Pxenyandan Seula çağırış: “Sanksiyalardan imtina edin”

16 Avqust 2018 12:06 (UTC+04:00)

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu fikir “Rodong Sinmun” qəzetində dərc olunan məqalədə öz əksini tapıb. “Əgər Cənubi Koreya koreyalararası əməkdaşlığa əngəl törətməyə çalışan xarici qüvvələrin sanksiya təzyiqinə kor-koranə qoşulsa, biz Şimal və Cənubun münasibətlərini inkişaf etdirə və Phanmuncom deklarasiyasına tam əməl edə bilməyəcəyik”, - deyə məqalədə bildirilir.

Müəllifin fikrincə, Seul və Pxenyan arasında münasibətlərin nizamlanması üçün milli suverenlik prinsipinə tam əməl olunmalı və digər dövlətlərin iki Koreyanın daxili işinə müdaxiləsindən imtina edilməlidir. “Hazırda ABŞ Cənub və Şimal arasında əməkdaşlığa və mübadiləyə, həmçinin barışıq və birləşmə prosesinə mane olmaq üçün Cənubi Koreya hökumətinə, müəssisələrə və özəl təşkilatlara təzyiq göstərir”, - deyə “Rodong Sinmun” qeyd edib.

Bu ərəfədə Koreya Respublikasının Prezidenti Mun Ce-in Koreyanın azad olunmasının ildönümü münasibətilə xalqa müraciətində KXDR-lə münasibətlərin inkişafından danışıb. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlığın bərpası növbəti 30 il ərzində 170 trilyon von (təxminən 150 milyard dollar) gəlir gətirə bilər. Cənubi Koreya lideri, həmçinin vurğulayıb ki, birbaşa iqtisadi əlaqələr yalnız Koreya yarımadasının tam nüvəsizləşdirilməsindən sonra baş tuta bilər.

Xatırladaq ki, aprelin 27-də sərhədyanı Phanmuncom məntəqəsində Cənubi Koreya və KXDR liderlərinin ilk görüşü baş tutmuşdu. Tərəflər sammitdə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq haqqında deklarasiya imzalamışdı. Bundan başqa, Cənubi Koreya prezidenti Mun Ce-in və KXDR lideri Kim Çen In 2018-ci ilin mayında da bir araya gəlmişdi. Bu ilin payizinda keçirilməli olan üçüncü sammit barədə razılıq məhz həmin vaxt əldə olunmuşdu.

AzNews.az