Bununla bağlı fikirlərini "Kaspi”yə bölüşən
Xəzər məsələləri üzrə ekspert, hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov bildirdi ki, avqustun 12-də dövlət başçıları tərəfindən konvensiya imzalanarsa, bu, çox mühüm tarixi hadisə kimi yaddaşlarda qalacaq. O qeyd etdi ki, 25 ildir davam edən ağır və məşəqqətli danışıqların nəticəsində tərəflər arasında böyük kompromis əldə olunub: "Məhz bu danışıqlar nəticəsində beş Xəzəryanı dövlət öz fikirlərini konvensiyada əks etdirə bilib. Bu, böyük kompromis və nailiyyətdir. Halbuki, buna qədər Xəzər məsələsinə görə, həmin dövlətlər arasında münasibət az qala müharibə həddinə çatmışdı. Kompromis bu dövlətlərin bir-birinə qarşı ərazi iddiasına son qoyur, Xəzərlə bağlı digər mübahisəli məsələlərin də müzakirələr yolu ilə həllinə imkan yaradır. Xəzər dənizinin sektorlara deyil, dəniz sahələrinə bölünməsinə üstünlük verilib. Yəni məhəlli dəniz, açıq dəniz ideyaları qəbul olunub. Sektorlara bölünməsi məsələsi ortaya atılanda, Xəzəryanı dövlətlərin bir-birinə qarşı ərazi iddiaları ortaya çıxırdı. Misal üçün, Türkmənistan Azərbaycan sektoruna nüfuz etmək istəyirdi. İran isə 20 faiz olmaqla, Xəzər dənizinin 5 bərabər hissəyə bölünməsi təklifini irəli sürmüşdü. Bu da İranın Azərbaycan sektorundakı paya şərik olması demək idi. Bütün bu kimi mübahisələrə son qoymaq üçün dəniz hüququna əsaslanaraq, Xəzərdə məhəlli, yəni ərazi dəniz ideyası ortaya qoyuldu. Məhz bu ideya üzərində tərəflər arasında kompromis əldə olunub. Bununla da hər bir Xəzəryanı dövlətin öz sahilində müəyyən bir məsafədə ölçülən ərazi dənizi olacaq. Bu, başqa dövlətlərin sektorlarına daxil olmadan baş verəcək. Beləliklə də, tərəflər arasındakı mübahisə həllini tapacaq. Bundan başqa, tərəflər arasında Xəzər dənizində hərbi məsələlərlə, dənizin dibi ilə su, neft, qaz kəmərlərinin çəkilişi, ətraf mühitlə bağlı da kompromis əldə olunub. Ümumi konvensiyada əksini tapacaq müddəalar bundan sonra Xəzərlə bağlı yeni razılaşmaların əldə olunacağına, ayrı-ayrı konvensiyaların imzalanacağına imkan yaradacaq”.
Millət vəkili Aydın Mirzəzadə də hesab edir ki, beş Xəzəryanı dövlətlərin əməkdaşlıq məsələlərinin müzakirə edilməsi çox müsbət bir haldır. Onun fikrincə, bu, Xəzərin sülh müstəvisinə çevriləcəyini, Xəzəryanı dövlətlərin öz münasibətlərini dostluq və mehriban qonşuluq prinsipləri ilə həll edəcəyini göstərir: "Xəzərin hüququ status məsələsinin 20 ildən çox müzakirə edilməsinə baxmayaraq, çox təəssüf ki, yekun sənədi imzalamaq indiyədək mümkün olmayıb. Azərbaycan, Rusiya və Qazaxıstan artıq Xəzərin hüquqi statusu ilə bağlı saziş imzalayıblar. Ancaq İran və Türkmənistanın xüsusi mövqeyinə görə, vahid bir sənəd imzalamaq mümkün olmayıb. Əgər 12 avqustda bununla bağlı konvensiya imzalanarsa, bunu tarixi hadisə adlandırmaq olar. Bununla da Xəzərlə bağlı bütün fikir ayrılıqlarına son qoyulur, üçüncü dövlətin Xəzəryanı dövlətlərin münasibətlərinə daxil olmaq və yaxud da ki, öz hökmünü yeritmək istəyinin qarşısı alınır. Ən əsası da, Xəzərin neftlə zəngin olan yataqlarını artıq birgə istismar etmək və iqtisadi gəlir əldə etmək mümkün olacaq”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili qəzetimizə açıqlamasında bildirdi ki, Xəzərin hüquqi statusu məsələsində Azərbaycan-Rusiya-Qazaxıstan, həmçinin Qazaxıstan-Türkmənistan arasında imzalanan müqavilələr ümumi yanaşma kimi qəbul edilib. Deputatın fikrincə, bu, Azərbaycanın indiyə qədər sərgilədiyi mövqe ilə üst-üstə düşür: "Xəzərin dibinin sektorlara bölünməsi, resurslardan istifadə olunması Azərbaycan və digər Xəzəryanı dövlətlər üçün iqtisadi cəhətdən çox əhəmiyyətlidir. Ümumilikdə, Xəzər dənizinin hüquqi statusuna iki baxış var. Birincisi, Xəzərin su hövzəsindən ümumi istifadə edilməsidir. Bura balıqçılıq, su səthindən istifadə, həmçinin hərbi qüvvələr saxlamaq daxildir. Digəri isə sırf iqtisadi baxışdır. Buna Xəzər dənizinin dibinin sektorlara bölünməsi aiddir. Baxmayaraq ki, indiyə qədər bu məsələ həllini tapmayıb, amma Qazaxıstan, Rusiya və Azərbaycan arasında imzalanan müqavilələr, həmçinin bu müqavilələr çərçivəsində Azərbaycanın Xəzərin dibində özünə aid olan sektordan aktiv şəkildə istifadə etməsi, beynəlxalq şirkətlərin buraya cəlb olunması danışıqlarda güclü president kimi istifadə ediləcək. Əlbəttə ki, bu, ölkəmizin xeyrinədir”.
Rufik İSMAYILOV/kaspi.az/