Görən, Duqin hansı razılaşmadan danışır?..

7 Avqust 2018 09:10 (UTC+04:00)

N.Paşinyan “dairədə qalacağı” və “ayağını cızıqdan çıxarmayacağı” haqda Kremlə təminat verməyə çalışdı, amma digər məsələdə vədinə xələf çıxdı – Köçəryanı həbs etdi, general Xaçaturovu məsuliiyətə cəlb etdi, artıq S.Ohanyanın da həbs olunacağı haqda söhbətlər gəzir.

Məsələ bu yerə çatanda artıq Kreml dözə bilmədi. Xarici işlər naziri S.Lavrov N.Paşinyanı bir daha mitinqlər zamanı verdiyi vədləri xatırlamağa çağırdı, Kremlin “danışan dilləri”ndən biri – A.Duqinsə daha kəskin reaksiya verərək N.Paşinyanı “ağlını başına yığmayacağı təqdirdə” devirməyə səslədi...

İndi ən maraqlısı odur ki, Kreml yeni əfsanə - “Sarkisyan əfsanəsi” quraşdırmaqdadır və bu istiqamətdə ən çox canfəşanlıq edən yenə həmin Duqin cənablarıdır.

Bu adam “məxməri erməni inqilabı”nın ilk günlərində qətiyyən danışmırdı, görünür, bu xüsusda Kremldən tapşırıq daxil olmamışdı, indi isə dil qəfəsə qoymur və az qala, gündə bir bəyanat verir.

Nə deyir A.Duqin? Guya ki, S.Sarkisyanın apardığı siyasət Kreml üçün də, Bakı üçün də daha anlaşıqlı idi. Guya Sarkisyanla beş rayonun qaytarılması haqqında razılıq əldə olunmuşdu və rayonlar bu gün –sabah qaytarılmalı idi...

Vəziyyət həqiqətənmi belə idi? Əlbəttə ki, yox. Bəli, Putin - Lavrov planı deyilən cəhdlər olmuşdu və ortaya paket variantı ilə mərhələli həll variantını birləşdirəcək bir ssenari qoyulmuşdu.

Amma bəlli olduğu kimi, tərəflər Dağlıq Qarabağa veriləcək “aralıq status” məsələsində razılaşmadılar. Belə ki, Bakı həmin statusun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan isə əksinə, onun elə bəri başdan Azərbaycandan kənarda verilməsini tələb etdi.

Nəticədə də razılıq əldə olunmadı və daha sonra proses növbəti hərbi eskalasiya mərhələsinə qədəm qoydu və hətta Ermənistanda “İsgəndər”lər peyda oldu ki, bunun da kimin sayəsində baş verdiyini bir daha qeyd etməyə lüzum yoxdur, çünki hamıya bəlli məsələdir.

O ki qaldı cənab S.Sarkisyanın “daha aydın siyasət” yürütməsinə, bəli, aydınıq vardı, amma ki, neqativ mənada– aydın idi ki, Sarkisyanın dövründə heç bir razılıq əldə olunmayacaq və nəticəsiz danışıqlar davam edəcəkdir.

Kreml üçün bu da sərf edən ssenari idi. Ona görə ki, onu məsələnin belə davam etməsi də qane edirdi. Elə bu səbəbdən də indi “Sarkisyan əfsanəsi”ni düzüb qoşmaqla məşğuldurlar.

Halbuki Sarkisyan düz iki müddət prezident olmuşdu və bu müddət ərzində zərrə qədər olsun, ümid yaranmamışdı ki, bəs Dağlıq Qarabağ problemi “ölü nöqtə”dən tərpənə bilər. İddia etmirik ki, indi belə ümid yaranıbdır – yox, Paşinyanın da sərsəm, ziddiyyətli bəyanatları dəqiq və səlis təxminlər üçün yer qoymur.

Amma bütün hallarda yeni situasiya yaranıb və hamı diqqətlə onun inkişafını gözləyir. İstər Ermənistan – Rusiya münasibətlərində, istərsə də Azərbaycan - Ermənistan müstəvisində müəyyən dəyişikliklər olmalı və nəsə yeni bir siyasi konstruksiya yaranmalıdır.

Amma nə? Təəssüf ki, birmənalı proqnozlar vermək olmur. Bütün hallarda, Ermənistanın Qərblə təmaslarının qismən intensivləşəcəyi gözlənir. Rusiya ilə münasibətlərdə də dəyişiklik olacaq, ona görə ki, Rusiyanın bu ölkəyə kreditlə satdığı silahlardan atəş açmaq olur, amma onlardan lavaş bişirmək olmur.

Paşinyan ağıllı siyasət adamından daha çox emosional dılğır təsiri bağışlayır. Amma burada bir neçə nüans var. Birincisi, o, R.Köçəryan, S.Sarkisyan, S.Ohanyan və digərləri kimi hərbi cani deyil, ən azı onun siyasi bioqrafiyasında bilavasitə müharibə ilə bağlı məqamlar yoxdur.

İkincisi, Ermənistanda da praqmatik düşüncəli insanlar var, məsələn, bu adamlardan biri daim qeyd etdiyimiz eks-prezident L.Ter-Petrosyandır və Paşinyan daxili siyasi vektorlardan hələki yalnız onunla məsləhətləşmələr aparıbdır, üstəlik, belə görüşlərin davam edəcəyini və genişlənəcəyini vəd edibdir. Üçüncüsü, emid edirik ki, N.Paşinyan da bir məsələnin fərqindədir: insanların çoxu üçün “məxməri inqilab” adicə bir hakimiyyət dəyişilikliyi deyil, insanlar kardinal dəyişiklikərin intizarında bulunurlar.

Dəyişikliklər isə ilk növbədə sosial–iqtisadi sferanı əhatə etməlidi. Amma bu, region dövlətlərilə, xüsusən də Azərbaycan və Türkiyə ilə münasibətləri kardinal şəkildə dəyişmədən mümkündürmü? Ola bilsin ki, Paşinyan hələ də “alternativ çıxışlar”ın mümkünlüyünə inanır. Amma belə “alternativlər” varmı? Şəxsən biz onları görmürük...

Hüseynbala Səlimov