"Azərbaycan gəncinin arxalana biləcəyi bir dövləti var" - Asif Əsgərli

13 Avqust 2018 17:09 (UTC+04:00)

Beynəlxalq Gənclər Günü münasibətilə ölkədə 23 ildən artıq fəaliyyət göstərən və aktiv gənclər təşkilatlarından biri olan Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri, Milli QHT Forumunun vitse-prezidenti Asif Əsgərli ilə müsahibəni təqdim edirik.

- Beynəlxalq Gənclər Gününün gənclərin beynəlxalq aləmə inteqrasiyası, eləcə də dövlətə və özünəinam baxımından nə kimi rolu var?
-Beynəlxalq Gənclər Günü 8-12 avqust 1998-ci il tarixlərində Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında qəbul edilib. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına və beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur. Amma diqqətçəkən məqam odur ki, Azərbaycanda bundan bir il əvvəl 2 fevral Gənclər Günü təsis edilib. 2 fevral Gənclər Gününün Azərbaycanda təsis olunması və onun hər il milli səviyyədə, yüksək şəraitdə qeyd olunması bu ənənənin artıq davam etməsi bir daha onu göstərir ki, bu gün sıradan olan bir peşə və ya sahə bayramı deyil. Ulu öndər Heydər Əliyev 1997-ci ildə bu günün – 2 fevral Gənclər Gününün təsis olunması haqda sərəncam verərkən, bir tərəfdən cəmiyyətin bu böyük təbəqəsinin xüsusi günün olmasının əhəmiyyətini çatdırdısa, digər tərəfdən də gənclərdə dövlətə və özlərinə inam hislərinin, cəmiyyətin seçilən, avanqard və etibarlı qüvvəsi kimi formalaşmasını təmin etdi. Yalnız bu günlə deyil, hər an, hər zaman Azərbaycan gəncində bir inam var ki, onun arxalana biləcək, gücünə güc qatacaq, qayğı və problemlərinə diqqət ayıracaq, onun üçün müxtəlif şərait və imkanlar yaradacaq dövləti var.

- Bu gün Azərbaycan gəncliyi istər ölkə daxilində, istərsə də xaricdə vətəndaş mövqeyini ortaya qoya bilibmi?

-Təbii ki, Azərbaycan gəncləri bu gün öz bacarıq, intellekt və təcrübəsini artırıb, yeni-yeni bilik və texnologiyalara yiyələnməklə yanaşı, sağlam vətəndaş mövqeyini də ortaya qoya bilir, vətənpərvərlik hislərini özündə yaşatmaqla hər zaman milli və dövlətçilik kursuna sadiqliyini nümayiş etdirir. Azərbaycan gəncləri hər zaman dövlətinə, millətinə bağlı vətəndaş mövqeyini göstərib, onu içdən və xaricdən zəiflətmək istəyən, ona qarşı təzyiqlər göstərmək istəyən istənilən qüvvənin qarşısında duranların ilk cərgəsində olanlardan olub. Azərbaycan gəncliyi, eyni zamanda ölkəmizin haqlı, ədalətli mövqeyinin müdafiəsində, onun dünyaya çatdırılmasında, dövlətimizə beynəlxalq dəstəyin qazandırılmasında da öz vətəndaş mövqeyini ortaya qoyub. Bir faktı da qeyd edim, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyasını da dünyanın 100-ə yaxın ölkəsində aparan, təbliğ edən, bu genosidi dünya ictimaiyyətinə çatdıran və erməni faşizminin iç üzünü açıb göstərməkdə də əsas rupor məhz bizim sağlam gəncliyimizin vətəndaş mövqeyi idi. Gənclərimizin bu vətəndaş mövqeyi və fəaliyyəti bu gün də davam edir, Azərbaycanla bağlı istənilən məsələyə dərhal reaksiya verilir və konkret iş ortaya qoyulur. Bu işdə fəal gənclərin, gənclər təşkilatları və QHT-lərdə olan gənc həmkarlarımızla yanaşı, xaricdə təhsil alan və orada şəbəkələşən tələbələrimizin də əməyini qeyd etmək lazımdır.

