Ermənistan hökumətinin iclasları jurnalistlərin üzünə bağlı olacaq - Yenidən

9 Avqust 2018 18:10 (UTC+04:00)

AzNews.az “Sputnik” saytına istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra KİV nümayəndələrinə hökumətin iclaslarını canlı izləmək imkanı yaradılmışdı. Lakin bir müddətdən sonra bu imtiyaz yenidən ləğv olunub.

Bu qərarı baş nazirin mətbuat katibi Arman Yeqoyan açıqlayıb. O, hökumətin iclas zalının jurnalistlər üçün qapalı olmasının qanunla deyil, təhlükəsizlik xidmətinin rəyi ilə tənzimləndiyini bildirib. Mətbuat katibi əlavə edib ki, son zamanlar KİV nümayəndələri qoyulmuş qaydaları tez-tez pozublar.

Yeni qərarın aylar sonra qəbul edilməsinin konkret səbəbləri ilə bağlı jurnalistlərin sualına cavab verən Yeqoyan deyib ki, məsələni təhlükəsizlik xidməti ilə araşdıracaq. Mətbuat katibi KİV nümayəndələrinə məsləhət görüb ki, şərhləri və müsahibələri hökumət binasından kənarda alsınlar.

Xatırladaq ki, hökumətin iclaslarının mətbuat üçün qapalı olması qərarı Serj Sarkisyanın hakimiyyəti dövründə qəbul edilmişdi. İxtisasca jurnalist olan Paşinyan bu qərarı ləğv etmişdi və hökumətin iclasları açıq keçirilirdi. Lakin az bir müddətdən sonra hökumət başçısı sələfinin qoyduğu qaydanı bərpa edib.