Paşinyan Kremli inandırdımı və ya axmaqların niyə tövbəsi olmur?

20 Avqust 2018 09:51 (UTC+04:00)

Əslində Paşinyanın mitinqdə səsləndirdiyi fikirlər ayrıca bir yazının predmeti ola bilər. Amma bizi indi bu, düşündürmür. Daha maraqlısı və bəlkə də vacibi Paşinyan – Kreml dramının gələcək süjetini izləməkdir.

Paşinyanın problemləri olduqca çoxdur. Bircə onu xatırlamaq yetər ki, bu adam kövrək siyasi razılıq əsasında baş nazir kimi qalmaqda davam edir və bu kövrəklik Dağlıq Qarabağ siyasi klanının şokdan çıxaraq bir daha hərəkətə keçməsi, xüsusən də R.Koçaryanın yenidən böyük siyasi səhnəyə qayıtmaq istəməsilə bir anın içində pozula bilər – ölkədə siyasi hakimiyyət də, iqtisadi güc də hələki qeyd etdiyimiz klanın sərəncamında qalmaqda davam edir; Paşinyanın özünün hələki bir turist çantası və bir də ictimai dəstəyi var ki, bu da zamanla həmahəng həm arta, həm də ki, azala bilər.

Bəli, nə tam institutlaşmış hakimiyyət, nə güclü və populyar siyasi qüvvə, nə də stabil dayaqlar – bəli, bunları Paşinyan hələki arzulamaqda davam edir. Hakimiyyətin institusional transferi, legitimləşməsi hələki yubanır. Əvvəl deyilirdi ki, iyun-iyul aylarında yeni seçki qanunvericiliyi qəbul ediləcək və yeni baş nazir istefa verərək payızda keçiriləcək seçkilərə hazırlaşacaq. Amma deyəsən, indi ssenari dəyişir və növbəti seçkilərin gələn il baş tutacağı bildirilir. Üstəlik, Paşinyan hakimiyyət sükanını əldən buraxmağa ehtiyat edir və o, da öz sələfi tək bu məqsədlə erməni konstitusiyasının başına daha bir oyun açmağı, onu öz məqsədlərinə uyğunlaşdırmağı düşünür.

Alınacaqmı? Konkret deyə bilmərik. Ona görə ki, ölkədəki siyasi arxitektura dəyişmədiyindən hər an özünü yenidən bərpa edə bilər. Ən əsası isə, buna təkan ola biləcək amillər var və bunun da birincisi Kreml olaraq qalır.

Kreml Paşinyandan qərbçi və rusofob siyasətçi obrazı düzəltməkdə davam edir. Baxmayaraq ki, Paşinyan bunun üçün hələki elə bir tutarlı əsas verməyib; cəmi bir dəfə NATO-nun sammitində iştirak edib və bir dəfə də erməni hərbçilərini NATO-nun Gürcüstanda keçirilən sammitində iştirak etməyə yollayıb. Əslində bunlar əvvəlki hakimiyyət dövründə də olurdu, ona görə ki, digər iki Qafqaz ölkəsi kimi Ermənistan da 90-cı illərin əvvəlində NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmuşdu. Yəni bir daha deyirik ki, böyük bir hesabla hələ heç nə baş verməyib, amma Kreml təlaşdadır.

Əlbəttə, bu, o anlama gəlmir ki, Paşinyan Qərbə tamam biganədir və tamam-kamal farağat oturub Kremlin tapşırıqlarını gözləyir. Sözsüz ki, belə deyil. Ən azı ona görə ki, yeni baş nazir gözəl anlayır ki, ölkəsinin iqtisadiyyatı “ikinci nəfəslik” olmasa, tamam çökəcək, bunu isə ona tək Qərblə əməkdaşlıq verə bilər – bir daha deyirik ki, Paşinyan belə düşünür və hər şeydən çox ABŞ prezidentilə görüşməyə can atır. Amma iyul ayında Brüsseldə ona anlatdılar ki, inqilaba görə hədiyyə olmayacaq və Qərbdən dəstək almaq üçün konkret islahatlar aparmaq lazımdır.

Üstəlik, şəxsən biz daim qeyd edirik ki, hətta Qərbin də nə vaxtsa ayıracağı bir neçə yüz milyon da Ermənistanın problemlərini həll etməyəcək, onun problemlərini həllinin bir yolu var: region dövlətlərilə, xüsusən də Azərbaycan və Türkiyə ilə münasibətləri sahmana salmaq. Paşinyan bunu anlayırmı və yaxud da anlayacaqmı? Bütün hallarda biz erməninin əvəzinə cavab verə bilmərik, çünki bunların bəlli bir mərəzi var: axmaq fikirlərə düşmək...

Paşinyan hakimiyyətə təzə gələndə Gürcüstana səfər etdi və faktiki olaraq ölkəsinin Tbilisiyə ərazi iddiasının olmadığını bildirdi. Müəyyən müddətdən sonra o, bunu Türkiyə və Azərbaycanla da bağlı etməlidir.

Di gəl, bizim sezdiyimiz budur ki, axmaq fikirlər Paşinyanı da cazibəsinə almaqdadır. Düşünürük ki, o, Trampla görüşə elə-belə can atmır, soyuqlaşan ABŞ-Türkiyə münasibətləri fonunda Vaşinqtona öz xidmətini təklif etmək, Ermənistanı daha bir ölkənin “forpostuna” çevirmək istəyir. Həqiqətən də düz deyilib: axmaqların tövbəsi olmur.

Hüseynbala Səlimov