Qənirə Paşayevadan uşaqlara və gənclərə çağırış - Fotolar

26 Avqust 2018 16:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki,Millət vəkili Q.Paşayeva Tovuzda ali məktəblərə daxil olan gənclərlə görüşüb,onları təbrik edib və çağırış edib.

Tovuzda bu il ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşdə millət vəkili Q.Paşayeva tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıb, gənclərin ailələrini və müəllimlərini də təbrik edib. Tovuz rayonunda təhsil sahəsində olan uğurların artmasının önəmindən danışan millət vəkili Qənirə Paşayeva ali məktəblərə daxil olan şagirdlərin və bunların arasında yüksək bal toplayanların sayının artmasını müsbət hal kimi qiymətləndirib.

Millət vəkili Qənirə Paşayeva rayonun bundan daha da böyük potensialının olduğunu qeyd edərək təhsil sahəsində özəlliklə bəzi kəndlərdə problemlərin öz həllini tapmasının vacibliyini və bunun gələcəkdə nəticələrə özünün daha da müsbət təsir göstərəcəyini vurğulayıb.

"Ümumiyyətlə məni çox sevindirdi ki, Tovuzdan ali məktəblərə daxil olan qızların sayının nəinki oğlanlardan az deyil, tam əksinə daha çoxdur. Üstəlik yüksək balla daxil olanlar arasında qızlar daha çoxdur. Məncə Tovuz bu istiqamətdə gözəl örnəklərdəndir. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir."

Millət vəkili Qənirə Paşayeva tələbələrdən öz vəzifələrini bitmiş hesab etməməyi - əslində daha böyük vəzifələrin bundan sonra başladığını vurğuladı.

"Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir tələbə etməlidir, buna sizin potensialınız var" - deyə öz fikirlərini bildirdi.

Millət vəkili respublikamızın Ermənistantərəfindən haqsız və elan olunmamış müharibəyə cəlb olunduğunu, 1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkdi və gəncləri virtual məkanda ölkəmizin təbliğində daha fəal olmağa çağırıb.

O, deyib ki Azərbaycan əlehinə virtual məkanda təbliğat aparan Ermənistan, erməni diasporu və lobbisinə qarşı, onların yalanlarına qarşı gənclərimiz daha fəal mübarizə aparmalıdırlar. Görüşün sonunda millət vəkili Q.Paşayeva tələbələrə hədiyyələr və kitablar bağışlayıb və yeni tələbə adını qazanan gənclərin mənsub olduqları ailələrə, təhsil aldıqları məktəblərin kollektivlərinə hörmət və ehtiram ifadə edilib. Sonda tələbələrin bəzilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə rayon icra hakimiyyətinin rəsmiləri və ictimaiyyətinin fəalları da iştirak edirdi.

Q.Paşayeva Yeni Dərs ili öncəsi Tovuzda məktəblərdə görüşlər keçirib və uşaqlar arasında kitaba meyilliyi artırmalıyıq deyib.

Millət vəkili Q.Paşayeva ön cəbhə rayonlarımızdan olan Tovuzun Vahidli, Cəlilli və Düz Cırdaxan kənd orta məktəblərini ziyarət edib, müəllim və fəal şagirdlərlə görüşüb. Müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparan millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər və bu istiqamətdə müəllimlərimizin üzərinə böyük vəzifələr düşür.

Q.Paşayeva qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir və gənclər arasında mütaliəyə meyilliyin artması üçün hamımız birlikdə daha çox çalışmalıyıq.

Millət vəkili məktəblərdə fəal gənclərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və onlarla söhbət edib. Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verilişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb. Millət vəkili Q.Paşayeva hər 3 kənddən ali məktəblərə daxil olan gənclərlə də görüşüb.Onları hədiyyələri ilə təbrik edən və uğurlar diləyən Qənirə Paşayeva hər bir gənclə ayrıca söhbət edib, qayğıları ilə maraqlanıb, tələbəlik illərində yüksək səviyyədə təhsil almaqla yanaşı ölkəmizin maraqlarının qorunmasında da fəal olmağa çağırıb. Millət vəkili Q.Paşayeva Tovuzun ön cəbhə kəndi Vahidlidə müəllimləri və məktəb kollektivini Yeni Dərs ili münasibəti ilə öz hədiyyələri ilə təbrik edərək,ön cəbhəmizdə fəaliyyət göstərən məktəblərimiz və müəllimlərimizə uğurlar diləyib.