Bütün bunları niyə yada salıram?
Xanım Merkel Bakıda rəsmi danışıqlarını başa çatdırandan sonra “vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş” adı altında, əslində, bu kateqoriyaya tam şəkildə uyğun olmayan bir qrup şəxsi qəbul etdi. Sözün açığı, Merkelin qəbuluna kimin düşüb, kimin düşməməsi elə bir ciddi əhəmiyyətə malik deyil, hətta orada aparılan müzakirələr də nə Almaniya-Azərbaycan münasibətlərinə, nə də Azərbaycanın daxili ictimai-siyasi həyatına təsir göstərəcək amil kimi nəzərdən keçirilə bilər. Olsa-olsa bu görüş Xədicə İsmayılın adının qabağına “araşdırmaçı jurnalist” yazılmasında onun bağlı olduğu xarici mərkəzlərin rolunu bir daha ortaya çıxarıb.
Axı bu necə jurnalist, özü də "araşdırmaçı jurnalist"dir ki, səfər proqramına əsasən xanım Merkelin Bakıda gecələməyəcəyi hər kəsə məlum olduğu halda, o, fil qulağında yatıbmış? Yoxsa, gecəni Bakıda qalsaydı, Xədicə Merkelindəmi fil qulağında yatmasını arzu edirdi? Əgər, doğrudan da Xədicə İsmayıl Merkelin Bakıda gecələməyəcəyini bilmirdisə, deməli, diletantdır; bu barədə məlumatı ola-ola sual veribsə, yenə diletantdır- bütün hallarda sualı onun peşəkar jurnalistikadan min ağac uzaq olduğunu təsdiq edir.
Zira, bu da hələ o qədər əhəmiyyətli epizod deyil ki, Xədicə İsmayılın Merkelə nə deməsinə ayrıca toxunaq. Şəxsən mənim tərəfimdən bu yazının qələmə alınmasına səbəb onun həmin görüşdə Almaniya hökumətində Azərbaycanın silahlanmasına qarşı mövqe formalaşdırmaq üçün Kanslerə donos verməsidir. Əlbəttə, Almaniya kəşfiyyatı və xarici siyasət idarəsi post-sovet ölkələrindəki silahlanmanın vəziyyəti ilə bağlı Xədicə İsmayıldan məlumat alacaq qədər diletant deyil. İki dünya savaşı çıxarmış qocaman bir dövlətdən bəhs ediriksə, onun hazırkı hökumət başçısının Azərbaycanın silahlandığını və silah alışında Rusiyada istehsal olunan hərbi texnikaya da para saydığını ilk dəfə Xədicədən eşitdiyini zənn etmək sadəlövhlük olardı. Həm də o var ki, öz ordusu ilə bağlı ABŞ-ın icazəsinə möhtac olan Merkel Azərbaycan silahlı qüvvələri ilə bağlı nələrəsə icazə verib-verməmək durumundan çox uzaqdır.
Ümumiyyətlə isə, Azərbaycan müstəqil bir dövlət kimi istənilən sahədə öz addımlarını özü müəyyənləşdirir və nə qədər Azərbaycan prezidenti İlham Əliyevdir, elə belə də olacaq.
Əgər xatırlayırsınızsa, Azərbaycan Almaniya-Ermənistan Forumunun rəhbərlərindən olan və Dağlıq Qarabağa rəsmi Bakının icazəsi olmadan səfər etmiş Albert Vaylerin paytaxtımıza gəlməsinə imkan vermədi. Görünür işini əvvəldən bildiyi üçün Vayler və onun erməni dostları bir donqili alman jurnalistinin Bakıda səsləndirməsi üçün sual hazırlamışdı və həmin donqili də dəhrənin ağzını daşa vurub Azərbaycana “Əfqanıstan” deməklə özünü ifşa etdi.
Axırına sual işarəsi qoysa da, Azərbaycanın öz hərbi potensialını genişləndirməsindən Xədicənin təşviş keçirməsinin və bu təşvişini Merkellə bölüşməsinin kökünü də elə həmin Vaylerin yaxın olduğu beynəlxalq erməni lobbisində axtarmağa xüsusi ehtiyac yoxdur. Kimə bəlli deyil ki, Azərbaycanın silahlanmasından ən çox Ermənistan təlaş keçirir?!. Ancaq ona xüsusi diqqət etməyə ehtiyac var ki, Xədicə İsmayıl axırına sual işarəsi qoyduğu donosunda Azərbaycanı məhz “müharibə tərəfdarı” kimi təqdim edir və bu təqdimat da ermənilərin Avropada illərdir Azərbaycana qarşı apardığı təbliğatın ana tezislərindən biridir.
... Beləliklə, Merkelin Bakıdakı proqramının “vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş” hissəsi onu isbat etdi ki, Azərbaycanda hər kəsin düşüncə azadlığı var, amma Xədicə İsmayıl kimilərinin öz düşüncəsi, sadəcə olaraq, yoxdur!
Taleh ŞAHSUVARLI,
AzNews.az portalının Baş redaktoru