Əsgər ağa tələbə idi, gənc idi, lakin artıq o illərdə Azərbaycanda yazı-pozu əhli arasında nüfuz sahibi, söz xiridarı kimi tanınırdı. Hətta Azərbaycandan Moskvaya yazdıqlarını ona yollayanlar varmış ki, oxuyub rəyini bildirsin. Və həmyerlilərinin ədəbi təcrübələrinə aid qeydlərində belə Əsgər ağa təbiətinə xas olan təəssübkeşlik və el canıyananlığıyla yenə fikri ümummilli mənafe məsələlərinə yönəldir. Düşüncələrinin ictimai mənasını göz önünə alaraq cavabını quruca şəxsi məktub kimi yollamır, başqalarına da ibrət olsun deyə dərc edilməkdən ötrü qəzetə göndərir, köhnə ətalətin məngənəsindən qurtula bilməyən, şit sözçülükdən ibarət ənənəvi qəzəliyyata uyanları, həcvguluğa meyl edənləri yenilikçiliyə, zamanın nəbzini tutmağa səsləyir: "Ey Ağa Mirzə Ələsgər, bu qəzəldən çifayda ki, demisiniz? Bu həcvlərin barəsində isə artıq danışmağı özümüzə eyb hesab edib, ərz edirik ki, siz çəkən zəhmət nahaq zəhmətdir. Ondan nə bizə və nə bizim övladımıza bir nəf yoxdur. Belə zəhməti öz millətinizin yolunda çəkin ki, malı yoxdur, elmi yoxdur, elm tapmaq ona müşküldür”.
Orta əsrlərdə müsəlman Şərqində məşhur bir ifadə vardı ki, Lap Çin ü Maçində olsa belə, elmin ardınca gedin”.
Çin və Maçin (Mancuriya) o əyyamlarda ən uzaq məmləkətlər sayılırmış və zərbülməsəl də insanları elm ardınca qoşarkən məsafənin uzaqlığından çəkinməməyə təşviq edirmiş.
Əsgər ağa elm, təhsil, bilik vurğunu idi və mükəmməl ali təhsil almaq üçün Gəncədən dövrünün "Çin u Maçin”lərindən biri kimi görünən Rusiyaya getmişdi.
Və soydaşlarını da durmadan oxumağa, öyrənməyə, yeni-yeni biliklər qazanmağa dəvət edirdi.
Bu çağırışının vacibliyini insanlara inandırmaqçün çobandan da sitat gətirirdi, dahi alimlərdən də iqtibas edirdi.
1
877-ci il fevralın 17-də "Əkinçi”də yer alan məqaləsində belə yazırdı: "Bizim zəmanə dəyişilməyi hətta çobanlara da məlumdur ki, bayatısında deyir:
Qarğalar laçınlandı,
Laçınlar qarğalandı...
Əlhəqq, zəmanə dəyişilib. İndi güc və igidlik əyyamı deyil, elm əyyamıdır və çobanın sözü doğrudur ki, bu zəmanə bizi qarğalandııb və qeyriləri laçın edib. Lakin keçmişdə bizim sələflərin vaxtında islam tayfası elm təhsil etməkdə laçın imiş.
...Həzrət Harun ər-Rəşid yanında yüz alim olmasa, evdən çölə çıxmaz imiş. Haman bu xəlifə hökm eləmişdi ki, məktəbxanasız məscid tikilməsin. Ələlxüsus Həzrət Əlinin dövranında elm tərəqqi edib. Həzrət özü deyib: "Hər kəs elmə yol acdı, ona ölüm yoxdur”.
