“Müxalifət zamanla ayaqlaşa bilmir” - Aydın Mirzəzadə

9 Avqust 2018 17:15 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə dedi.

Onun sözlərinə görə, Azərbaycanda siyasi partiyalaşma Azərbaycanın ümumi inkişafının tələblərindən irəli gələn məsələdir. Müstəqilliyin ilk illərində çoxsaylı partiyaların ortaya çıxması cəmiyyətin öz yolunu axtarması ilə bağlı idi:

“Ancaq cəmiyyət 1993-cu ildə ulu öndər Heydər Əliyev hakimiyytə gəldikdən sonra Azərbaycanın demokratik və müstəqil siyasətini yeridən Yeni Azərbaycan Partiyasını (YAP) dəstəkləməyə başladı. Bu gün YAP-ın aparıcı olduğu bir siyasi partiya sistemi formalaşıb. 1993-cu ilə qədər aktiv olan müxalifət partiyaları artıq günün tələbinə cavab verə bilmirlər. Ona görə də bir-birinin ardınca sıradan çıxırlar. Çünki onlarda radikallıq, keçmişin əhval-ruhiyyəsini yaşamaq istəyi həddən artıq güclüdür. Eyni zamanda, cəmiyyətlə əlaqələri zəifdir, partiya daxilində gəncləşmə yoxdur, yeni ideyalar ortaya qoymurlar, inkişafa dair hər hansı bir təklif və ya layihə irəli sürə bilmirlər”.

A.Mirzəzadə hər bir cəmiyyətin müxalifətə ehtiyacı oduğunu da dedi. Bildirdi ki, bu gün parlamentdə fəaliyyət göstərən yeni tipli bir müxalifət meydana gəlib:

“Bu müxalifət açıq formada öz mübarizəsini aparır, bu müxalifət yeniliyi nəzərə alır, eyni zamanda, radikallıqdan uzaqdır. Bu gün, demək olar ki, Azərbaycan cəmiyyəti radikallığı öz həyatından çıxarıb. Buna görə də vaxtilə fəal olan siyasi partiyaların bugünkü passivliyi tamamilə cəmiyyətin və zamanın tələbindən irəli gələn məsələdir. Radikal müxalifət zamanla ayaqlaşa bilmir”.

Elgün Mənsimov
AzNews.az