Şəhriyar "qan ağladı", Federasiya yalanladı

27 Avqust 2018 12:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Azərbaycanlı qrossmeyster, beynəlxalq turnirlərdə tarixi qələbələrə imza atmış Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə oyunundan sonra deyib. O, oyunun həddindən artıq gərgin keçdiyini bildirib:

“Karlsenlə 5 saatdan çox oynadım və açığı, çətin mübarizə oldu. Debutdan böyük üstünlüyüm var idi, sonra bir az pis vəziyyət aldım. Rəqib 5 saat udmağa çalışdı. Buradan bir nəticəyə gəldim ki, bir daha 40-45 günlük turnirlərə qatılmayacağam. Gərək az oynayıb, özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq əlbəttə ki, biabırçılıqdır”.

Şəhriyar Məmmədyarov imkansızlıqdan gileyləndiyini və ona imkanlı şəxslərin dəstək vermədiyini qeyd edib: “Bu gün jurnalist mənə sual verdi ki, nədir səni bu qədər oynamağa məcbur edən? Utandım deyim ki, pul! Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur və hətta bütün yarışlara öz hesabıma gedirəm. Buradakı insanların sponsor var. Amma sabah oyun var, gərək yenə hazırlaşım. Çox heyif, amma şahmat belə məni bezdirir. Yorulmuşam. Sabah yenə oynamaq lazımdır. Arada fikirləşirəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə 1 sponsor tapılmadı? Azərbaycana sevgim sonsuzdur, amma heyif ki, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacağam, onda isə bu söhbətlər mənasız olacaq”.

Məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Unikal.org-a açıqlama verib ki, Məmmədyarov bugünə qədər heç bir yarışa öz hesabına getməyib:

"Şəhriyar Məmmədyarov hazırda çox ağır bir turnirdə oynayır. Bu ağır turnir yəqin ki, onun əhval-ruhiyyəsinə öz təsirini göstərir. O, heç bir turnirə öz hesabına getmir və hazırda onun ən böyük sponsoru Azərbaycan dövlətidir. Əgər onun qatıldığı turnir yığma komandaya aiddirsə, federasiya tərəfindən, əks halda klubdursa, qatıldığı yarış həmin təşkilat tərəfindən maliyyələşdirilir. Əgər super turnirdirsə, öz şəxsi statusuna müvafiq olaraq turnir təşkilatçıları tərəfindən maliyyələşdirilir və ona həm yol, həm də qalmaq pulu ödənilir. Ola bilsin ki, Şəhriyar Məmmədyarov onunla gedən şəxsi məşqçisinə öz pulundan xərcləsin. Mən də istəyərdim onun şəxsi sponsoru olsun. Hazırda onun bir sponsoru var - Azərbaycan dövləti... Ş.Məmmədyarov öz yüksək statusuna görə bundan da yüksəklərə layiqdir. Azərbaycan tarixində bu cür şahmatçı olmayıb. Yaxın gələcəkdə də olacağını düşünmürəm. Bizim ümidimiz var idi ki, Teymur Rəcəbov öz yüksək statusunu saxlayacaq. Əfsuslar olsun ki, onun nəticələri istədiyimiz qədər yüksək deyil. Ş.Məmmədyarov hər cür dəstəyə, sponsora layiq adamdır. Ona ölkə başçısı, federasiyamızın rəhbəri, Gənclər və İdman Nazirliyi tərəfindən daim dəstək göstərilir. Dəfələrlə Məmmədyarov və ailəsinə dövlət tərəfindən mükafatlar və mənzillər verilib".
Xəbər verdiyimiz kimi, azərbaycanlı qrossmeyster, beynəlxalq turnirlərdə tarixi qələbələrə imza atan Şəhriyar Məmmədyarov sponsorsuzluqdan gileylənib. O, ard-arda yarışlara çıxmasının düzgün olmadığını vurğulasa da, bunu pul üçün etdiyini etiraf edib. O, bu cür məsələlərə görə, şahmatdan bezdiyini də bildirib. Azərbaycan şahmatının "Şah”ı beynəlxalq yarışlara öz hesabına getdiyini deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az