“Merkelin səfəri zamanı əsas müzakirə mövzularından biri də...” - Vüqar Rəhimzadə

24 Avqust 2018 15:30 (UTC+04:00)

Bu fikirləri AzNews.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində avqustun 25-də Azərbaycana gəlməsi mühüm hadisədir: “Cənubi Qafqaz regionu bu gün aparıcı dövlətlərin, dünyanın güc mərkəzlərinin diqqət mərkəzindədir. Bunun əsas səbəblərindən biri Azərbaycanın həyata keçirdiyi qlobal enerji layihələri ilə bağlıdır. Regiona və dünyaya sülh, sabitlik gətirən bu layihələr, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm amil kimi qiymətləndirilir. Ölkəmizin təşəbbüsü ilə uğurla reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsini bu baxımdan xüsusi vurğulamaq lazımdır. Qitələri birləşdirən bu layihə tərəfdaş ölkələrə böyük fayda verəcək. Almaniya da “Cənub Qaz Dəhlizi” layihəsinə böyük maraq göstərir. Şübhəsiz, Almaniya kansleri xanım Angela Merkelin səfəri zamanı əsas müzakirə mövzularından biri də məhz enerji məsələləri olacaq.”

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, Azərbaycanla Almaniya arasında çox fəal siyasi dialoq mövcuddur: “Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, ədalətli şəkildə həllinin tərəfdarıdır. Hesab edirəm ki, Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri qarşılıqlı əlaqələrin inkişafına yeni stimul verəcək.”

AzNews.az