Gimnastlarımızın Qdanskdakı qələbəsi

27 Mart 2013 11:27 (UTC+04:00)
Azərbaycanlı gənc gimnastlar Polşanın Qdansk şəhərində keçirilən "Baltika Kuboku" beynəlxalq turnirində 5 qızıl mükafat qazanıblar. Bu barədə Azərbaycan Gimnastika Federasiyasından mətbuata verilən məlumatda bildirilir.


Məlumatda qeyd olunur ki, 5 qızıl medaldan 3-nü 13 yaşlı bakılı idmançı Züleyxa İsmayılova qazanıb. O, əvvəlcə özünü gürz və lentlə olan hərkətlərdə yaxşı göstərib və çoxnövlülük üzrə qalib olub.

Gimnastika Federasiyasından daxil olan məlumatda bildirilir ki, fərdi çıxışlarla yanaşı, Züleyxa ölkənin gənc gimnastlarından təşkil olunan komanda da çıxış edib. Komandanın əsas məqsədi 31 may - 2 iyun tarixlərində Avstriyada keçiriləcək Avropa turnirinə hazırlıqdır. Nilufər Niftəliyeva, Gülsüm Şəfizadə, Səbinə Hümbətova, Aynur Mustafayeva və Emiliya Bağıyevaya Polşa arenasında çıxış üçün 2,5 dəqiqə ayrılıb və onlar həm çoxnövlülükdə, həm də finalda ilk pilləni qazanıblar.

Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyevanın sözlərinə görə, hər bir turnirlə qızların özlərinə inamı artır və onların çıxışlarında inkişaf müşahidə olunur.
"Hesab edirəm ki, həftəsonu Tyedəki Qran-Pridə və aprelin əvvəlində Lissabonda keçiriləcək dünya kubokunda da tamaşaçılar onları səmimi qəbul edəcəklər", - o bildirib.

Bununla yanaşı, Almaniyanın Kottbus şəhərində idman gimnastikası üzrə beynəlxalq çağırış kuboku keçirilib. Yarışda azərbaycanlı idmançılardan təşkil olunan dördlük də iştirak edib.

Eldar Səfərov və Uğur Xəlilbəylinin 46 iştirakçı arasında ən yaxşı göstəriciləri, müvafiq olaraq, tirlərdə hərəkətlər üzrə 26-cı və sərbəst tapşırıq üzrə 27-ci olub. Şakir Şixəliev köndələn tirdə 28-ci, Ruslan Namazov isə üzüklərdə 38-ci nəticəni göstərib.

AzNews.az