“Merkel mərəkəsi”: kimlər və nədən narahatdır? - Operativ şərh

25 Avqust 2018 13:01 (UTC+04:00)

Bir az obrazlı desək, Almaniya kanslərinin İrəvan və Tiflisdəki görüşlərinin əhəmiyyəti “xala və xətir” səciyyəsindən kəskin şəkildə qırağa çıxmasa da, Azərbaycanda həm Qafqazın, həm də bütövlükdə bölgənin iqtisadi- siyasi müqəddəratına dərindən təsir göstərən müzakirələr aparılacaq. Bu müzakirələrin başlıca mövzularından birinin “Cənub Qaz Dəhlizi” layihəsi olacağını təxmin etmək çətin deyil. Hələ Merkelin uçağı havaya qalxmazdan öncə Avropa mediasında Almaniyanın bu projenin genişlənməsində xüsusi marağı olduğu vurğulanırdı. Diplomatik qaynaqlardan sızan məlumatlar əsasında qeyd edilirdi ki, Almaniya “Cənub qaz dəhlizi”nə daha bir neçə ölkə də cəlb etməyi arzulayır. Bütün bunlar isə bir daha təsdiq edir ki, enerji məsələləri, Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli və bu nəqlin gerçəkləşməsi üçün infrastrukturun təkmilləşdirilməsi kansler Merkelin prezident İlham Əliyevlə bağlı qapılar arxasındakı söhbətinin xüsusi paraqrafı olacaq.

“Cənub Qaz Dəhlizi” layihəsi sadəcə iqtisadi və sadəcə diplomatik çərçivədə dəyərləndirilə biləcək bir ideya deyil. Bu projenin reallaşması Azərbaycan müstəqiliyinin bütün parametrlər üzrə möhkəmlənməsi, ölkəmizin regional və beynəlxalq konfiqurasiyada “oyun qurucu” rol oynamaq imkanlarının artması, ən nəhayət strateji əhəmiyyəti daim artan bir dövlət olaraq BMT tərəfindən tanınmış bütün ərazilərmizdə suverenliyimizin bərpası baxımından önəmlidir. Başqa sözlə, Azərbaycanın xüsusi aktyor olaraq irəli sürdüyü, yaxud iştirak etdiyi bütün beynəlxalq layihələr Xankəndinə uzanan yolumuzu qısaldır.

Bütün bunları anlamaq və elementar şəkildə təhlil etmək üçünsə peşəkar siyasətçi və ya analitik olmağa elə bir ehtiyac yoxdur, azacıq məlumatlı və xırdaca məsuliyyətli vətəndaş rahatca qənaət hasil edə bilər ki, Azərbaycanın iri projelərlə dünyaya açılması milli maraqlarımızın lehinədir. Madam məsələ bu qədər açıq və gerçəkçidir, o zaman içəridə və dışarıda “Merkel Mərəkəsi” qoparmağa nə hacət? Bəli, mən də bu fikirdəyəm ki, bir müxalif siyasi təşkilatın sosial-siyasi görəvinə xarici siyasətlə bağlı məsələrdə də əgər varsa, iqtidarın səhvlərini tapmaq və göstərməkdir. Ancaq bir ölkənin müxalifəti qarşı olduğu iqtidarı, o iqtidarın birinci şəxsini başqa bir dövlətin kanslerinə məktubla, ərizə ilə şikayət edirsə, bunun adı, ən yaxşı halda, anti-milli fəaliyyətdir. İstər AXCP və Müsavatın, istərsə də Avropadakı mühacirlərin müxtəlif müraciət və piketlərlə Merkelə “Azərbaycana gəlmə” mesajlarını verməsi bir dövlət olaraq Azərbaycandan başqa hər kəsin, xüsusən də Azərbaycanın, mərkəzində Azərbaycan dayanan layihəyə qarşı olanların- onların kim olduqlarını sadalamağa ehtiyac yoxdur- əlinə işləyir.

Görünür həmin dairələr işarəni AXCP-nin əli ilə verir və işarədən anlamağa arif olanlar da Müsavatı mərəkəyə qoşur. Diqqət edin, Merkelin Tiflisə və İrəvana təşrif buyurub da Bakıya arxa çevirməsi Azərbaycanın Avropa ilə

bağlarının qırılması üçün həlledici amilə çevrilə bilərdi. Bu isə, ən çox Ermənistanın işinə yarayardı, deyilmi? Deməli, Merkelin Azərbaycana səfərini protest edənlərin və bu protest üçün “insan hüquqlarının vəziyyəti” ilə bağlı muzdur hesabatları ilə “məlumat bazası” hazırlayanların bir qulağı erməni diasporun zəngin nümayəndələrinin ağzındadır.

Digər bir bənzər kəsim isə mühacir biznesində qaz vurub, qazan dolduranlardır. Eşitmiş olarsınız, sığınacaq almaq üçün müraciət etmiş 51 azərbaycanlı bu il iyulun 18-də Almaniyadan deportasiya edilib. Bu, “Readmissiya haqqında” sazişin tələblərinə əsasən baş tutub. Yayılan məlumata görə, deportasiya edilənlər arasında Müsavat Partiyasının üzvləri və dindarlar da olub. Belə çıxır ki, Merkelin gəlişinə “etiraz”lar həmin mühacir dəllallarının öz maddi mənfəətlərini qorumağa xidmət edir. Azərbaycanın reputasiyasına bu şəkildə zərbə vuranlar, paralel olaraq Almaniyanın vergi ödəyicilərinin də haqqına girir və elə xanım Merkelin Tiflisdə keçirdiyi mətbuat konfransında verdiyi mesajlardan da belə başa düşmək olar ki, miqrant mövzusuna həssaslıq artıb. Mərəkəyə “xələt almaq” üçün qoşulan bir zümrə də Avropa, o cümlədən Almaniya təsisatlarından qrant alanlardır. O adamların ki, qrant layihələri hələ də davam edir, onlar öz aləmlərində Merkelə Azərbaycana “minnət qoymaq” fürsəti yaradırlar; maliyyədən məhrum olanlar isə Almaniyanın xanım kanslerini şantaj edir və onun müxaliflərinin əppəyinə yağ sürtürlər.

Bütün hallarda, Merkel artıq Bakıdadır və bu şərhin yazıldığı dəqiqələrdə Azərbaycan prezidenti ilə Almaniya kanslerinin geniş tərkibdə görüşü keçirilirdi...

Taleh ŞAHSUVARLI,
AzNews.az portalının Baş redaktoru