Toqquşmalarda 163 nəfər ölüb

29 Mart 2013 08:18 (UTC+04:00)
Dünən Cənubi Sudanda üsyançılarla ordu birləşmələri arasında baş vermiş toqquşmalarda əksəriyyəti üsyançı olmaqla 163 nəfər ölüb. Apa-nın "Assoşieyted Press"ə istinadən verdiyi xəbərə görə, Cənubi Sudan ordusunun polkovniki Filip Aquyerin sözlərinə görə, üsyançılarla döyüşlərdə 20 hərbçi həlak olub, 70-dək əsgər isə yaralanıb. Əməliyyat nəticəsində ordu Okello şəhərində əvvəllər üsyançıların nəzarətində olan eniş zolağına nəzarəti bərpa edib. Hərbçi məmurun sözlərinə görə, qeyd olunan eniş zolağını səhra komandiri David Yau Yaunun dəstə üzvləri silah əldə etmək üçün istifadə edib. Cənubi Sudan iddia edir ki, üsyançılar üçün nəzərdə tutulmuş hərbi yükləri ölkəyə Sudan idxal edir.

Cənubi Sudanda üsyançıların mübarizəsi əksər hallarda tayfa arası toqquşmalar xarakteri daşıyır. David Yau Yaunun qruplaşması keçən ilin iyulunda mərkəzi hakimiyyətə qarşı üsyan qaldırıb. Cənubi Sudan 2011-ci ildə müstəqilliyini elan etdiyi vaxtdan bu vaxtadək Conqley vilayətində baş vermiş tayfa arası toqquşmalarda 1500-dən çox insan həlak olub.

AzNews.az