“DOST da ASAN xidmət kimi vətəndaşlara səmərəli xidmət göstərəcək” - Vüsalə Hüseynli

10 Avqust 2018 15:06 (UTC+04:00)

Fərmana əsasən, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (DOST Agentliyi) yaradılıb.

Agentliyin yaranması, gələcək fəaliyyəti haqda Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli Aznew.az-a açıqlama verib:

“DOST” Agentliyinin yaradılmasını prezidentin 4 iyul müşavirəsinin və 8 iyul iclasının ardıcıl nəticəsi kimi qiymətləndirərdim. Həmin tarixlərdə keçirilən müşavirə və iclas zamanı prezident İlham Əliyev qeyd etdi ki, sosial müdafiə və təminat sahələrində çox ciddi addımlar atılır, ancaq əhalinin rifahının tam təmin edilməsi üçün müəyyən əngəllər qalmaqdadır və müəyyən bürokratik narazılıqlar mövcuddur. Bütün bunların həll edilməsi üçün təbii ki, prezidentin belə bir addımı təqdirəlayiqdir.

Vüsalə Hüseynli xatırladır ki, 2012-ci il 13 iyul tarixində ASAN xidmət yaradılmışdı: “ASAN xidmət yaradılan zaman da elə əsas məqsəd vətəndaş məmnunluğunun təminatı idi. Hansı ki, biz bunun nəticəsini gördük, vətəndaşlarımız birmənalı şəkildə ASAN xidmətin fəaliyyətini qəbul etdilər və bundan bu gün də məmnuniyyətlərini bildirirlər. DOST da inanıram ki, bu formada fəaliyyət göstərə biləcək. Vətəndaşların rifahı üçün, onların problemlərinin daha tez həllini tapması üçün öz sözünü deyəcəkdir. Bildiyimiz kimi Bakıya nisbətən regionlarda bu biraz problem idi, yəni, bəzi rayonlarımızda ASAN xidmət fəaliyyət göstərmirdi. İnanıram ki, DOST-un daha çox regional mərkəzləri olacaq və insanların problemlərinin həlli yolunda böyük addımlar atılacaq. Bunu da qeyd edim ki, ASAN xidmətdən fərqli olaraq DOST əsasən vətəndaşların sosial problemlərinin, yəni, pensiyaların yenidən hesablanması, uşaq pullarının verilməsi, birbaşa yardım məmulatlarının verilməsi kimi məsələlərin həllinə çalışacaq”.

Səidə NURMƏMMƏDLİ
Aznews.az