Bu barədə AzNews.az-ın suallarını konfiliktoloq Əvəz Həsənov cavablandırır.
- Cənab Həsənov, sizcə, bu aksiylar Qarabağ klanının Paşinyan hökumətinə qarşı açıq hücuma keçmək cəhdidirmi?
- Paşinyan hakimiyyətə gələndən sonra Qarabağ klanına qarşı kampaniya aparır. Son 20 ildə, yəni müharibənin başlandığı dövrdən bəri prosesin önündə olmuş bir lideri həbs ediblər. Qarabağ klanı bu vəziyyətdə nə etməlidir? Əlbəttə, mübarizə aparacaq ki lideri azad olunsun. Ona görə Koçaryanın azad olunması üçün keçirilən aksiyalar çoxdan gözlənilirdi və qaçılmaz idi.
- Aksiyaların keçirilməsi Ermənistanın yeni rəhbərliyinə ümumxalq etimadsızlığı kimi dəyərləndirilə bilərmi?
- Paşinyan artıq Ermənistanın rəhbəridir və öz işini planlaşdırıb. Fikrimcə, aksiyaların səbəbi sırf etimadsızlıq məsələsi deyil. O, bir klana qarşı mübarizəyə başlayıbsa, həmin klan da özünü qorumağa və Paşinyana qarşı aksiyalara başlaması təbii haldır.
- Necə düşünürsünüz, Koçaryan və Paşinyan arasındakı əsas siyasi və şəxsi problemlər nədən ibarətdir?
- Koçaryan və Paşinyan arasındakı qarşıdurma martın 1-də baş verən mitinqlər zamanı latent fazadan çıxdı. Həmin mitinqlər zamanı Paşinyanı da həbs etmişdilər. Paşinyan isə faktiki olaraq o vaxtdan etibarən Koçaryanla düşmən idi və intiqamını almağa çalışırdı. Bütün problemlər məhz burdan qaynaqlanır.
- Koçaryan və Qarabağ klanı Paşinyanı devirə bilərmi?
- Koçaryanın və eləcə də Dağlıq Qarabağ klanının arxasında Moskva durur. Moskva əmr verib ki Paşinyana qarşı aksiyalara başlanılsın və daha da gücləndirilsin. Lakin Paşinyanı hökumətini devirmək asan məsələ deyil. Ermənistanda bu gün ümumiyyətlə həmin klana, yəni Qarabağ klanına rəğbət yoxdur, olsaydı, bəlkə də devirə bilərdilər. Ancaq təbii ki bu həmlələr hakimiyyəti böləcək. Hökumətdə yer tutmasalar belə, Paşinyanı məcbur edəcəklər ki Dağlıq Qarabağ klanından əl çəksin.
Pərvanə AĞAZADƏ
AzNews.az