Bu gün Birinci Vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

26 Avqust 2018 00:01 (UTC+04:00)

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın tarixən böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.

Bütün bu keyfiyyətlər bu gün Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın timsalında açıq-aydın görünür. O, çağdaş Azərbaycan qadınının rəmzidir- peşəkar siyasətçi və dövlət xadimi, xalqın inandığı,etimad göstərdiyi bir şəxsiyyətdir.Onun Azərbaycan dövləti, Azərbaycan xalqı adına göstərdiyi çabalar, əldə etdiyi nailiyyətlər saymaqla tükənmir. Məhz onun varlığı, zəkası və əzmi ilə Azərbaycan siyasi tarixində ilk dəfə birinci xanım institutunun formalaşması, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda və xaricdə uğurlu humanitar layihələr həyata keçirilməsi, tolerantlığın, multikulturalizmin təbliğinə, sosial problemlərinhəllinə, Azərbaycan dövlətinin və iqtidarın müsbət imiciningücləndirilməsi kimi töhfələr olub.

Ümumiyyətlə, Mehriban xanımın bioqrafiyasına qısa şəkildə nəzər salmaq mümkün deyil. Bununla belə, nümunəvi Azərbaycan xanımının uğurlu həyat xronologiyasının əsas xəttinə qısaca diqqət edək:

Mehriban Arif qızı Əliyeva 1964-cü ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988–1992-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib.
1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edib və hazırda onun rəhbəridir. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan "Azərbaycan – İrs" jurnalını təsis edib. 2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Həmin ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə partiyanın sədr müavinidir. 2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.

Humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə 2006-cı ilin noyabrında ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib. 2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Bununla əlaqədar 2017-ci il martın 6-da Milli Məclisin deputatı səlahiyyətlərinə xitam verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etməsiheç də təsadüf deyildi. Məhz bu addımla siyasi idarəçilik tariximizdə yeni mərhələnin əsası qoyulmuş oldu. Mehriban Əliyeva bu təyinatdan sonra Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında hesabat xarakterli çıxış edərək bəyan etdi ki, bundan sonra da Azərbaycan naminə var gücü ilə çalışacaq:

“Əminəm ki, Azərbaycanın gələcək inkişafı üçün əlimizdən gələni bundan sonra da tam gücümüzlə birlikdə, bir komanda kimi həyata keçirəcəyik”.

Yüksək idarəçilik qabiliyyətinə sahib olan Mehriban Əliyeva “Eurovision-2012” mahnı müsabiqəsinin, ilk Avropa Oyunlarının yüksək səviyyədə hazırlanmasına təşkilatçılıq etmişdir. Təsadüfi deyildi ki, Bakıda təşkil olunan İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri də Mehriban Əliyevadır. Azərbaycanın birinci xanımının zəngin, səmərəli fəaliyyətinə dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən də zaman-zaman yüksək dəyər verilir. “Yüzilliyin mesenatları” Beynəlxalq Fondunun “Yaqut Xaç” ordeni (9 iyun 2015), Polşa Respublikasının “Xidmətlərə görə Böyük Komandor Xaçı” ordeni (14 sentyabr 2009), Fransa Respublikasının “Şərəf legionu” ordeni (15 fevral 2010), UNESCO-nun “Qızıl Motsart” medalı (30 iyul 2010), Krans Montana Forumunun qızıl medalı (24 iyun 2011), Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adı (13 aprel 2012), Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” (27 dekabr 2013), “The Business Year” jurnalının “İlin Birinci Xanımı” mükafatı (14 may 2014-cü il), Küveyt Dövlətinin fəxri diplomu (21 avqust 2014) , Azərbaycanın ən ali “Heydər Əliyev” ordeni (29 iyun 2015) və s. titullar, mükafatlar Mehriban xanımın humanist fəaliyyətinə verilən yüksək qiymətdir.

