Cəmil Həsənlidən “El” açıqlaması

27 Mart 2013 16:59 (UTC+04:00)
"Ziyalılar Forumunun AXCP-yə, Müsavat Partiyasına və digər partiyalara münasibəti necədirsə, "El" hərəkatına münasibəti də elədir".

Bu açıqlamanı APA-ya Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli verib. O bildirib ki, "El" hərəkatının yaranmasında Ziyalılar Forumunun üzvlərinin hamısı iştirak etməyib və forumun rəhbərliyində təmsil olunan Eldar Namazov yalnız bu işin təşəbbüskarıdır: ""El" hərəkatının yaranması ilə Ziyalılar Forumun fəaliyyətinin dayandığı qənaətinə gəlmək yanlışdır. Ziyalılar Forumu fəaliyyətini davam etdirir. Ziyalılar Forumunun üzvü olan Rafiq Əliyev, Gültəkin Hacıbəyli, Ramiz Rövşən və mən "El" hərəkatında təmsil olunmuruq. Adıçəkilən şəxslər yalnız forumun fəaliyyətinin stimullaşdırılması istiqamətində bacardığımız işləri görürük. Bizim siyasi məsələlərə dair iddiamız yoxdur".

C. Həsənli Ziyalılar Forumunun təşəbbüsü olan Milli Şuranın yaradılması ilə bağlı da danışıb: "Bu məsələ sona qədər müzakirə edilməyib. Bu gün mətbuatda hansısa siyahı da çıxıb. Hesab edirəm ki, bu siyahı təxribat xarakteri daşıyır. Milli Şuranın tərkibi haqda razılaşma olmayıb, orada kimlərin təmsil olunması barədə hansısa müzakirə aparılmayıb".

C. Həsənli qeyd edib ki, Milli Şura sadəcə fikirdir və burada təmsil olunacaq qurumlarla real olaraq heç bir müzakirə keçirilməyib.

AzNews.az