-QHT sektorunda gənclər nə dərəcədə aktivdirlər?

-QHT sektorunda olan dostlarım, həmkarlarım məndən inciməzlər, deyərdim ki, bu sektorda ən fəallar, aktivlər məhz gənclər təşkilatları və gənclərin qurduqları digər QHT və vətəndaş cəmiyyəti təsisatlarıdır. Gənclər təşkilatlarımız cəmiyyətimizə xas bütün sahə və istiqamətlərdə uğurlu layihə və proqramlar gerçəkləşdirirlər ki, bunun təsirləri də özünü real nəticələrlə göstərməkdədir. Gənclərin və onların təşkilatlarının çevik, operativ və mobilliyi QHT sektorunda da özünü göstərir. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyində olan şəxslərin və eləcə də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi rəsmilərinin dillərindən dəfələrlə eşitmişəm ki, QHT sektorunda ən fəallar, ən yaxşı layihə keçirənlər, əksər hallarda gənclər təşkilatları olurlar. Siz bunu hər il QHT-lərə Dövlət Dəstəyi Şurasının açıqladığı illik yekunda, layihələr üzrə verilən qiymətləndirmədə əyani şəkildə görə bilərsiniz. Şura, digər donor və dövlət qurumlarının bir çox milli əhəmiyyətli, beynəlxalq səviyyəli layihə, proqram və kampaniyaların icrasını da məhz gənclər təşkilatlarına həvalə etməsi də bir daha gənclərin və onların təşkilatlarının QHT sektorunda, həqiqətən, aktiv olmalarının göstəricisidir.

- Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) olaraq gənclərin inkişafına nə kimi töhfə vermisiniz?
-Rəhbəri olduğum Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) 1995-ci ilin yanvar ayından fəaliyyət göstərir və ictimai birliyimizin əsas missiya və məqsədi ölkədə tələbə və gənclərin elmi, mədəni, intellektual inkişafına dəstək vermək, onların maariflənməsi və sosial inkişafı ilə vətəndaş cəmiyyətində gənclərin rolunun artırılmasına çalışmaq və gənclərin müxtəlif maraq və ehtiyaclarına ictimai vəkillik etməkdir. Bu istiqamətdə təşkilatımız bu günə qədər gənclərə yönəlik 100-dən artıq layihə və proqram həyata keçirib, gənclərimizin sosial inkişafına, müxtəlif bilik, bacarıq və təcrübələrə yiyələnmələrinə və fəal iştirakçılığına dəstək olan çoxsaylı tədbir və aksiyalar təşkil edib. Bakıda və xüsusilə də regionlarımızda illərdir təşkil etdiyimiz, gənclərimizin hərtərəfli inkişafına, onların maariflənməsinə, biliklərə yiyələnmələrinə töhfə verən fəaliyyətlərimizdən, çap etdiyimiz vəsaitlərdən 10000-lərlə gəncimiz faydalanmışdır ki, bunlar da özünü gənclərin sonrakı iş təcrübələrində və peşəkarlıqlarında göstərmişdir. Xüsusən, qeyd edim ki, gənclərin inkişafı baxımından ADTGT onlara formal təhsil və fəal iştirakçılıq sahəsində ilk töhfə verən QHT-lərdən biri olmuşdur. Təşkilatımızın, eyni zamanda gənclərimizin beynəlxalq əməkdaşlığına, inteqrasiya və mübadiləsinə yönəlik də xeyli uğurlu fəaliyyəti olub. ADTGT hər zaman dövlətimizin haqlı, ədalətli mövqeyinin dünyaya tanıdılması, Azərbaycan haqqında müsbət imicin formalaşdırılması, ölkəmizin uğurlu model və təcrübəsinin beynəlxalq arenada yayılması istiqamətində də çox əhəmiyyətli layihələr həyata keçirmişdir ki, bunu da müxtəlif hökumət strukturları və milli donorlar xüsusi vurğulamışlar.
Biz Azərbaycanda təhsil, sosial-humanitar və iqtisadi infrastruktur layihələri həyata keçirən ilk təşkilatlardan da biri olmuşuq ki, bunun nəticəsində regionlarımızın 1000-lərlə, 10000-lərlə sakini faydalanmışdır. Bir rəqəmi deyim sizə, ADTGT-nin həyata keçirdiyi layihələrin maliyyə dəyəri 1 milyon 500 min manata yaxın olmuşdur ki, bunları milli donorlarla yanaşı, müxtəlif hökumət, beynəlxalq təşkilat və fondların vəsaitləri təşkil etmişdir. ADTGT 2003-cü ildə Cənubi Qafqazda ilk QHT olaraq, uğurlu fəaliyyət və layihə idarəçiliyinə görə Avropa Şurasının “Avropanın Fəal Gənc Vətəndaşı” mükafatına layiq görülmüşdür. Eyni zamanda müxtəlif illərdə GİN tərəfindən “İlin fəal təşkilatı” və “Uğurlu fəaliyyətinə görə” nominasiyası üzrə fəxri diplom və fərmanlara layiq görülmüşdür. Təşkilatımız bir neçə beynəlxalq platforma, şəbəkə və ittifaqlarda təmsil olunmaqla da Azərbaycan gənclərinin söz və mövqeyini o tribunalara daşıyır.

