Merkel Bakının bir addımlığında - Kanslerin Qafqaz səfərinin icmalı

24 Avqust 2018 17:07 (UTC+04:00)

Merkelin ilk səfəri 23 avqust tarixində Gürcüstana olub. Onu Tbilisi beynəlxalq hava limanında Gürcüstan xarici işlər naziri David Zalkaliani və ölkənin Almaniyadakı səfiri Elquca Xokrişvili qarşılayıblar. Merkeli gətirən təyyarə Tbilisi Beynəlxalq hava limanına nəzərdə tutulandan 15 dəqiqə tez enib. Hava limanında Merkeli Gürcüstanın baş naziri Mamuka Baxtadze qarşılayıb. Merkel və Baxtadze mətbuat üçün birgə bəyanatla çıxış ediblər.

Kanslerin Gürcüstana ikigünlük rəsmi səfəri baş tutub. Dünən kansler prezident və baş nazirlə görüşüb. Bu gün müxalifət nümayəndələri, həm də Tbilisi Dövlət Universitetinin tələbələri ilə görüşüb. Tələbələrlə görüş Merkelin səfərinin ən maraqlı və mühüm görüşlərindən biri olub.

Görüş zamanı verilən suallardan biri Gürcüstan ərazisinin işğalı mövzusunda olub. Lakin, Almaniya kansleri cavab verərkən, “işğal” sözünü işlətməyib və Rusiyanın hərəkətlərini sadəcə “ədalətsizlik” kimi qiymətləndirib. Tələbənin sualı da məhz bundan sonra gəlib:

“İşğal” termini ilə bağlı hər hansı problem var, ya da hansı səbəbdən siz Sxinvali və Abxaziyada baş verən hadisələri işğal kimi qiymətləndirmirsiz və niyə ancaq “ədalətsizlik” terminini işlədirsiz?

— Bəli, bu, işğaldır, işğal olunmuş ərazi. Bu, xanım kanslerin cavabıdır. Mən dedim ki, bu, işğaldır, zəbt olunmuş ərazi, 20 faiz, buna baxmayaraq, bu böyük ədalətsizlik olaraq qalır”, — deyə Merkel tələbənin sualına cavab verib.

Kanslerin bu fikirləri tələbələr tərəfindən alqışlarla qarşılanıb.

Kansler Gürcüstan və Rusiya münasibətlərinə fikir bildirərkən deyib ki, Avropa İttifaqı və NATO Rusiya üçün təhdid deyil və Almaniya da Rusiya ilə daha yaxşı diplomatik əlaqələrdə olmaq istəyir:

“Almaniya tək Gürcüstan, Azərbaycan və ya Ukrayna ilə deyil, həm də Rusiya ilə yaxşı münasibətlərdə olmaq istəyir. Rusiya dünyada çox vacib ölkədir… Rusiya anlamalıdır ki, NATO və Avropa İttifaqı onun düşmənləri deyil. Rusiya təbii ki, keçmiş Sovet İttifaqı respublikalarının vəziyyətini ağırlaşdırır; misal üçün, Gürcüstanın Cənubi Osetiya və Abxaziya şəklində; misal üçün, Moldovanın problemləri var; Azərbaycanın da Ukraynadakı kimi problemləri var.”

Merkelin sözlərinə görə, əsas həqiqət ondadır ki, Rusiya qazı Avropaya başqa ölkələrdən alınan qazdan daha ucuz başa gəlir.

