Rektor: “Sağlam maarifləndirmə cəmiyyətdə dini radikalizmə qarşı immunitet yaradır” - Müsahibə

30 Avqust 2018 12:05 (UTC+04:00)

Bu gün dünyaya nəzər salsaq görərik ki, dünyəviliyi, modernləşməni qəbul etmiş dövlətlərdə dövlət-din münasibətləri daha sağlam əsaslar üzərində qurulub. Dünyəvilik həm dinin siyasi məqsədlərlə istismarının, həm də müxtəlif dini qrupların dövləti öz ideologiyaları istiqamətində idarə etməsinin qarşısını alır.

Azərbaycan xalqının inanc tarixinə nəzər saldıqda, dini radikalizmin izlərinə demək olar ki, rast gəlinmir. Lakin dünyada bir çox radikal dini qrupların fəaliyyət göstərdiyini və bu qrupların Azərbaycana da sızmaq cəhdlərinin istisna olmadığını nəzərə alanda, ölkəmizdə dini maarifləndirmənin nə qədər zəruri olduğu gün kimi aydın olur. Buna görə də İslam dini başda olmaqla, böyük dünya dinləri haqqında insanları düzgün maarifləndirmək, cəmiyyətdə belə qruplara qarşı immunitet yaratmaq kimi vacib vəzifələr meydana çıxır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən yaradılmış Azərbaycan İlahiyyat İnstitutunda verilən təhsilin də məhz bu yöndən cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıyır.

İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov AzNews.az saytına verdiyi müsahibədə yuxarıda bəhs etdiyimiz mövzu ilə bağlı bir çox məsələlərə aydınlıq gətirib.

- Bakı Dövlət Unversitetinin nəzdində ilahiyyat fakültəsi fəaliyyət göstərirdi. Ayrıca bir təhsil ocağının yaradılması zərurəti nədən irəli gəldi?

- Azərbaycan İlahiyyat İnstitutunun qarşısına bir sıra məqsəd və hədəflər qoyulub. Əsas məqsədlərdən biri müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsidir. Ayrıca bir təhsil müəssisəsinin yaradılması məhz bu məqsədə xidmət edir və zamanın tələblərindən irəli gəlir. Bildiyiniz kimi, sovet dövründə dinin təbliği qadağan idi və dini təhsil müəssisələri bağlanmışdı. Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə bu sahəyə diqqət daha da artdı. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra din sahəsinə xüsusi qayğı göstərildi. Dini etiqad azadlığı təmin olundu, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ciddi addımlar atıldı.

Məscidlər, kilsələr, sinaqoqlar təmir edildi, yeniləri inşa olundu. Bu gün bu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da milli-mənəvi dəyərlərimizin, dini abidələrimizin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Azərbaycanın müstəqilliyi bərpa edildiyi zaman 17 məscidimiz var idi. Ancaq bu gün ölkəmizdə 2200-dən artıq məscid fəaliyyət göstərir. Bu məscidlərin savadlı, bilikli, zəngin dünyagörüşlü din xadimlərinə, habelə müxtəlif dövlət qurumlarında, təhsil müəssisələrində ilahiyyatçılara böyük ehtiyacı var. Bildiyiniz kimi, hazırda dünyanın bir çox universitetlərində dünya dinləri akademik səviyyədə öyrənilir və tədqiq olunur. Azərbaycanın bir sıra universitetlərində də dinlə bağlı fənlər tədris edilir. Lakin qeyd etmək istərdim ki, təhsil müəssisələrində və dövlət qurumlarında bu sahədə dərin dini və dünyəvi biliklərə malik kadrlara hələ də böyük ehtiyac var. Müasir dövrdə bütün dünyada din sahəsi ən vacib və həssas sahələrdən biri hesab olunur. Bir çox dünya dövləti bu sahəni diqqət mərkəzində saxlamağa çalışır. Çünki dünyada baş verən prosesləri təhlil etsək görərik ki, destruktiv qüvvələr müəyyən ölkələrin stabilliyini pozmaq, onları məhv etmək üçün din amilindən məharətlə istifadə edirlər. Buna görə də din təhsilinin dövlətin nəzarətində olması böyük əhəmiyyət daşıyır.

Hazırda Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir. Təhsil prosesinə qeyd olunan fakültənin kadrları ilə yanaşı, ölkəmizdə və dünyanın bir çox universitetində akademik fəaliyyət göstərən azərbaycanlı alimlər də cəlb olunacaq. İşə qəbul qaydalarında beynəlxalq standartların tətbiqinə çalışırıq. Burada əsas meyar işə götürülənin savadı, biliyi və təbii ki, tədris bacarığı olacaq. Artıq işə qəbul prosesi də yekunlaşmaq üzrədir.

