Qızı zorlanan ailəyə təzyiqlər başlayıb - TƏZAD

28 Mart 2013 12:25 (UTC+04:00)


AzNews.az-ın "Zorlanan məktəbli qızın anası Prezidentdən kömək istədi" başlıqlı, "Məni hədələyirlər ki, səsini çıxarsan səni öldürərik" yarımbaşlıqlı yazısı ölkə ictimaiyyəti arasında böyük səs-küyə səbəb oldu. Hətta bu hay-küyün sorağı Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevi, rayon prokurorunu, polis şöbəsinin rəisini, mərkəzi xəstənananın baş həkimi, bir sözlə, bu cinayətin ört-basdır edilməsində "əməyi" olan bütün insanları "hərəkətə" gətirib.

Zərdab rayonundan AzNews.az-a verilən məlumata görə, qızının zorlanması işinin araşdırılmasını tələb edən Alıcanlı kənd sakini Könül İsmayılovaya yuxarıda adları çəkilən qurumların rəhbərliyi tərəfindən təzyiqlər başlayıb. Gün ərzində Zərdab rayon İcra Hakimiyyətinin başçısı kreslosunu qorumaq və ananın səsini batırmaq üçün onun ardınca Alıcanlı kəndinə 3 dəfə maşın sürdürüb. K.İsmayılovanın "rədd" cavabını eşidən başçı sonradan işə Zərdab Rayon Prokuroru və Zərdab Rayon Polis Şöbəsini cəlb edib. Bu gecə polis rəisi cinayətkarın deyil, şikayətçinin qapısına nə az, nə çox - düz 3 dəfə maşın sürdürüb. Özü də gecə saat 1-3 radələrində.

Ona olan təzyiqlərlə bağlı K.İsmayılova AzNews.az-a açıqlamasında bunları söyləyib: " Dünən evimdə otura bilməmişəm. Biri gəlib, biri gedib. Dünən gecə polislər gəlib ki, "Rauf (zorlanan qızın atası – red) bizimlə təcili şöbəyə getməlidir. Prokuror çağırır. Bakıdan adamlar gəlib". Dedim ki, prokuror bu günə kimi hardaydı? Bu işi onlar bağlayıb. Polislər də dedi ki, "bu işə başqa bir prokuror baxırdı. İndi təzə prokuror gəlib işi də ona veriblər. O, maraqlanır, işi araşdırır". Bu adla Raufu polis şöbəsinə aparmaq istəyirlər. Dedim ki, əvvəla işi araşdıran prokuror qapıma gəlsin. Özü də gündüz saatlarında. İcra hakimiyyəti də qapıma 3 dəfə nümayəndə göndərib. Gələnlərin hamısı da həyat yoldaşım Raufu axtarır. Mən anlaya bilmirəm ki, bunlar Raufu neynirlər? Qız anası mənəm, şikayətçi də mənəm. Mənə, ailəmə susmağım üçün təzyiqlər göstərirlər. Daxili İşlər Nazirliyindən kömək istəyirəm. Yoldaşımı rahat buraxsınlar. Bizə təzyiq göstərməkdənsə baş vermiş cinayəti hüquq müstəvisində həll etsinlər".

Sevinc
AzNews.az