- Bu günlərdə ADTGT rəhbərliyinin Bolqarıstan səfəri olub. Bununla bağlı təəssüratlarınızı bilmək istərdik?
-Bəli, ötən ay Bolqarıstandan olan tərəfdaşımız “Təhsil üzrə Peşəkar Forum” Assosiasiyası ilə birgə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində bu ölkədə bir sıra beynəlxalq tədbir və görüşlər keçirdik və gələcək əməkdaşlıq istiqamətində müzakirə və danışıqlar apardıq. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bir həftə müddətində davam edən xarici səfərdə ADTGT sədri olaraq mən və təşkilatın sədr müavini Gülnarə Bağırova iştirak edirdi.
Səfər çərçivəsində ilk rəsmi görüş Bolqarıstan Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr və Avropa proqramları departamentinin direktoru xanım Viktoriya Raçeva-Slavkova ilə oldu. Bolqarıstanla Azərbaycanın bir çox sahələrdə, o cümlədən gənclər sahəsində səmərəli ikitərəfli və çoxtərəfli əməkdaşlıq etdiyini qeyd edən xanım Raçeva-Slavkova hər iki ölkənin gənclər təşkilatları və QHT-nin potensialını yüksək qiymətləndirdi. Gələcəkdə bir çox ikitərəfli və eləcədə Avropa Birliyi və Avropa Şurası layihələri istiqamətində əməkdaşlıq və tərəfdaşlığın dərinləşdirilməsi sahəsində razılıq əldə olundu.
Proqrama uyğun növbəti beynəlxalq tədbir hər iki QHT-nin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Azərbaycan müasir Avropanın bir hissəsi kimi” adlı dəyirmi masa – təqdimat oldu. Sofiyada Proqressiv Təhsil İnstitutunda keçirilən beynəlxalq tədbirə bu ölkənin QHT rəhbərləri, ictimai fəallar, ekspertlər, universitet müəllimləri və təlim və təhsil üzrə mütəxəssislər qatılmışdılar.
Səfər çərçivəsində növbəti görüş ölkənin Mədəniyyət Nazirliyində bu qurumun departament rəhbəri Çavdar Naçevlə oldu. Bolqarıstan səfərində bu ölkənin Sofiya, Plovdiv, Varna və Berkovets şəhərləri, onların tarixi, mədəni yerləri ilə də yaxından tanışlıq imkanlarımız da yarandı. (palitranews.az)