Eks prezidentin oğlu həbs edildi

29 Mart 2013 08:53 (UTC+04:00)
Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyevə qiyabi olaraq 25 il həbs cəzası kəsilib.

AzNews.az-ın verdiyi xəbərə görə, bu barədə məlumatı Qırğızıstan baş Prokurorluğunun mətbuat xidməti yayıb.

Məlumata əsasən, ölkənin sabiq prezidenti Kurmanbek Bakiyevin oğlu, ölkənin o vaxtkı İnkişaf və İnvestisiyalar Agentliyinin direktoru Maksim Bakiyev qiyabi olaraq əmlakı müsadirə edilməklə və cəzasını ciddi rejimli islahetmə müəssisəsində çəkməklə 25 il həbs cəzasına məhkum olunub.

Məlumatda qeyd olunduğuna görə, 36 yaşlı M.Bakiyevə korrupsiya, cinayətkarlarla əlbir olma, Qırğızıstanın maraqlarına cavab verməyən müqavilələrin imzalanması ittihamları irəli sürülüb və ittihamlar təsdiq olunub.

Qeyd edilir ki, M.Bakiyev ancaq qeyri-qanunu müqavilələrin imzalanmasından dövlətə 137,7 milyon dollar zərər vurub.

Xatırladaq ki, 2010-cu ilin aprel hadisələrindən sonra M.Bakiyev Londonda yaşayıb. O, Qırğızıstan tərəfinin xahişinə əsasən 2012-ci ilin oktyabrında polis tərəfindən yaxalansa da, sonradan sərbəst buraxılıb.

AzNews.az