Qalstuklu yalan

27 Mart 2013 14:52 (UTC+04:00)

Elxan SALAHOV

19 mart 2013-cü il. Səhər saat səkkizdir. Bakı Şəhərlərarası və Beynəlxalq Avtovağzal həmişəkindən qaynar və gərgin görünür. Hamı Novruz bayramını yaxınları ilə birlikdə keçirmək üçün rayonlara, doğma kəndlərinə can atır. Səhər tezdən avtovağzala axışan sərnişinlər platformaları gəzərək əllərində bilet öz avtobuslarını axtarır. Amma platformaların əksəriyyətinin boş olmasından dolayı sərnişinlərin təlaş keçirdiyi aydınca hiss olunur. Əllərində bilet bölgələrə gedəcək avtobusların yola düşmə vaxtını göstərən elektron tabloların altında gözləməkdən bezən sərnişinlər gah avtovağzal rəhbərliyinin, gah da nəqliyyat nazirinin qarasına danışır, onları yarıtmazlıqda günahlandırırlar. Biletsiz sərnişinlər isə ora-bura vurnuxaraq platformanın ətrafında dayanmış avtobusların sürücüləri ilə "dil tapmağa" çalışır. Saniyələr, dəqiqələr ötdükcə platformalarda izdiham yaranır...

Saat 08:45. Yarım saatdan sonra yola düşməli olan Bakı-Bərdə-Tərtər avtobus hələ platformaya daxil olmayıb. Düz yarım saat əvvəldən burada gözləyən sərnişinlər avtovağzalın ətrafda gəzişən qalstuklu əməkdaşlarına yaxınlaşıb 09:15-də yola düşməli olan avtobusun yubanması səbəbini öyrənməyə çalışır. Hər biri sözləşibmiş kimi, eyni cavab verir: narahat olmayın, bu dəqiqələrdə gələcək! Amma getdikcə qızışan izdiham yenə rahatlaşmır, ətrafda baş verənlər bu qarmaqarışıqlığı bir az da tündləşdirir, insanların əsəbləri tarıma çəkilir.

Saat 09:13. Bayaqdan bəri "narahat olmayın, avtobus bu dəqiqələrdə gələcək!" deyərək adamları səbirli olmağa çağıran avtovağzal işçilərinin platformada avtobus gözləyən 50-dək sərnişini barmağına doladıqları üzə çıxır. Avtobusun yola düşməsinə 2 dəqiqə qalmış qalstuklu kişilərdən biri sərnişinlərə yaxınlaşıb növbəti yalanını uydurur. Guya, 09:15-də yola düşməli olan Bakı-Bərdə-Tərtər avtobusu 08:30-da çıxıb. Bunu isə onunla əlaqələndirdilər ki, guya, sərnişinlər tez gəldiyindən avtobus da vaxtından tez çıxmalı olub. Amma avtovağzalın qalstuklu kişilərənin bu yalanına heç kim inanmadı. Axı, 09:15-də yola düşməli olan avtobusa bilet almış sərnişinlərin hamısı burada gözləyir! Üstəlik bayram günü ilə əlaqədar avtobusun vaxtından tez çıxa biləcəyini ehtimal edən sərnişinlərin bəziləri səhər saat 08:00-dan burada olub. Onlar saat 08:00-da yola düşməli olan avtobusun düz yarım saat yubandığının və yalnız 08:30-da platformadan çıxdığının da şahidi olublar.

Avtovağzal rəhbərliyinin bu yalanlarından sonra məlum olur ki, saat 09:15-də yola düşməli olan Bakı-Bərdə-Tərtər reysi əslində satılıb. Yəni bütün yerlərə biletlərin satıldığı Bakı-Bərdı-Tərtər reysi Qazaxa gedən sərnişinləri aparıb, həmin avtobusun biletli sərnişinləri isə necə deyərlər, Allahın ümidinə buraxıblar. Əlində bileti olan yüzlərlə sərnişin isə mənzil başına yenə də ya ikiqat baha qiymətə başqa avtobuslarla, ya da taksilərlə getmək məcburiyyətində qaldı. Hamı yola çıxmışdı axı, Novruzu ailəsi, yaxınları və doğmaları ilə birgə qarşılamaq üçün. Nə yazıq ki, avtovağzaldakı bu özbaşınalıqlar, dərəbəylik sərnişinlərin bayram əhval-ruhiyyəsini korladı.

Əslində bayram əhval-ruhiyyəsinin korlanması ötəri hissdir. Əsil korlanan mənəviyyatdır: bu qədər saxtakarlıq, bu qədər hiyləgərlik, naqislik və nadanlıq, bu qədər pulgirlik! Sərnişinə bir neçə gün əvvəldən bilet satıb sonra onu mənzil başına çatdırmalı olan avtobusu başqalarına satmağın başqa adı yoxdur. Səbəbkarın da, günahkarın da ünvanı birdir: bütün bunların hamısı Nəqliyyat Nazirliyinin adına yazılır. Nazirliyin bütün layihələri bax beləcə, fıs çıxır, yalana çevrilir. İki milyard manata başa gələn Nəqliyyatın İntellektual İdarə Edilməsi Layihəsi paytaxt Bakıda belə, şəhərdaxili nəqliyyatdakı problemləri həll edə bilmədi. Tıxac əleyhinə yeni-yeni körpülər, tunellər və keçidlər tikir, yollar salır, küçələri, prospektləri genişləndirir, nəticə dəyişmir. Çünki bu işlərin heç birində düzgünlük, halallıq yoxdur! Hər şey – yollar da, körpülər də yalan üzərində qurulur!