Hər kəsin “tarixi hadisə” kimi qiymətləndirdiyi konvensiya barədə AzNews.az saytının suallarını tanınmış jurnalist və siyasi şərhçi Elçin Alıoğlu cavablandırır.
- Cənab Alıoğlu, Xəzərin hüquqi statusunu müəyyənləşdirən konvensiyanın imzalanmasından sonra Xəzəryanı ölkələr arasında etimad artacağı gözlənilir. Bəs, bu etimad ölkə üçün nə vəd edir?
- Istənilən halda istənilən dövlətin siyasətində etimad, qarşılıqlı anlaşma, bir-birinə güvən önəmli məsələlərdən biridir. Aktaudakı konvensiyanın ən önəmli tərəfi odur ki, iyirmi ildən artıq davam edən və həllini tapmayan problem artıq həll olunub. Çünki 2002-ci ildə Aşqabadda, 2007-ci ildə İranda, 2010-cu ildə Bakıda, 2011-ci ildə Həştərxanda Xəzərin hüquqi statusu məsələsi müzakirə olunmuşdu. Artıq yeni termin gündəmə gəlib. Bu da Xəzərin nə göl, nə də dəniz olmasıdır. Xəzərlə bağlı problemlərin hamısının qarşılıqlı etimad şəraitində həlli müəyyənləşib. Bundan sonra Xəzərlə bağlı olan bütün məsələlər dövlətlər arasında iki tərəfli danışıqlar vasitəsilə həll olunmalıdır. Lakin əvvəlcə tələb olunan beş dövlətin iştirak etməsi şərtdir. Düşünürəm ki, bu, Xəzəryanı dövlətlərin, sahilyanı regionların bundan sonrakı siyasi-iqtisadi inkişafına əlavə təkan verəcək. Eyni zamanda, Türkmənistan-Azərbaycan neft-qaz boru kəmərinin çəkilməsi və Türkmənistan-Azərbaycan qazının Avropaya çıxarılmasında çox ciddi irəliləyiş planlaşdırılır.
- Sizin fikirinizcə, tərəflər konvensiyanın müddəalarına nə dərəcədə əməl edəcəklər?
- Bilirsiniz, heç bir beynəlxalq müqavilə imzalanandan sonra tərəflərin buna əməl edib-etməyəcəklərini əvvəlcədən demək olmaz. Amma tərəflərin hamısı konvensiya şərtlərindən razıdır. Niyə? Rusiyanı,İranı ən çox məmnun edən şərt odur ki, anlaşmaya görə beş sahilyanı ölkə ərazilərində Xəzəryanı dövlət sayılmayan ölkələrin hərbi kontingentini yerləşdirməyəcək. Azərbaycanı təmin edən şərt Türkmənistan qazının Azərbaycan ərazisindən keçirilməsidir ki, bu 80 milyard kubmetr qaz, Avropa Birliyinin qaz tələbatının isə 25 faizi deməkdir. Bu maddə artıq tam reallaşma ərəfəsində sayılır. Qazaxıstan üçün konvensiyanın əhəmiyyətli tərəfi, Xəzərin dibinin göl, su hövzəsinin isə dəniz sayılmasıdır. Yəni Qazaxıstan Xəzərdə çox rahatlıqla geoloji qazma işlərini apara biləcək. Rusiyaya gəldikdə isə Sergey Şayqu hələ keçən il demişdi ki, hərbi dəniz donanmasının əsas bazası Həştərxanla həyata keçiriləcək. Rusiya Xəzəri militarlaşmış region saymayacaq. Türkmənistanı qane edən məsələ isə sahilyanı sərhəd zonasının 15 mil olmasıdır. 15 mildən sonrakı zona isə balıqçılıq, vətəgəçilik üçün ayrılır və istənilən sahilyanı ölkələrdən biri süni ada yaratmaq istəyərsə, ada ətrafında 500 metrlik zona təhlükəsizlik zonası sayılır. Ümumilikdə konvensiyada iştirak edən bütün tərəflərin çıxarlarına uyğun şərtlər yer alır. Bu isə müqavilədə uduzan tərəfin olmaması deməkdir.
- Azərbaycanın nəqliyyat infrastrukturu baxımından anlaşmanın əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan transmilli və trans dövlətlər arası xətdir. Ümumiyyətlə, 8 ildə Azərbaycanda 12 böyük tarixi nəqliyyat layihəsi reallaşıb. Həmin layihələr Azərbaycanın iqtisadiyyatını neft asılılığından tamamilə qurtarmasa da 85 % qeyri-neft sektorunun inkişafına nail olub. Azərbaycanda balıqçılıqdan tutmuş neft və qaz yataqlarının istehsalına, gəmi daşımalarından tutmuş dəmiryol daşımalarına qədər bütün spektr üzrə inkişafına imkan vermişdir.
