“Bu müsahibədən sonra...” - Zəlimxan Məmmədli

8 Avqust 2018 16:53 (UTC+04:00)

Bunu “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli AzNews.az-a müsahibəsində dedi. Söhbəti təqdim edirik:

- "Borçalı" Cəmiyyəti Gürcüstanda yaşayan türklərə hansı formada kömək olur?

- Bir neçə istiqamətlərdə fəaliyyəti vacib hesab edirik. Problemlərin öyrənilməsi, çeşidlənməsi, müvafiq qurumların, içtimaiyyətin diqqətini bu problemlərə yönəldilməsi, Borçalı türklərinin (azərbaycan türklərinin) Azərbaycana və türk dünyasına tanıdılması, beynəlxalq qurumların diqqətini Gürcüstanda sayca ikinci toplum olan soydaşlarımıza yönəltmək, icmalaşma işinin vacibliyi və s. sahələr üzrə maarifləndirmə işi fəaliyyətimizdə əsas sahələrdir. Bir sıra humanitar layihəlerimiz isə artıq ənənə halını almışdır.

- Hazırda cəmiyyətin qarşısında hansı vəzifələr durur?

- Cəmiyyət yaxın 2 il üçün fəaliyyət istiqamətlərini sonuncu konfransımızda təsdiqləyib və o istiqamətdə fəaliyyət göstərəcəkdir. Sentyabrda son 9 illik fəaliyyətimizin məcmusu olan "Borçalı dastanı" kitabının təqdimatını edəcəyik. Bu kitabın gələcəkdə ən zəngin tədqiqat mənbəyinə çevriləcəyinə inanıram. Bu il Qurban bayramında soydaşlarımızla birlikdə olacağıq. Daha sonra Türkiyədə TÜRKSOY xətti ilə bir həftəlik Borçalı türklərini tanıtma proqramımız nəzərdə tutulub. "Borçalı" cəmiyyəti ətrafında süni yaradılmış və artıq iflasa uğramış hüquqi problemlərin həlli də yaxın dövr işlərimizdəndir. Gələn il isə yeni dönəm fəaliyyətimizin 10 illiyi ilə bağlı türk dünyası coğrafyası və Avropada olan QHT sektoru, eləcə də aydınların iştirakı ilə möhtəşəm zirvə toplantısı keçirməyi hədəfləmişik.

- "Elat" bayramlarından başqa "Borçalı" cəmiyyəti daha hansı böyük miqyaslı işlər görür?

- Elat bayramı artıq hamının etiraf etdiyi kimi, bu coğrafyanın ən unikal tapıntısı, kəşfidir. Artıq hamı arxayın ola bilər ki, 26 iyul "Elat" bayramı soydaşlarımızın kimlik bayramı kimi simgələşmiş, eyni zamanda, bölgədə barış və sülh bayramı kimi tanınmışdır. Onun üzərində məkrli oyunlar oynanılan adına baxmayaraq, artıq "Elat" milli birlik bayramı kimi əbədiləşmişdir. İkinci ən incə məqam isə beynəlxalq statusda iddialı 25 dekabr Gürcüstan türklərinin Həmrəylik bayramı təntənəsidir. Novruz bayramlarında təşkil etdiyimiz tədbirləri də yeniliklər sırasına daxil edə bilərik.

- Cəmiyyət qarşısında duran ən aktual proplem nədir?

- Sadaladığım məsələlərin hər birini əhəmiyyətli hesab edirik. "Borçalı" cəmiyyətinin Bakıya uçmaq üçün rəsmi təmsilçi kimi tanınması, eyni zamanda, Gürcüstanın Azərbaycanda diaspor təşkilatı kimi bilinməsi təşəbbüsümüzü vacib məqamlardan hesab edirik. Biz iki xalq, iki mədəniyyət, iki dövlət arasında hər iki tərəfin ortaq maraqlarının ifadəçisi olan bir canlı körpüyə çevrilməliyik. Fikrimcə, bütün bölgədə etnik separatçılığı durdurmağın vaxtıdır. Hər iki dövlətin ərazi bütövlüyünün təmini üçün bu modeli təqdir edirik.

- Borçalı cəmiyyətinin tutduğu prinsipial mövqeni dəstəkləməyən qüvvələr var. Xüsusən də bəzi xarici qüvvələrin Azərbaycanda bölücülük siyasətinə qarşı müntəzəm ictimai müqavimət göstərirsiniz. Buna görə hər hansı təzyiqlər olmur ki?

- Biz bəzi qonşularımızın din adı altında apardığı destruktiv xətti təqib edir, zaman-zaman bu bölücü düşüncənin bölgədə oturuşmasının gələcəkdə həm Gürcüstanı, həm də Azərbaycanı təhdid edə biləcəyini ehtimal edirik. Odur ki, iki dövlətin müvafiq qurumlarının bu sahədə əməkdaşlığı zəruridir. Bu müsahibədən sonra radikal dindarları himayə edən qüvvələrin nəzarətində olan sayt və gizli qruplaşmaların hay-həşir salacağını da ehtimal edirəm.

- Əvvəllər "Elat" bayramlarında media nümayəndələrinin Gürcüstana səfərini təşkil edirdiniz. Son illərdə belə səfərlər təxirə salınıb. Səbəbi nədir?

- Builki "Elat" bayramı günü "Elat yurdunu ziyarət" aksiyamıza könüllü olaraq qatılan media qurumları da oldu. Xüsusi avtobusla bir qrup jurnalist iştirak etdi. Bildiyiniz kimi, Gürcüstan iqtidarının "Elat" bayramı ətrafında yaratdıqları saxtakarıqlar ifşa mərhələsindədir. Medianı bu istiqamətdə tədqiqata dəvət edirəm. Tədqiqat jurnalistikamızda bir tənəzzül müşahidə etməyimə baxmayaraq, media nümayəndələrini hər zaman Borçlarını diqqətdə saxlamağa dəvət edirəm. Buyurun, öyrənin, dərin tədqiqatlar aparın. Biz də dəstək verməyə hazırıq.

- Bir zamanlar Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali məclisinin sədri olmusunuz. Bu partiyanın hazırki fəaliyyəti, passivliyi barədə nə deyə bilərsiniz, eyni zamanda, ilin əvvəlində Oqtay Gülalıyevin KXCP ali məclisinin üzvlüyündən çıxarılmasını nə ilə izah etmək olar?

- Aktiv siyasi fəaliyyətdə deyiləm. Həmçinin, partiyadaxili məsələlər barədə məlumatsız olduğum üçün heç nə deyə bilmərəm.

Elgün Mənsimov
AzNews.az