Berti Foqtsdan şok açıqlama: “Təyyarəni səhv göndərmişdilər”

27 Mart 2013 11:28 (UTC+04:00)
DÇ-2014-ün seçmə mərhələsinin Lüksemburqla oyunundan (0:0) sonra Bakıya qayıdan Azərbaycan millisi xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının xəbərinə görə, bu barədə Almaniya mətbuatına açıqlamasında yığmamızın baş məşqçisi Berti Foqts məlumat verib.

Foqts bildirib ki, Lüksemburqdan Bakıya uçarkən narahatçılıq keçiriblər. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətini Vətənə gətirən təyyarə çox darısqal imiş və futbolçular belə şəraitdə istirahət etmək imkanından məhrum olublar.

Almaniyalı jurnalistlər problemi bir az da şişirdib, bəzi futbolçuların hətta salonun döşəməsində yatdığını iddia edirlər. Lakin Foqts bunu anlaşılmazlıq kimi qələmə verib: "Ehtimal edirəm ki, təyyarəni səhv göndərmişdilər. Belə şeylər inanılmazdır".

Foqts narazı olduğu klublardan yenə şikayətlənib: "Klublarda hazırlıq yaxşı səviyyədə deyilsə, bunsuz da keçinərəm. Orada çalışan bəzi məşqçilər seçmə oyunlara hazırlıq toplanışını da ləğv etdirmək istəyirdi. Onlar, deyəsən heç vaxt FİFA təqvimi haqda eşitməyiblər".

AzNews.az