Arif Hacılı Müsavatın maliyyə mənbələrindən danışdı

27 Mart 2013 14:39 (UTC+04:00)
Hakimiyyət Azərbaycan müxalifətinin maliyyə hesabatı verməməsini müxtəlif səbəblərlə əlaqələndirir və iddia edir ki, bu qüvvələrə maliyyə vəsaiti xarici mənbələrdən ayrılır.

Öz növbəsində müxalifət də iddia edir ki, nə daxildən, nə də xaricdən hansısa qüvvə tərəfindən maliyyələşmir. Yalnız üzvlərin üzvlük haqları və təəssübkeşlərin ianələri sayəsində bəzi problemlərini həll edirlər. Bu günlərdə "Turan" informasiya agentliyinin rəhbəri Mehman Əliyevin səsləndirdiyi fikirlər isə ölkə müxalifətnə iş adamlarının dəstək verdiyini təsdiqləmiş oldu.

Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı mövzuyla bağlı AzNews.az-a açıqlamasında bildirib ki, Müsavat Partiyası hansısa iş adamları, eyni zamanda da xaricdən maliyyələşmir. Onun qənaətincə, əgər Müsavat Partiyasının belə əlaqələri olsaydı, Azərbaycan hakimiyyəti bunu ortaya qoyub onları ifşa edərdi:

"Milli Demokratiya İnstitutu əməkdaşının öz şəxsi hesabından çıxardığı vəsaiti aşkarlamaq mümkündürsə, heç şübhəsiz ki, bu da mümkün olardı. Əgər müxalifət xaricdən maliyyələşmiş olsaydı, hakimiyyət bunu araşdırıb asanlıqla ortaya qoyardı. Bu olmadığına görə, bununla bağlı deyilənlər boş təbliğat və cəfəngiyyatdır. Əslində siyasi partiyaların, siyasi təşkilatların, prezidentliyə namizədlərin kampaniyalarının iş adamları tərəfindən maliyyələşdirilməsi normal haldır. Bu bütün demokratik dünyada geniş yayılıb. Seçki kampaniyasına da əslində namizədlər bir çox ölkələrdə ilk olaraq vəsait toplanışından başlayırlar".

Buna baxmayaraq A. Hacılı hesab edir ki, Azərbaycanda hər hansı bir iş adamının müxalifətə vəsait verməsi az qala dövlət çevrilişinə cəhd kimi dəyərləndirilir və həmin adamlar cəzalandırılır:

"Belə olan halda da iş adamları müxalifət qüvvələrinə vəsait ayırmaqdan çəkinirlər. Müsavat Partiyası aparatında təxminən 10 nəfərə qədər adam çalışır və onlar haqqı ödənilməyən əməkdaşlardır. Müxalifətin maliyyə məsələsinə yanaşma kommunist təfəkküründən qalma bir təbliğat vasitəsi təəssüratı yaradır. Adətən Sovet KQB-si başqa cür düşünən hər kəsi xarici ölkənin agenti olmaqda, xaricdən maliyyələşməkdə, xarici dövlətlərin maraqlarını ifadə etməkdə günahlandırırdılar. Onların sələfləri də yeni bir şey düşünmək istedadına malik olmadıqlarına görə, həmin ənənədən istifadə edərək müxalifəti xarici ölkələrin maraqlarını ifadə etməkdə, həmçinin xaricdən maliyyələşməkdə ittiham edirlər".

Gültəkin
AzNews.az