...Min il bundan əqdəm Əbu Sina adlı ərəb hükəması dağlar necə əmələ gəlməyindən bir kitab yazıb ki, hərgah onun tarixini dəyişdirəsən, bilmək olmaz ki, onu min il bundan əqdəm yazıblar. Yəni Avropa hükəmaları bu qədər zəhmət çəkibsələr də, ondan artıq bilmirlər. Amma çifayda, indi laçınlar qarğalanıb. Necə ki, bizim xəlifələrin dövranında xristianlar avamlığından öz naxoşlarının üstünə həkim gətirməyi günah bilib onun ağrıyan yerlərinə keşiş yazan duanı bağlayırlarmış, habelə bizim zəmanədə islam tayfası "axirət bizimdir” deyib durub”.
Əsgər ağa Gorani o adamlardan deyildi ki, yalnız başqalarının başına ağıl qoymağa cəhd etsin, yaxşı işləri görməyi digərlərinə tövsiyə edərək özü qıraqda dayansın.
Neyləməli ki, dil pəhləvanları, hay-küyçülər, vətənpərvərlik dəllalları, millətçilik möhtəkirləri, fəqət başqalarının gözündə çöp axtaranlar, xalq xeyrinə bir iş görmək məqamı çatanda isə yaxasını qırağa çəkənlər, sivişib aradan çıxanlara az rast gəlinməyib və belələri həmişə olub.
Bəylərimizi təhsilə para xərcləməkdə xəsislik etdiklərinə görə qınayan Əsgər ağa özü Azərbaycan məktəbinin, Azərbaycan təhsilinin inkişafı üçün canını da, malını da səxavətlə sərf edənlərdən idi.
Hələ tələbə çağlarında, 1877-ci il mayın 12-də "Əkinçi” onun Moskvadan göndərdiyi belə bir məktubu dərc etmişdi: "Əsgər Gorani yazır ki, əgər Badkubədə müsəlman məktəbxanası açmaq üçün icma bina olsa, məni də ol icmaya calis hesab edin. Mən mədyun oluram bu işdən ötrü hər ildə yüz manat göndərim”.
Əsgər ağa gördüyü xeyirxah işləri açıb-ağardanlardan olmayıb. O, "balığı dəryaya at” düsturuna sadiqlərdən imiş. Bu məktubu qəzetə göndərməsində də bir hikmət var. Əsgər ağa bununla da varlı-hallılara dərs verirmiş, "baxın, mən kömək etməyə hazıram, siz də tərpənin” deyirmiş.
1909-cu ildə isə Gəncədə ilk qız məktəbini öz cibinin puluna açmışdı və vaxtsız ölüm onu 1910-cu ildə 52 yaşında yaxalamasaydı, yəqin, yadigar qoyacağı başqa məktəblər də olacaqmış.
Belə niyyətinin varlığına dəlalət edən söhbətlər də qalır.
Azərbaycan Xalq Cümhuriyyətinin təməlini qoyanlardan, Məclis-i Məbusanın - ilk milli parlamentimizin birinci rəhbəri Həsən bəy Ağayevin həyat yoldaşı Xədicə xanım Ağayeva Əsgər ağa Goraninin açdığı həmin qız məktəbinin direktoru olmuşdu.
İlk müstəqillik dönəmimizin birinci əmək naziri Əhməd bəy Pepinovun (Ömərbəyov) qızı, Həsən bəyin nəvəsi Sevda xanım Pepinova nənəsi Xədicə xanımın Əsgər ağa Gorani haqqında bir xatirəsini söyləmişdi mənə.
"O qız məktəbinin açılış gününün axşamı bir neçə başqa Gəncə ziyalısı ilə birgə Həsən bəyin evindəki ziyafətdə Əsgər ağa söyləyir ki, qoy bu məktəbin ilk buraxılışı olsun, savadlı qızlarımız artsın, ardınca ürəyimdən çox keçir şəhərimizdə qızlar üçün fransızdilli bir gimnaziya da açım. Bizim Gəncənin Məhsətisi olanda Avropada ona tay gələ biləcək səviyyədə qadın vardımı?