“Soyuq müharibə vaxtı da Avropa ilə Rusiya, o vaxt Sovet İttifaqı arasında elektrik enerjisi sahəsində sıx əlaqələr olub. Biz Rusiya ilə neft və qaz sahəsində əməkdaşlığımızdan imtina edə bilmərik. Düzdür, Azərbaycan da bizim qaz ala bildiyimiz ölkə ola bilər, amma iş orasındadır ki, bu qazı Rusiya qazı qiymətində almaq mümkünsüzdür. Mən Rusiya ilə ticarət münasibətlərinə qarşı deyiləm, biz Ukrayna və Gürcüstanla bağlı problemləri həll edə bilərik və bu, insanların xeyrinə ola bilər”

Hal-hazırda isə Merkelin Ermənistan səfəri başlayıb. Hava limanında həmkarı Nikol Paşinyan tərəfindən qarşılanan kansler Ermənistan prezidenti Armen Sarkisyanla da görüşəcək.

Politoloq Elçin Mirzəbəylinin fikrincə, Paşinyan Merkeldən ən çox ehtiyacı olan Avropa İttifaqının dəstəyini istəyəcək. Bu istək də Ermənistanın artıq siyasi və iqtisadi cəhətdən artıq çöküş yaşadığından qaynaqlanır.
Almaniya Kansleri Angela Merkel Qafqaza səfəri çərçivəsində şənbə günü isə Bakıya gələcəyi və prezident İlham Əliyevlə görüşəcəyi Almaniya rəsmiləri tərəfindən təsdiqlənib.

Səfərin məqsədi "Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlığının inkişafıdır.Almaniya XİN-i isə xanım Merkelin insan haqları məsələlərinə toxunacağını ehtimal etdiyini bildirib.Qərb mediasında isə Merkelin səfərində əsas məqsədin Avropa üçün Azərbaycanın idarə etdiyi, Rusiyaya alternativ enerji mənbəyi olan cənub qaz dəhlizinin genişləndirilməsi olduğu deyilir.

Səfər barədə Avropa İttifaqının xarici siyasəti, miqrasiya və enerji təhlükəsizliyi üzrə ekspert Dionis Çenuşa Merkelin Cənubi Qafqaz və xüsusilə də Azərbaycan səfərinin Avropa üçün ciddi strateji maraq doğura biləcəyini deyib.

D. Çenuşaya görə, Almaniya Azərbaycana ilk növbədə energetika sahəsində olan marağına görə bağlıdır.
Bildirilir ki, Angela Merkelin baş tutacaq səfərinə qədər İlham Əliyev iki dəfə-2015-2016-cı illərdə-Almaniyada olub. Bu səbəblə, diplomatik prinsiplər də əsas götürülərək A.Merkelin bu səfəri onsuz da baş tutmalı idi.
Vüqar Bayramova görə isə bu səfərin siyasi effektləri ilə yanaşı iqtisadi effektləri də olacaq. Gözlənilir ki, Almaniya kanslerinin səfəri zamanı müzakirə ediləcək iqtisadi məsələlər içərisində mavi qazın Avropaya çatdırılması və eləcə də ölkəmizin Avropa Birliyi ilə aparılan danışıqlar üstünlük təşkil edəcək. Cənubi Qaz Dəhlizi əsasən Cənubi Avropaya hədəflənsə də Almaniya bu təşəbbüsü fəal dəstəkləyənlərdəndir. Avropa aparıcısı bununla qitədə enerji asılılığını mərhələli şəkildə azaltmağa çalışır.

Elçin Mirzəbəyliyə görə, kanslerin Azərbaycana səfəri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində öz töhfəsini verə bilər. Digər tərəfdən, Almaniya kanslerinin ölkəmizə səfəri Almaniya-Azərbaycan iqtisadi münasibətlərinin inkişafı baxımından da əhəmiyyət kəsb edir. Azərbaycan üçün özünün müəyyənləşdirdiyi strateji hədəflər var. Bu hədəflərdən biri ölkəmizin iqtisadiyyatının diversifikasiyası ilə bağlıdır. Artıq yeni sənaye müəssisələrinin yaradılması, almaniyalı iş adamlarının Azərbaycana sərmayə yatırması üçün kifayət qədər geniş perspektivlər var. Bu aspektdən də səfər mühüm önəm daşıyır.

Pərvanə AĞAZADƏ
AzNews.az