“İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq” - Karen Veranyan

8 Avqust 2018 18:14 (UTC+04:00)

AzNews.az Palitranews.az-a istinadən xəbər verir ki, artıq ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ilk paketi rəsmi olaraq qüvvəyə minib. Qeyd edilməlidir ki, bu sanksiya zamanın ən sərt sanksiyası kimi dəyərləndirilir. Təbii ki, İrana qarşı sanksiyalar bu ölkə ilə ticarət əlaqələrində olan ölkələrə, xüsüsən də Ermənistana təsirsiz ötüşməyəcək. Ermənilərin «news.am» saytına açıqlama verən erməni ekspert Karen Veranyanın sözlərinə görə, gözlənilən vəziyyət potensial investorları artıq qorxuya salıb: «İrana qarşı ABŞ sanksiyalarının yenidən bərpası, əsasən, regionda Tehranla əlaqəli olan ölkələrə mənfi təsir göstərəcək».

Veranyanın fikrincə, bu vəziyyətdə Ermənistan iqtisadi cəhətdən daha çox zərər çəkə bilər. Çünki Vaşinqtonun İrana qarşı tətbiq etdiyi və tətbiq edəcəyi sanksiyalar, ikimərhələli xarakter daşıyır: «Bu, ilk növbədə, mühəndislik və informasiya texnologiyaları sahəsi üzrə işləyən şirkətlər üçün narahatlıq yaradacaq. İkincisi isə əlbəttə ki, daha çox vacib olan qaz və neft bazarına təsir göstərəcək». Erməni ekspertin sözlərinə görə, ABŞ sanksiyalarının ikinci bloku yalnız neft və qaz sahəsinə aid olduğundan Ermənistan üçün elə də böyük önəm kəsb etmir: «Bununla yanaşı, sanksiyaların Ermənistanla İran arasındakı ticarət dövriyyəsinə mənfi təsirindən İrəvanın əziyyət çəkəcəyini istisna etmirəm». Veranyana görə, sanksiyalar təkcə İran şirkətlərinə deyil, həm də İran ərazisində fəaliyyət göstərən bütün qurumlara şamil ediləcək.

Erməni ekspertin təxminlərinə görə, bütün bunlar bu yaxınlarda Sünikdə açılan «Meğri» azad iqtisadi zonasına da təsirsiz ötüşməyəcək. Qeyd edək ki, ötən ilin sonlarında ermənilərin İranla sərhəddə açdıqları «Meğri» azad iqtisadi zonası «iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin aktivləşdirilməsinə, İran paytaxtındakı şirkətlərin buraya cəlb edilməsinə və Tehranla əməkdaşlığın gücləndirilməsinə əlavə bir təkan verəcəyinə» hesablanmışdı. Ermənilərin ehtimallarına görə, İran və Ermənistan şirkətlərinin təmsil olunacağı bu azad iqtisadi zona ölkələr arasında ticarət dövriyyəsinin inkişafının təmin edilməsi baxımından yaxşı bir platforma olcaqdı: «Onun fəaliyyəti Avrasiya İqtisadi Birliyi bazarına və İpək Yolu layihəsinin həyata keçirilməsi çərçivəsində Çinə də böyük fayda verə bilərdi. Lakin məlum sanksiyalar İran şirkətləri ilə birgə iş aparmağa çalışacaq şirkətlərə, o cümlədən «Meğri» azad iqtisadi zonasına da məhdudiyyətlər gətirəcək. Ona görə də, bütün bunlar "Meğri" azad iqtisadi zonasında öz nümayəndəliklərini açmaq istəyən bir çox iş adamlarını tərəddüd qarşısında qoyacaq. Qısası, onlar öz bizneslərini risk altına qoymaqdan çəkinəcəklər».

AzNews.az