Bütün bu sadalanan yorulmaz, qətiyyətli və uğurlu fəaliyyətin nəticəsidir ki, Mehriban xanımın Birinci vitse-prezident təyin olunması da böyük məmnunluqla qarşılandı. Mehriban xanımın Birinci vitse-prezidentliyi xalqın sosial sifarişi olaraq səciyyələndirilir. Çünki onun dövlət idarəetmə sistemində bu yüksək vəzifəni daşımağa həm siyasi, həm də mənəvi haqqı çatır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ötən ilfevralın 26-da “Rossiya 1” telekanalına müsahibə verdi. Müsahibə hər bazar günü efirə çıxan “Vesti nedeli” proqramında göstərildi. Proqramın aparıcısı jurnalist Dmitri Kiselyov qeyd etdi ki, Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi haqqında qərar məntiqli qərar kimi qarşılanıb. D.Kiselyov deyib:

“Mehriban Əliyeva onsuz da praktiki olaraq ölkənin bütün ictimai və siyasi həyatında iştirak edir, idarəçilik sahəsində zəngin təcrübəyə malikdir. Cəmiyyətdə onun nüfuzu şəksizdir. Mehriban Əliyeva son üç çağırış Azərbaycan parlamentinin deputatıdır, Heydər Əliyev Fonduna müvəffəqiyyətlə başçılıq edir, onun rəhbərliyi ilə 2012-ci ildə Bakıda “Eurovision” müsabiqəsi çox gözəl keçirilib, inişil isə tarixdə ilk dəfə Avropa Oyunları təşkil edilib. Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva proqrama müsahibəsində bildirdi ki, yeni vəzifədə Prezidentin etimadını, ən başlıcası isə ona inanan, ona ümid bəsləyən insanların etimadını doğruldacaq. Mehriban xanım bu təyinatın Prezidentin şəxsi təşəbbüsü olduğunu, uzun illər ərzində həm Prezidentin xanımı, həm də onun silahdaşı olmağının da bu işdə rol oynadığını vurğuladı.

1 mart tarixində ABŞ-da dərc olunan “The Huffington Post” qəzetində psixiatriya doktoru, xanım Mellori Moss-Katsın özünü təsdiq etmiş qadınların yüksək vəzifələr tutmalarının vacibliyi barədə məqaləsi dərc edilib. Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti təyin edilməsindən də danışılmışdır. M.Moss-Kats yazırdı ki, Birinci vitse-prezident Mehriban Əliyevanın siyasətdə böyük təcrübəsi var. O, üç çağırış parlament seçkiləri zamanı öz seçki dairəsindəki seçicilərin səslərinin 90 faizindən çoxunu toplayıb. O, Heydər Əliyev Fondunun prezidenti kimi resursların müəyyən hissəsini Azərbaycanda və onun hüdudlarından kənarda insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəldilən humanitar layihələrə sərf edib. O, məktəb və xəstəxana binalarının tikintisi layihələrinə rəhbərlik edib, Fransada Luvr Muzeyində və Versal Sarayında bərpa layihələrinə ianələr edib. Birinci vitse-prezident Mehriban Əliyevaya dərin ehtiram hissi ilə yanaşır və onu sevirlər. M.Moss-Kats sonda ümidvar olduğunu bildirib ki, gələcəkdə ABŞ Administrasiyasında da qadın vitse-prezident olacaq.

Tək Azərbaycanda deyil, ölkə xaricində də bu məsələni diqqət mərkəzində saxlayanlar belə bir fikirlə həmrəydirlər ki, Azərbaycan dövləti və xalqı üçün yorulmaz fəaliyyət göstərən Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində də özünü görkəmli dövlət xadimi kimi təsdiqləyəcək, ölkəsinə daha çox xidmət göstərəcək.Necə ki, gözləntilər günbəgün özünü doğrultmaqdadır.

Bu gün ölkədəki quruculuq proseslərində, ictimai həyatda yaxından iştirak edən, millətin və dövlətin taleyinə biganə qalmayan Mehriban xanım Əliyeva Azərbaycan qadınının fədakar obrazını bütün dünyaya nümayiş etdirir. Şübhəsiz, bu təyinat beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilən Azərbaycanın daha da modernləşməsinə növbəti təkan olacaq.