- Bildiyimiz kimi Azərbaycan dünyəvi dövlətdir, hər kəsin azad din seçimi var. Sizcə bu institut özünü doğrulda biləcəkmi? Cəmiyyət tərəfindən necə qarşılanacaq?

- Bəli, Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinə əsasən Azərbaycan demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Dövlət-din münasibətləri baxımından dünyəvilik çox mühüm bir prinsipdir. Belə ki, bəşəriyyət uzun əsrlər davam etmiş acı təcrübələrin nəticəsində hüquqi dünyəviliyin dövlət-din əlaqələrini tənzim edən ən optimal variant olduğu qənaətinə gəldi. Bu gün dünyaya nəzər salsaq görərik ki, dünyəviliyi qəbul etmiş dövlətlərdə dövlət-din münasibətləri daha sağlam əsaslar üzərində qurulub. Dünyəvilik həm dinin siyasi məqsədlərlə istismarının, həm də müxtəlif dini qrupların dövləti öz ideologiyaları istiqamətində idarə etməsinin qarşısını alır. Onu da qeyd edim ki, dünyəvi dövlətlərdə də dini tədrisə xüsusi əhəmiyyət verilir. Burada şübhəsiz ki, hansısa bir dinin təbliğatından söhbət getmir. Dünyəvi sistemlərdə din cəmiyyətdə mövcud olan bir fenomen kimi öyrənilir. ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Rusiya və s. ölkələrdə həm orta məktəblərdə, həm də universitetlərdə din haqqında məlumat verən fənlər tədris olunur. Dinlə əlaqəli fənlərin tədrisi Azərbaycanın mövcud qanunvericiliyinə görə də mümkündür. Belə ki, Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının qanununun 6-cı maddəsinə görə, “dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər”. Azərbaycan İlahiyyat İnstitutunda da din məhz bu istiqamətdə tədris olunur. Hansı fikri, hansı düşüncəni seçmək hər bir insanın etiqadına aid məsələdir. Amma əgər din cəmiyyətdə mövcud olan bir fenomendirsə, onun haqqında da ölkənin təhsil müəssisələrində məlumat verilməlidir ki, insanlar cəmiyyət üçün zərərli və bəzi hallarda dağıdıcı olan radikal qruplara yönəlməsinlər. Təcrübə onu göstərir ki, radikalizmin yayılmasının əsas səbəblərindən biri din haqqında məlumatsızlıq və bilgisizlikdir. Buna görə də bu məlumatlar şagird və tələbələrə verilməlidir ki, onlar din haqqında sağlam biliklərə yiyələnsinlər və beləcə zərərli cərəyanların təsirindən sığortalansınlar.

- Azərbaycan İlahiyyat İnstitutunun cəmiyyətə təsiri necə olacaq?

- Azərbaycan İlahiyyat İnstitutunun öz fəaliyyəti ilə təhsil sahəsində cəmiyyətə xidmət edəcəyini əminliklə söyləyə bilərəm. Belə ki, bir az əvvəl də qeyd etdiyim ki, din sahəsində savadlı mütəxəssislərin hazırlanması ictimai baxımdan çox mühüm məsələdir. Bu gün dünyanın bir çox yerində, xüsusilə də Yaxın Şərq ölkələrində dinin yanlış şərhinin nələrə gətirib çıxardığını hamımız müşahidə edirik. Radikal qruplar insanların dini savadzılığından və fanatizmindən istifadə edərək öz sıralarına minlərlə insanı cəlb edir və fəaliyyətləri ilə bir çox cəmiyyətləri fəlakətə sürükləyirlər. Müsbət bir haldır ki, Azərbaycan dövlətinin uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsində ölkəmizdə belə qrupların təsir dairəsi çox cüzidir. Dövlətimizin təbliğ etdyi multikulturalizm, tolerantlıq və İslam həmrəyliyi ideyaları ictimai zəmində də öz müsbət təsirini göstərir.

