Koçaryan bu iki partiyanı birləşdirsə... - İrəvanda gərginlik

30 Avqust 2018 17:42 (UTC+04:00)

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, 2019-cu ilin may ayında növbədənkənar parlament seçkilərinin keçirilməsi Paşinyanın daha öncədən verdiyi qərardır:

“Elə Serj Sərkisyanı istefaya göndərəndə də Paşinyan vurğulamışdı ki, Ermənistan növbədənkənar parlament seçkilərinə getməlidir. Robert Koçaryanın həbsdən buraxılması, yeni siyasi blok formalaşdıracağı ilə bağlı açıqlamalarla çıxış etməsi seçkilərdə Paşinyanın əsas rəqibinin Koçaryan və onun ətrafında formalaşan siyasi blok olacağını göstərir. Koçaryan müxalifətin ən tanınmış simasına çevrilə bilər. Sərkisyan qorxdu və kənara çəkildi. Amma Koçaryan müqavimətə hazırlaşır. Koçaryan Sərkisyanı Konstitusiyanı dəyişməkdə, prezident üsul-idarəsini parlamentli idarəetməyə dəyişdiyinə görə də günahlandırır”.

Politoloq qeyd edib ki, parlamentdə Koçaryana iki partiyadan dəstək gələ bilər:

“Bunlar Respublikaçılar və Daşnaksütyun partiyalarıdır. Bu iki partiyanın 105 yerlik parlamentdə 57 deputat yeri var. Bu iki partiya hər an Paşinyanın problemlərini artıra bilər. Koçaryanın bu rola iddia etməsinin də bir neçə səbəbi var. Birincisi, Koçaryan bilir ki, onu həbs təhlükəsi gözləyir. Ona görə də o, həbsə qarşı mübarizə aparmalıdır. Koçaryan həbs olunsa da, siyasi səbəblərə görə həbs olunduğunu deyə bilmək üçün bu qədər fəallıq göstərir. Eyni zamanda, Rusiyanın Ermənistanda ən çox etibar etdiyi adam da hazırda Robert Koçaryandır. Üçüncüsü, Koçaryan Qarabağ klanının üzvüdür, Azərbaycan torpaqlarının işğalında bilavasitə iştirak edib. Bu 3 səbəbə görə, müxalifətdə əsas lider funksiyasına Koçaryanın iddalı olduğunu düşünürəm. Koaçryan çalışacaq ki, may ayına qədər Paşinyanın mövqeləri zəifləsin”.

Politoloq vurğulayıb ki, Paşinyan sosial islahatlar aparmaqda çətinlik çəkir:

“Çünki Paşinyanın maliyyə resursları yoxdur, adminstrativ resursları isə çox zəif, yox səviyyəsindədir. Əgər seçkilərdə Paşinyan qalib gəlməsə, onun rəqibləri hakimiyyətə gələcək, onlar da Paşinyandan əvəz çıxmağa çalışacaqlar. Necə ki, Paşinyan hakimiyyətə gələn kimi 2008-ci il hadisələrinə görə bir çox insanı həbs etdirdi.

Digər tərəfdən, Rusiya da Paşinyana dəstək vermir. Bu mənada Koçaryan bütün bu amillərdən öz xeyrinə istifadə edərək, Paşinyanı zəiflətməyə çalışacaq. Amma Koçaryanın ən zəif yeri 2008-ci ildə baş verən hadisələrdir. Bunu erməni cəmiyyəti hələ ki Koçaryana bağışlamır”.

AzNews.az