Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edilib

28 Mart 2013 15:21 (UTC+04:00)
Türkiyənin paytaxtı Ankara şəhərinin Kızılcahamam Bələdiyyə Məclisi yekdilliklə Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edib.

Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, sözügedən qərarda 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən soyqırımın unudulmamalı, bu insanlığa sığmayan soyqırımın gələcək nəsillərə və bəşəriyyətə çatdırılmalı olduğu qeyd edilib və bu acı, vəhşiliklə törədilmiş soyqırımın əbədiləşdirilməsinin vacibliyi vurğulanıb.

Qərarda həmçinin Xocalıda ermənilər tərəfindən törədilən bu soyqırımın ermənilər üçün tarixi qara bir ləkə olduğu qeyd edilib, bu vəhşiliyin bir nəslin yox edilməsi aktı olduğu vurğulanıb və bu cinayəti törədilənlərin cəzalandırılmasının vacibliyi xüsusi qeyd edilib.

AzNews.az