Yeni qurğular istifadəyə verildi- FOTOLAR

28 Mart 2013 20:52 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2010-2013-cü illəri əhatə edən Respublikanın əsas magistral avtomobil yollarının yaşıllaşdırılmasına dair layihələr çərçivəsində yeni qurğular hazırlanıb, quraşdırılıb. Müasir tələblərə cavab verən damcılı suvarma sistemləri, dəmir-beton su anbarları, təmizləyici qurğular bu gündən mövsümə uyğun olaraq əsaslı rejimdə fəaliyyətə başlayıb. Qeyd edək ki, damcılı suvarma sistemləri və Kür çayında tullantı suları təmizləyən, şoran suları duzsuzlaşdıran qurğular ilkin sınaq və yuyulma mərhələlərindən keçirildikdən sonra istismara verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, ümumilikdə, bu qurğuların istifadəyə verilməsi ilə yaşıllaşdırma layihələri çərçivəsində 1835 hektar ərazidə 2131 min ədəd ağacın müasir texnologiyaya uyğun daimi suvarılması mümkün olacaq.

Məlumat üçün bildirək ki, layihələr üzrə 5 su təmizləyici qurğu, o cümlədən Kür çayında tullantı suları təmizləyən və şoran suları duzsuzlaşdıran avadanlıqlar, 5000 km-ə qədər damcılı suvarma boruları, dəmir betondan 6 su anbarı, nasos stansiyaları və elektrik təsərrüfatı obyektləri quraşdırılıb. Suvarma sisteminin əsas boru xətti 264,5 km, o cümlədən ana boru xətti 181 km təşkil edir. Bütün işlərin görülməsi üçün layihə üzrə nəzərdə tutulan 20 milyon 145 min manat vəsaitdən 2012-ci ilin sonuna 10 milyon 760 min manat vəsait ayrılmışdır. İşlər başa çatdırıldıqdan sonra 2013-cü ilin investisiya portfelində bu layihənin icrası üçün ayrılmış 9381,4 min manat vəsaitin büdcəyə geri qaytarılması üçün ETSN Nazirlər Kabinetinə məktubla müraciət edilib.

Ərazidə görülən işləri, mühəndis su təmizləmə, nəqletmə və suvarma sistemlərini və əkilən ağacları sizlərə yerləşdirdiyimiz fotolarda təqdim edirik.

AzNews.az