Xətainin icra başçısı geri çəkildi

28 Mart 2013 13:50 (UTC+04:00)


Bakının Xətai rayonu, Cavanşir 38 ünvanındakı 4 saylı yataqxananın sakini olan 79 ailənin mübarizəsi nəticəsini verib. Belə ki, 2000-ci il zəlzələsi zamanı qəzalı vəziyyətə düşən binada yaşayanlardan 80 ailə yeni mənzillərə köçürülsə də, qalan 79 ailənin köçürülməsi prosesi artıq bir neçə ildir ki, yubanırdı.

Bakı meri Hacıbala Abutalıbov sakinlər üçün yeni binanın tikintisinə torpaq sahəsinin ayrılması barədə sərəncam imzalasa da, sonradan 79 ailənin mənzillə təmini problemə çevrilmişdi.

Qəzalı vəziyyətdə yaşayan sakinlər dəfələrlə Nazirlər Kabinetinə, Respublika Prokurorluğuna, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdikdən, etiraz aksiyaları keçirdikdən sonra mənzil məsələsi həllini tapmağa başlayıb.

Sakinlərdən Hafiz Xanquliyevin AzNews.az-a verdiyi məlumata görə, son olaraq Nazirlər Kabinetində tikinti şöbəsində görüş keçirildikdən sonra yeni binanın tikiləcəyi bildirilib: "Nəhayət ki, qəzalı vəziyyətdəki binanın yaxınlığındakı boş torpaq sahəsi yeni binanın tikintisi üçün hasarlanıb. Qısa müddətdə tikinti işlərinə başlanacağı bildirilir. Layihənin aprelin 1-ə qədər hazır olacağını deyirlər. Nəhayət ki, mətbuatın köməyi ilə mübarizəmizin nəticəsi olacaq".


Elnarə Əlosmanqızı
AzNews.az