Qardaşına köməyə gedən taksi sürücüsü ürəyindən bıçaqlandı

16 Avqust 2018 14:03 (UTC+04:00)

Mərhumun yaxınlarının “Report”a verdiyi məlumata görə, hadisə avqustun 15-də Nizami rayonu ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı 8 saylı yataqxananın yaxınlığında qeydə alınıb.

Məlumata görə, R.Qəribovun qardaşı 1991-ci il təvəllüdlü Firudin Qəribovun parkda olarkən naməlum şəxslərlə mübahisəsi düşüb. Həmin şəxslər F.Qəribovu döyüb, həmçinin ayaq və üz nahiyəsinə bıçaq xəsarətləri yetiriblər. O, hadisə yerindən qaçaraq qardaşı Rauf Qəribovu köməyə çağırıb. Taksi fəaliyyəti ilə məşğul olan R.Qəribov hadisə yerinə gələndə, həmin şəxslər onu ürək nahiyəsindən bıçaqlayıb. O, "AzərSuTikinti" Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Firudin Qəribov isə əvvəlcə 3 saylı Şəhər Kliniki Xəstəxanasına, sonra isə 1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") yerləşdirilib.

Qəribovların yaxınları “Report”a bildiriblər ki, Firudin Qəribov parkda olarkən tanımadığı şəxslər ona söz atıblar: "Mübahisə də buna görə düşüb. Onun özünü yaralayıblar, köməyə gələn qardaşını isə qətlə yetiriblər. Rauf Qəribov ailəlidir, bir oğlu var. Maşın almışdı, taksi fəaliyyəti ilə məşğul idi. Ailələri Füzulidən məcburi köçkün düşüb, ataları da II qrup Qarabağ əlilidir. Sakit ailədirlər”.

Faktla bağlı cinayət işi başlanılıb, qətl törədən şəxslərin axtarışları davam etdirilir.

AzNews.az