- Bəs, Şərq -Qərb, Şimal- Cənub dəhlizləri baxımından konvensiyanın əhəmiyyətləri nələrdir?
-Ümumiyyətlə, Şərq-Qərb dəhlizi hər hansı regional daşımadan asılı deyil. Bu dəhliz böyük dövlətlərin maraqlarına cavab verib reallaşdırılan layihədir. Xəzərin statusunun həll olunması isə həmin layihənin alternativi yox, həmin layihənin təkanıdır. Çünki həmin layihə mübahisəli regiondan yox, mübahisənin həll olunduğu regiondan keçəcək. Artıq 20 il idi ki, Xəzərin hüquqi status problemi həll olunmadığından Şərq-Qərb dəhlizinin də işi çətin idi. Çünki onlara qoyulan investisiyalar yüz milyon dollarlarla ölçülürdü. Həmin layihə reallaşdıqdan sonra Şimal-Cənub, Şərq-Qərb dəhlizi işi daha da sürətlənir.
- Regional sabitliyin tənzimlənməsi fonunda “təklənmiş” halda Ermənistanı nələr gözləyir?
- Əvvəla , Ermənistan təklənməyib, o, özü özünü təkləyib. Sonrasında isə məsələ orasındadır ki, biz Ermənistanı blokadaya almamışıq. Biz sadəcə öz sərhədimizi bağlamışıq. Ermənistanın faciəsi oradadır ki, Gürcüstan və İranla sərhədləri açıq olduğu halda Türkiyə və Azərbaycanla vəziyyət eyni deyil. Ermənistan buna rəğmən son 20 ildə zərrə qədər də inkişaf etməyib , hətta geriləyib. Mahiyyətcə bu, artıq Ermənistanın bir status, bir subyekt kimi heç də nəzərə alınmadığını göstərir. Ermənistan burada istəsə belə rol oynaya bilməz. Eyni zamanda, Ermənistanın daha bir layihədən kənarda qalması da bunu bir daha sübut edir. Bundan sonra onlar nə qədər çalışsa belə sahilyanı dövlətlərin hər biri ilə ayrı-ayrılıqda danışıqlar aparmalıdır. Aqressiv işğalçı siyasət yürüdən terrorçuluğu milli siyasət, dövlət taktikası səviyyəsinə yüksəltmiş bir ölkə düşünmürəm ki, hər hansı bir sahilyanı dövlətlə normal əlaqə qura bilsin. Özünə ən yaxın müttəfiq saydığı Rusiya belə Ermənistanın yırtılmış maskasındakı əsl sifətini görür. İran isə Ermənistanı çoxdan ciddi layihələrdə tərəfdaş saymır.
-Bildiyiniz kimi, Azərbaycan bu günə qədər bütün məsələlərdə konstruktiv mövqe tutub. Tutduğu mövqe Azərbaycan üçün nə qədər həlledici oldu?
-Əslində, Aktauda Xəzərlə bağlı imzalanan konvensiya bilavasitə Azərbaycanın və Qazaxıstanın ciddi təşəbbüsləri, aktiv fəaliyyətləri nəticəsində baş tutdu. Təbii ki, burada Rusiyanın da rolu var. Azərbaycan sahilyanı dövlətlərə bildirdi ki, Xəzərin göl və ya dəniz sayılması düzgün deyil. Dəniz və göllər haqqında 1982-ci ildə və sonrasında beynəlxalq konvensiyalar təqdim olunub. Həm də keçən ilin sonları, bu ilin əvvəllərində Azərbaycan bir daha təşəbbüslə çıxış etdi və bildirdi ki, sahilyanı dövlətlər bir araya gələrək Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində addımlar atmalıdır. Rəsmi Bakının da bu və digər istiqamətlərdə göstərdiyi təşəbbüslə konvensiyanın imzalanmasında çox böyük rol oynadı. Xarici ekspertlər də təsdiq edə bilər ki, çətin və inadkar tərəflərdən olan Türkmənistanın masa arxasına gətirilməsində ən böyük rollardan biri məhz rəsmi Bakıya məxsusdur . Çünki rəsmi Bakı yeganə sahilyanı dövlətdir ki, bütün ölkələrlə normal iki tərəfli maraqlara cavab verən və qarşılıqlı anlaşma şəraitində olan siyasət yürüdür.
Pərvanə AĞAZADƏ
AzNews.az