Feyziyyə Soltanmurad: “Bunlar varsa, bacaracaqsan”

24 Avqust 2018 15:01 (UTC+04:00)

Bu sözləri AzNews.az-a açıqlamasında Feyziyyə Soltanmurad deyib.

Feyziyyə Soltanmurad uzun illər mətbuatda şeirləri, esseləri, yazıları ilə çıxış edib. “Mesaj” adlı şeirlər və esselər toplusundan ibarət kitabı var. Uzun illər mətbuatda öz qələmi ilə tanınan bu xanım, hal hazırda “FON GROUP” şirkətinin rəhbəridir.

Bu şirkəti yaratmaq fikrim çoxdan var idi

Əslində çoxdankı arzum idi reklam şirkətimin olması. Amma bunun üçün biraz zamana ehtiyyac var idi həm bu sahəni araşdırmalı idim, həm də müəyyən biliklərə yiyələnməli idim. Çünki, bazarla bağlı çox fikrim yox idi və kimsə də məni hazır bazara gətirib çıxarmırdı. Daha sonra bu sahədə Türkiyədə təhsil aldım, biraz tərəddüd etsəm də artıq öz işimi qurmağın zamanı gəldiyini anladım. Bu işi qurarkən yalnız özümə arxalandım. İstər maddi, istərsə də mənəvi cəhətdən. Bir iş qurarkən özünə inam və işi bilmək əsas şərtdir. Bunlar səndə varsa, sən bacaracaqsan.

Şirkətimizin fəaliyyət sahələri

Şirkətimiz reklam işləri ilə məşğuldur. Fontv.az bizim saytımızdır. Saytımızda müxtəlif reklam çarxları, kitab təqdimatları yerləşdirələcək. Bu sayt sahibkarlara, əsasən də gənc sahibkarlara dəstək olacaq. Onların uğur hekayələrini və işlərini paylaşacayıq. İnsanları həm maarifləndirəcəyik həm də motivasiya edəcəyik.

İşimdə mənə ən çox yoldaşım dəstək olur

Yoldaşım çoxdan bilirdi ki, bu işi görmək mənim arzumdur. Ona görə də hər zaman mənə dəstəkdir. Məncə, əsas ailədir, onlar dəstək olduqdan sonra hərşey yolunda gedir. Dostlarım da dəstək olur, bəziləri motivasiya edir, bəziləri yaxşı məsləhətlər verir. Amma bu işə başlamaq istədiyimi deyəndə bəzi insanlar deyirdi ki, lazım deyil. Yeni devalvasiya olub, dolların məzənnəsi dəyişə bilər, zərər də bilərsən.

Yaradıcılıq və bizneslə bir arada məşğul olacam

Mən yazaram, yazarın vəzifəsi yazı yazmaq, yeni idealar ortaya qoymaqdır. Bu idealarımı təkcə şeir ya da esse yazmağa qoymaq kifayət etmir. Yaradıcılığı hansısa bir məhsulun tanıtımında da istifadə etmək olar məncə.

Cəmiyyətimizdə hələ də qadın zorakılığı var

İnkişaf etmiş ölkə olmağımıza baxmayaraq hələ də zorakılığa məruz qalan qadınlarımız var. Bu mövzu ilə bağlı sosial çarxları çəkməyi düşünürük. Tək fikrimiz bu deyil uşaqlarla bağlı, fiziki məhdudiyyətli şəxslər barədə layihələr işləmək istəyirik. Bu dediyim fikirlərimizi həyata keçirərkən heç bir maddi qazanc güdməyəcəyik. Bunları sadəcə cəmiyyəti maarifləndirmək və insanlardaki humanizm hissini oyada bilmək üçün edəcəyik.

Şəhid və qazilərlə bağlı tanıtım videoçarxları hazırlanacaq və onların ailələrinə bizim xidmətlərimiz tam təmənnasız olacaq.

Nigar CƏFƏR
AzNews.az