“Qonşu valyutaların ucuzlaşması manata təsir göstərməyəcək” - Vahid Əhmədov

8 Avqust 2018 17:05 (UTC+04:00)

Bəs görəsən lirə və rialın ucuzlaşması manata nə kimi təsir edə bilər?

Manatın ucuzlaşmağı üçün səbəb görmürəm

Bu sözləri AzNews.az-a açıqlamasında Deputat, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib: “Manatın ucuzlaşmasına səbəb o ola bilər ki, dünya birjasında neftin qiyməti kəskin ucuzlaşsın. Amma dünya birjasında neftin qiyməti çox yüksəkdir. Türkiyə və İranda milli valyutanın kəskin şəkildə ucuzlaşması qeydə alınır, bunun Azərbaycana heç bir mənfi təsiri olmayacaq. Bu ölkələrdən Azərbaycana mal idxal edən sahibkarlar üçün əlverişli olacaq. Bu ilin sonlarına kimi manatın taleyində təhlükə gözlənilmir. Dünya bazarında neftin qiymətinin yüksək olması manatın bahalaşmasına səbəb olmayacaq. Çünki manatın indiki qiyməti həm höküməti, həm Mərkəzi Bankı, həm də əhalini qane edir. Bəzi insanlar pullarını dollara çevirib saxlamaq istəyir, bu qınanılası hal deyil. Qonşu ölkələrdəki vəziyyət onları təşvişə salır amma narahatçılığa səbəb yoxdur. Bunu da qeyd edim ki, pullarınızı manat halında saxlamaq daha sərfəlidir. Çünki manatın əmanət dəyəri 12-14%, bəzi yerlərdə daha yüksək, dolların isə 2%-dir.

Nigar CƏFƏR
AzNews.az