Elmar Vəliyev işdən niyə indi çıxarıldı?

30 Avqust 2018 13:41 (UTC+04:00)

Niyazi Bayramovun Gəncə kimi böyük və strateji bir şəhərə başçı təyin edilməsi hər kəs tərəfindən rəğbətlə qarşılandı. Sıravi vətəndaşlardan tutmuş, siyasətçilərə qədər hər kəs bu təyinatı alqışladı. Sosial şəbəkələrdəki paylaşımlarda, siyasətçilərin ayrı-ayrı media orqanlarındakı açıqlamalarında Niyazi bəyin sadəliyi və peşəkarlığı ilə işlədiyi bölgədə böyük rəğbət qazandığı vurğulandı.

Uzun illərdir Niyazi Bayramovla bərabər çalışan, Milli Məclisdə Mingəçeviri təmsil edən deputat Aydın MirzəzadəAzNews.az-a açıqlamasında bu təyinatın uğurlu olduğunu düşünür:

“Mən ilk növbədə, Gəncə şəhərinin abadlaşdırılmasında, yenidən qurulmasında Elmar Vəliyevin böyük əməyinin olduğunu qeyd etmək istəyirəm. Ona sağlamlığına qovuşaraq fəal həyata qayıtmağını arzulayıram. Niyazi müəllimlə isə artıq neçə illərdir ki, birgə işləyirik. İcra başçısı təyinatına qədər mən onu tanımırdım. Lakin Mingəçevir şəhərinin icra başçısı kimi o, özünü ancaq müsbət tərəfdən göstərdi. Xaraktercə çox ziyalı bir insandır. İstənilən məsələ ilə bağlı haqq-ədalətlə qərar verir. Kollektivlə işləməyi bacarır, kollektiv də hər zaman qarşılıqlı olaraq ona hörmət və etimad göstərib. Niyazi müəllimin hüquq-mühafizə orqanları ilə çox səmimi və etimadlı münasibəti var. Hər bir qurumun rəhbərliyinə və əməkdaşlarına çox hörmətlə yanaşır. Şəhərdə baş verən prosesləri daim diqqətdə saxlayır, insanlara açıqdır, onları dinləməyi bacarır. İstənilən məsələnin dərinliyini öyrənir, onun həll variantlarını nəzərdən keçirir”.

Bəs, prezident Elmar Vəliyevi niyə işdən çıxardı, bu qərar niyə məhz indi verildi?

Bu sual bəzi insanlar üçün hələ də açıq qaldığından qısa arayışa gərək duyulur. Bəllidir ki, Gəncədəki məlum terror hadisəsindən sonra Elmar Vəliyevin səhhətində problemlər yaranıb. Sağlamlığına qovuşması üçün iki aya yaxındır ki, müalicəsi davam etdirilir. Xatırlayırsınızsa, bu günlərdə sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Elmar Vəliyyevin səhhətinin yaxşılaşdığını, yemək yediyini, idman etdiyini, gəzib-dolaşdığını əks etdirən video-görüntülər yayımlandı. Bu görüntülərdən birini də məhz onun həkimi paylaşmışdı. Həmin görüntülərdən bəlli olurdu ki, onun tam aktiv həyata qayıtması üçün hələ bir müddət də müalicə olunması lazımdır. Elə həkimlərin rəsmi rəyi də məhz bu yöndədir.

Hadisələrin bu cür gedişatı təbii ki, Gəncə ilə bağlı yeni qərarın verilməsini zəruriləşdirdi. Çünki Gəncə kimi böyük bir şəhəri uzun müddət icra başçısız qoymaq doğru olmazdı.

Yeni təyinatın isə hər kəs tərəfindən təqdirlə qarşılanması isə Prezident İlham Əliyevin düzgün qərar verdiyini bir daha təsdiq edir.

Elgün Mənsimov
AzNews.az