Yalnız ana dilində yox, rusca, fransızca mükəmməl təhsil görmüş savadlı qızlarımız artdıqca millətimiz də qat-qat irəli gedəcək”.
Sərvətliləri millət mənafeyi üçün xeyriyyə əməllərinə çağıran Əsgər ağanın çağırışları ona görə təsirli idi və nəticə verirdi ki, ən əvvəl özü bu yolda öndə gedənlərdən, örnək göstərənlərdəndi.
Bu, xeyli dərəcədə Əsgər ağada qandan gələn xislət idi.
Babası, ilk "Qarabağnamə”nin müəllifi Mirzə Adıgözəl bəy də belə şəxsiyyət olmuşdu.
Mirzə Adıgözəl bəyin Nizami Gəncəvi məqbərəsini təmir və bərpa etdirib gözəl bir görkəmə çatdırmasından məmnunluğunu və heyranlığını hələ "Gülüstan-i İrəm”ində Abbasqulu ağa Bakıxanov etiraf etmişdi.
Ancaq onillər ötmüşdü. Nizami məqbərəsi yenə ürəkağrıdan uçuq vəziyyətə düşmüşdü.
İş o yerə gəlib çatmışdı ki, hətta "Molla Nəsrəddin” dərgisi 1908-ci il dekabrın 21-də işıq üzü görən 51-ci sayında Oskar Şmerlinqin bir karikaturası ilə yan-yörəsində inək-qoyun otlayan bu məqbərənin acınacaqlı vəziyyətinə acı-acı gülmüşdü: "Cəmaət! Bu əzim günbəd məşhur Nizami Gəncəvinin qəbridir. Mən təklif edirəm ki, bu mübarək yadigarı qoyunların ziyarətindən qurtaraq!”
Dünyanın çox üzlərini yüzillər öncədən görərək gələcəklərdən xəbər vermiş dahilər dahisi Nizami məqbərəsinin də sabah içərisindəki qismətini "İskəndərnamə”sində izhar etmişdi:
...Məzarım yanından ötüb keçərkən
Üstümdə görərsən göyərmiş otlar.
Başdaşım uçulmuş, çökmüşdür məzar.
Qəbrimin tozunu sovurmuş yellər,
Dostlardan anan yox məni bir nəfər.
Nizami dostlardan umurdu. Və məzarı yenidən şairin adına yaraşan hala gətirməkçün hərəkətə gələn, qeyrət göstərən elə yenə dostlar oldu.
Gəncə ziyalılarından Mirzə Məhəmməd Axundzadə "Şeyx Nizami Gəncəvinin tərcüme-yi halı” adlı kitabça yazdı, sonralar ilk Azərbaycan Milli Təhlükəsizlik İdarəsinin rəisi olacaq Məmədbağır Şeyxzamanlı onu nəşr etdirdi, millət fədailəri Ələkbər bəy Rəfibəyov, Ələsgər bəy Xasməmmədov, Aslan bəy Səfikürdski gücləri çatan məbləği məqbərənin bərpası üçün toplanan vəsaitin kisəsinə əlavə edəndən sonra lazım olan miqdarın kəsirini düzəltməkçün həmin kitabların nüsxələrini əllərinə götürüb küçəyə-bazara çıxdılar, xüsusi markalar sataraq bu nəcib iş üçün güman gələn hər yerdən vəsait toplamağa başladılar və o əsnada nalayiq rəftar, köntöy sözlərlə qarşılaşsalar da, bezmədilər, yarı yolda dayanmadılar.
Və toplanan məbləğə can-başla öz layiqli əlavəsini edənlərin önündə gedənlərdən biri də həmin Əsgər ağa Gorani idi.
O, "millət müəllimi” adlanmağa layiq Həsən bəy Zərdabinin yetirməsi idi və müəllimlik damarı ustadından aldığı tərbiyəylə ruhuna hopmuşdu. Hər münasib fürsətdə Vətən övladına yaxşı olan nələrisə təlqin etməyə səy göstərmək, girəvə yetincə millətə təzə biliklər verməyə tələsmək Əsgər ağada daxili ehtiyaca dönmüşdü.
