyyatları mütləq qaydada elektron vergi hesab-fakturaları vasitəsilə rəsmiləşdirilməlidir”.

Nigar CƏFƏR
AzNews.az