Ümumiyyətlə, Azərbaycan xalqının inanc tarixinə nəzər saldıqda, dini radikalizmin izlərinə çox az rast gəlinir. Lakin bütün bunlar rahatlıq üçün bizə əsas vermir. Çünki qeyd etdiyim kimi, dünyada bir çox radikal dini qruplar fəaliyyət göstərir və bu qruplar Azərbaycana da sızmağa çalışırlar. İslam dini başda olmaqla böyük dünya dinləri haqqında insanları düzgün maarifləndirməliyik ki, cəmiyyətdə belə qruplara qarşı immunitet yaransın. İlahiyyat İnstitutunda verilən təhsilin da məhz bu yöndən cəmiyyətə böyük yararı vardır. İnstitumuzda iki ixtisas üzrə təhsil verilir ki, bunlardan biri İslam dininə, digəri isə ümumilikdə böyük dünya dinlərinə dərindən bələd olan mütəxəssislərin hazırlanmasına xidmət edir. Belə ki, İslamşünaslıq ixtisası üzrə təhsil alan tələbələrimiz İslam dinini teoloji yönüylə yanaşı, sosioloji, psixoloji və fəlsəfi yönləri ilə də öyrənəcək və beləcə, gələcəkdə həm dini, həm də dünyəvi biliklərə yiyəyənmiş islamşünas və din xadimi kimi fəaliyyət göstərə biləcəklər. Düşünürəm ki, belə ziyalı din xadimlərinin yetişdirilməsi cəmiyyət üçün böyük önəm kəsb edir. Bu, xurafatçılıqla mübarizə baxımından, habelə obyektiv və subyektiv səbəblərdən bir çox insanın zehnində formalaşmış mənfi din xadimi obrazının aradan qalxması baxımından da gərəklidir. Dinşünas ixtisasına yiyəylənənlər isə İslamla yanaşı, digər böyük dünya dinləri sahəsində də mütəxəssis olacaqlar.

- İnstitutda yalnız müsəlmanlar təhsil alacaq yoxsa digər dinlərə mənsub tələbələr də oxuya bilər? Bu məsələdə hansısa bir sərhəd qoyulacaqmı?

- Biz dünyəvi təhsil sisteminin bir hissəsiyik. Şübhəsiz ki, İnstitutu seçən tələbələrin hansı dinə və ya məzhəbə mənsub olmasını soruşmuruq. Lakin İslamşünaslıq ixtisasında təhsil alan tələbələrin gələcəkdə məscidlərdə din xadimi kimi də fəaliyyəti nəzərdə tutulduğu üçün bu ixtisası seçənlərin İslam dininə mənsub olması təbii haldır. Dinşünaslıq ixtisasında isə, qeyd etdiyim kimi, müxtəlif dinlərin dünyəvi perspektivdən tədrisi nəzərdə tutulduğu üçün bu ixtisası seçənlər arasında yəqin ki, müxtəlif dinlərə və fəlsəfi mövqelərə mənsub olan insanlar olacaqdır.

- Dinin modernləşdirilməsinə münasibətiniz necədir?

- “Dinin modernləşməsi”, “dində islahat” və sair bu kimi mövzular ətrafında diskussiyalar İntibah dövründən etibarən Qərbdə başlamış, İslam şərqində isə daha çox 19-cu əsrdən etibarən müzakirə obyektinə çevrilmişdir. İslam dünyasında bu daha çox “təcdid”, yəni “yenilənmə” termini ilə ifadə olunub. “Dində yenilənmə nə dərəcədə mümkündür; mümkündürsə, bunun hüdudları nələrdir?” sualları ətrafında müzakirələr bu gün də davam edir. Yenilənmə ideyasına mühafizəkar yanaşanlarla yanaşı, modernist mövqedən çıxış edən mütəfəkkirlər də var. Bir sözlə, bu mövzuya yanaşma birmənalı deyil. Lakin İslam mütəfəkkirləri arasında hakim rəy bundan ibarətdir ki, dində dəyişməz və dəyişən prinsiplər mövcuddur. Dinin zamanın və məkanın fövqündə olan əsas prinsipləri dəyişməzdir, çünki bunlar zaman və məkanın dəyişməsilə dəyişdirilə bilən prinsiplər deyildir. Məsələn, Tanrının varlığı və təkliyi ideyası, peyğəmbərliyə və axirətə inam kimi prinsiplər bunlardandır. Bu prinsiplər heç vaxt dəyişdirilə bilməz. Lakin bununla yanaşı, dində zaman və məkanın dəyişməsilə birlikdə dəyişdirilə bilən hökmlər də mövcuddur. Hələ orta əsrlərdə belə, İslam alimlərindən bir çoxu zamanın dəyişməsilə bəzi hökmlərin dəyişdirilə biləcəyini öz əsərlərində vurğulayıblar.

Səidə NURMƏMMƏDLİ,
AzNews.az