“Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanması yeni imkanlar açacaq” - Politoloq

13 Avqust 2018 14:43 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu politoloq Arzu Nağıyev deyib.

Onun fikrincə, yalnız “Xəzər beşliyi” ölkələri rəhbərlərinin, xüsusən Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu Konvensiyanın imzalanması yolunda maneələrin aşılmasına imkan verib:

“Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Konvensiyanın imzalanması ilə Xəzərin həm dibi, həm təbii ehtiyatları ilə bağlı bu və digər layihələr birbaşa ölkəmizin iştirakı ilə həyata keçiriləcək”.

A.Nağıyev vurğulayıb ki, Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanması Xəzəryanı ölkələrin birgə əməkdaşlığı üçün yeni imkanlar açacaq, eyni zamanda, milli sektorlarda standartların müəyyən olunmasına, Xəzərin ekologiyasının qorunması barədə standartların mövcudluğuna gətirib çıxaracaq.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib

Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

AzNews.az