Əsgər ağa Goraninin Gəncədəki "Nəşr-i maarif”in sədri olması, 1889-1890-cı tədris ilində Gəncədəki iki məktəbə fəxri müdir seçilməsi xeyli dərəcədə rəmzi hadisələr idi, onun böyük mənada MÜƏLLİMLİYİNİN cəmiyyət tərəfindən yekdilliklə təsdiqinin ifadəsi idi.
Əsgər ağanın müqəddəs kimi baxdığı Nizami Gəncəvi kamil palançılığın yarımçıq papaqçılıqdan üstün olduğunu XII yüzildə bəyan etmişdi və XIX əsrin bitər-bitməzində, 1877-ci il mayın 26-da "Əkinçi”dəki bir yazısında Gorani də müəllimliyə bir sənət kimi baxır, təlim edəndən yüksək bilik, məsuliyyət, valideynlərdən öyrətmənə münasibətdə yüksək tələbkarlıq istəyirdi: "Müəllim bir sənətkar babadır, öz sənətilə qeyr sənətkar kimi dolanır, yəni öz bildiyini uşaqların valideyninə satıb zindəganlıq edir”.
(Zavallı Əsgər ağa nə biləydi milləti gəlib XXI yüzilə çatanda elə valideynlər olacaq ki, müəllimə pul verəcəklər, hədiyyələr yollayacaqlar ki, balama bilik vermə, yalançı qiymətlər yaz, yetər!).
Gorani davam edirdi: "Və sənətkarın yaxşı-yaman olmağına səbəb camaatdır. Məsələn, yaman başmaq tikəndən başmaq alan olmasa, o başmaqçı ya gərək yaxşı başmaq tiksin, ya başmaqçılığı bərhəm etsin. Habelə müəllimin yaxşı-yaman olmağına bais camaatdır və əgər camaat başa düşə ki, bu tövr təlim usağı xarab edir və xahiş edə ki, uşaqlara qeyr tövr təlim olunsun, müəllim naəlac qalıb camaat istəyən tövrdə təlim edəcək, yoxsa zikr olan başmaqçı kimi gərək müəllimliyi bərhəm etsin”.
Hamınız istəyir ki, tədrisimiz, müəllimimiz, dərs kitablarımız müasir qabaqcıl dünya təhsilinin ülgülərinə tam uyğunlaşsın, bu yolda axsamağımızdan gileylər xirtdəyəcəndir.
Buyurun, Əsgər ağanın köhnəlməyən təklifi zay tədrisi və təlimi müalicə edə bilən ən yararlı üsullardan biridir.
Yönlü valideynsənsə, qıyma ki, balan bədbəxt olsun, Gorani deyəni tələb et!
Azərbaycan bu gün istiqlal içərisində yaşayırsa, Azərbaycan bu gün dünya boyunca tanınırsa, elmdə, mədəniyyətdə Yer kürəsinin dörd bucağında əks-səda verən uğurlarımız yetərincədirsə, bunların hamısında Əsgər ağa Goraninin payı var.
O bu milləti qəlbən sevib və bu millətin naminə usanmadan çalışıb.
O bu Vətəni sevib və yurdunun ucalışları, yurddaşlarının yüksəlişi yolunda can qoyub.
Belə millət çıraqlarına biz həmişə borclu qalacağıq.
Onların xatirəsini əbədiləşdirmək, pak adlarını yaşatmaqçün nə qədər əməklər sərf etsək belə!
Əsgər ağa Goraniyə gəlincə, çox şey istəmirəm – onu yaxşı tanıyaq və unutmayaq!
Bu, əslində, ona sənin, mənim, hər bir haqqitirməz azərbaycanlının borcudur!