“Sədərək“ Ticarət Mərkəzi dəyişəcək

28 Mart 2013 12:57 (UTC+04:00)


Sədərək Ticarət Mərkəzində "STM" Media Mərkəzi yaradılıb. Bu barədə AzNews.az saytına Media Mərkəzinin rəhbəri Eltən Qədimbəyli məlumat verib.

Onun sözlərinə görə " STM " Media Mərkəzi Sədərək Ticarət Mərkəzi rəhbərliyinin təşəbbüsü ilə yaradılıb. Məqsəd " Sədərək" TM-ni beynəlxalq ticarət aləmində tanıtmaq, dövrün dəyişən tələbləri ilə ayaqlaşmasına nail olmaqdır: "Həmin tələblərdən biri də müştərilərə mütəmadi olaraq yeni, fərqli xidmətlər təklif etməkdir. Artıq "Sədərək" Ticarət Mərkəzində "brendləşdirmə" siyasəti aparılır. Həmin siyasəti formalaşdırmaq üçün bir neçə aydır ki, işləyirik. İşə sorğularla başladıq. Belə ki, əvvəlcə satıcı və alıcılarla aparılan söhbətlərdə onları narahat edən problemlər araşdırıldı. Həmin araşdırmalardan sonra Media Mərkəzi marketinq siyasəti formalaşdırdı. Təkliflərimizi layihələşdirib ticarət mərkəzinin rəhbərliyinə təqdim etdik. Həmin layihələr əsasında işlərə başladıq. İndi "Sədərək" Ticarət Mərkəzinin əsaslandığı daxili Nizamnamə var. 10 səhifəyə yaxın həmin sənədə əsasən, sözügedən Ticarət Mərkəzində çox şey dəyişəcək".

Eltən Qədimbəylinin sözlərinə görə, rəhbərlik ticarət mərkəzinin zahiri görünüşündən tutmuş daxili qaydalarına qədər hər şeyi dəyişməkdə qərarlıdır. Nəzərdə tutulan dəyişikliklərin bir qismi artıq tətbiq edilib: "STM-in radiolaşma layihəsi yekunlaşmaq üzrədir. Yeni layihələr də hazırlanıb. Sədərək Ticarət Mərkəzinin rəhbərliyi informasiya və bəlli standartların yaradılması sahəsində müşahidə olunan çatışmazlıqları aradan qaldırmaq, qonşu ölkələrdən daha cox alıcı cəlb etmək istəyir. Bu məqsədlə də layihələr hazırlanıb. Bundan başqa, ərazi böyük, mağazaların sayı isə çox olduğu üçün alıcılarımız nəyi, harada axtaracaqlarını bilmirlər. Sorğularımız göstərdi ki, bu, alıcılarımızı narahat edən əsas amillərdəndir. Problemi aradan qaldırmaq üçün "sederek.info"internet səhifəsi yaratdıq. Burada STM-də olan bütün mağazalar haqqında, həmçinin, ümumu yönləndirici məlumatlar - Sədərək Ticarət Mərkəzində müştərilərə göstərilən xidmətlər, kafelər, restoranlar, otellər, avtomobil dayanacaqları, avtobus marşurutları, bir sözlə alıcılarımızı maraqlandıra biləcək bütün informasiyalar yer alıb. Alıcılar internet səhifəmizə girməklə burada görülən işlər, endirim kampaniyaları, yeni kolleksiyalar gətirən mağazalar haqqında məlumat ala bilər".

E.Qədimbəylinin sözlərinə görə, 1 aydan çoxdur ki, Sədərək Ticarət Mərkəzində internet radio da fəaliyyət göstərir. Radio biznes xəbərləri, biznes etikası, dünyada fəaliyyət göstərən ticarət mərkəzlərinin təcrübəsindən maraqlı faktlar təqdim edir: "Təbii ki, bu da mərkəzdə fəaliyyət göstərən iş adamlarının işini daha yaxşı qurmasına, xidmətin keyfiyyətini qaldırmağa kömək edəcək".

Yeniliklər qiymətlərə necə təsir edəcək? E.Qədimbəyli bununla bağlı deyir ki, artıq 18 ildir ki, "Sədərək" Ticarət Mərkəzinin formalaşmış bir obrazı var: ""Sədərək" TM Qafqazın hər büdcəyə, hər zövqə uyğun malların satıldığı ən böyük topdan və pərakəndə satış mərkəzləridən biridir. Bizim iş adamlarımız xarici firmalarla etdikləri uzunmüddətli əməkdaşlıq nəticəsində etibar qazanıb. Bu etibarın və daimi əməkdaşlığın nəticəsidir ki, sahibkarlar malların alış-verişində, gətirilməsində ciddi güzəşt sahibidirlər.Bundan əlavə bir sıra xarici ölkələrdən kargoların birbaşa STM-ə gəlməsi qiymətlərın ucuz , malların cox çeşidli olmasına təsir edir . Qiymətlərin süni bahalaşdırılmasının qarşısını alan ən vacib faktor isə təbii ki, STMdə icarə xərclərinın digər TMlərə nisbətən xeyli ucuz olmasıdır. Bu faktorları nəzərə alanda, qiymətlərin ucuzluğuna görə heç kim bizimlə rəqabət apara bilməz. Məhz qiymətlərdəki münasibliyin nəticəsidir ki, uzun illərdir "Sədərək" Ticarət Mərkəzi marka olaraq qalır".

Müsahibimiz bildirdi ki, "Sədərək " Ticarət Mərkəzində mətbuat xidməti də fəaliyyət göstərir: "TM ilə bağlı yazılar bu qurum tərəfindən diqqətlə izlənir. Biz arzu edərdik ki, ölkəmizin dəyərli jurnalistləri STM lə əlaqədar məlumat əldə etmək istədikləri zaman mətbuat xidməti ilə əlaqə saxlasınlar. Media Mərkəzi yaxın zamanlarda ölkənin media nümayəndələri ilə daha sıx və qarşllıqlı münasibətlərin qurulması üçün görüş keçirməyi planlaşdırır ".

Ruhiyyə
AzNews.az