Hərbi poliqon mina və hərbi sursatlardan təmizlənəcək

28 Mart 2013 12:40 (UTC+04:00)
Azərbaycanda Sovet Ordusundan qalma daha bir hərbi poliqonun ərazisi partlamamış hərbi sursatlardan təmizlənəcək.

Bu barədə apa-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş əməliyyat mütəxəssis Adil Aslanov məlumat verib.

A. Aslanovun sözlərinə görə, Sumqayıt yaxınlığında yerləşən Sitalçay hərbi poliqonunun ərazisində Sovet Ordusundan qalma çox sayda partlamamış hərbi sursata rast gəlinir. Ərazidə indiyədək hərbçilərin müraciəti əsasında xeyli sayda sursat tapılaraq zərərsizləşdirilib.

"Əraziyə səpələnmiş çox sayda döyüş başlığı ciddi təhlükə yaradır", - deyə ANAMA mütəxəssisi vurğulayıb.

ANAMA nümayəndəsi poliqonun ərazisinin 4 milyon kvadratmetrə yaxın olduğunu və ilk mərhələdə təxminən 400 min kvadratmetr ərazinin təmizlənəcəyini bildirib. Əməliyyatlara yaxın vaxtlarda başlanacaq.

Qeyd edək ki, hazırda ANAMA tərəfindən Sovet Ordusundan qalma bir neçə poliqon – Qaradağ, Ceyrançöl poliqonlarında əməliyyatlar aparılır. Bundan başqa, Agentlik Türkiyənin Diyarbəkir və Konya vilayətlərində iki poliqonun ərazisini partlamamış hərbi sursatlardan təmizləyib.

AzNews.az