Bu gün Azərbaycanda və dünyada Mehriban xanım Əliyeva rəsmi Bakının prioritet kimi müəyyənləşdirdiyi siyasi, iqtisadi və humanitar xətlə bağlı ardıcıl və çoxşaxəli fəaliyyət göstərən ictimai-siyasi xadim kimi tanınır. Təhlilçilərin də qeyd etdiyi kimi, Mehriban xanım Əliyeva Azərbaycanın tarixinə və mədəniyyətinə dərindən bələd olan, onun maddi abidələrini, mənəvi sərvətlərini qorumağı bacaran, Azərbaycanın musiqi həyatından başlamış siyasi həyatınadək bütün sahələrdə imzası görünən, ölkəmizi beynəlxalq miqyasda uğurla təmsil edən dünyada nüfuz və hörmətə malik olan ictimai-siyasi xadimdir. Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinin coğrafiyası Pakistandan Vatikana və Avropa İttifaqı ölkələrinə qədər uzanır.

Mehriban xanım Əliyeva həm ölkəmizin birinci xanımı, həm Heydər Əliyev Fondunun prezidenti, həm də millət vəkili kimi uğurlu fəaliyyəti ilə xalqımızın böyük təqdirini və etimadını qazanıb, daim insanlarla ünsiyyətdə olub, onları düşündürən, narahat edən məsələlərin həlli ilə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi təşəbbüsü ilə çıxış edib. Heydər Əliyev Fondunu 14il ərzində dünyanın ən nüfuzlu ictimai təşkilatlarından biri kimi inkişaf etdirməyə nail olan Mehriban Əliyeva ümummilli liderin ideyalarının Azərbaycanda layiqincə yaşadılmasını təmin edib, həm də onun beynəlxalq miqyasda təşviqatını böyük peşəkarlıqla həyata keçirib.Mehriban xanım Əliyevanın dövlətimizin ən ali mükafatı - “Heydər Əliyev” ordeninə layiq görülməsi isə onun əməyinə verilən yüksək qiymətdir.

Azərbaycan xalqının adət-ənənələrinin təbliğindən tutmuş, xalq incəsənət nümunələrinə kimi xarici ölkələrdə bilavasitə Mehriban xanımın rəhbərliyi ilə sərgilər həyata keçirilib. Əgər bu gün xarici ölkələrdə muğamımızı sevə-sevə dinləyirlərsə, bu da Mehriban xanımın Azərbaycan muğamının dünyaya çatdırlmasında oynadığı rolun nəticəsidir. Təsadüfi deyil ki, Azərbaycanın bir sıra mədəni nümunələri UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Bununla da bir daha Azərbaycanın mədəni irsini necə qorumağın, necə inkişaf etdirməyin də nümunəsini Mehriban xanım sərgiləyir. Beynəlxalq aləmdə ziddiyyətlərin, xaosun hökm sürdüyü bir şəraitdə bu qədər yüksək səviyyədə təşkilatçılığı Mehriban xanım mədəniyyətlərin bir-birini inkar etməsini deyil, bir-birinə yaxınlaşmasını təmin etmiş olur.

Mehriban Əliyeva xüsusən də sosial problemlərin həlli istiqamətində çox böyük işlər görüb, o, gənclərin dövlət idarəçiliyində və xalqın təmsilçilik orqanlarında fəal iştirakının əsas təşəbbüskarıdır. Milli Məclisdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan Amnistiya aktları minlərlə insana, yüzlərlə ailəyə sevinc bəxş edib. O, ölkəmizdə səhiyyə, təhsil sahələrində mühüm layihələrin təşəbbüskarı kimi də çox uğurlu fəaliyyət göstərib. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkədə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilib. Heydər Əliyev Fondunun xətti və dəstəyi ilə minlərlə insan tibbi müalicə alıb, yenidən həyata qayıdıb. Onun böyük humanizmi nəticəsində valideyn himayəsindən məhrum qalmış minlərlə körpə ən müasir binalarda ən yüksək səviyyədə yaşamaq və təhsil almaq şansı qazanıb.

Əminliklə söyləmək olar ki, Mehriban xanım Əliyeva ölkəmizin inkişafına bundan sonra da müstəsna töhfələr verəcək.

Bu yolda Mehriban xanım Əliyevaya- Azərbaycanın Birinci vitse-prezidentinə yeni-yeni uğurlar arzulayırıq.

AzNews.az