Kiçik və orta sahibkarlığın əhəmiyyəti hər bir ölkə üçün əvəzsizdir. Onlar iri müəssisələrin buraxa bilmədiyi məhsulları və ya məhsulların buraxılması üçün lazım olan hissələri istehsal edir, müxtəlif xidmətlər göstərirlər, kiçik pərakəndə ticarətçidirlər, iş yerləri məhdud olan yerlərdə işsizliyi qismən aradan qaldırırlar, istehlakçıları məhsulla təmin edirlər, vergi ödəməklə büdcənin gəlirini artırırlar, bir sözlə, ümumi həyat səviyyəsinin yüksəlməsində kifayət qədər əhəmiyyətli rol oynayırlar.
Məlumdur ki, ölkədə sahibkarlığın inkişafı üçün kiçik və orta sahibkarlıqla məşğul olanlara dəstək olunur. Bu sahənin daha da inkişafı üçün sahibkarlığın yeni forması yaradılır. Mikrobiznes sahibkarlığın ən kiçik forması sayılır. Sahibkarlığa yeni başlayan, kiçikhəcmli təsərrüfat və ticarətlə məşğul olanlar mikrosahibkar sayılır.
Milli Məclisin payız sessiyasında mikrobiznes haqqında qanunun qəbul olunması gözlənir.
Millət vəkili Rüfət Quliyev bizimlə söhbətində qeyd etdi ki, parlamentin payız sessiyasında iqtisadi sektor, sahibkarlıq fəaliyyəti ilə bağlı mühüm qanunların qəbulu və ya mövcuq qanunlara ciddi dəyişikliklərin edilməsi nəzərdə tutulur: “Payız sessiyasında ilk olaraq komitənin, sonra isə plenar iclasını müzakirəsinə təqdim ediləcək yeni qanun layihələrindən biri “Mikrobiznes haqqında” qanun layihəsidir”.
Millət vəkilinin sözlərinə görə, sahibkarlıq fəaliyyəti iki hissədən ibarət olub: kiçik-orta sahibkarlıq və iri sahibkarlıq. Ancaq yeni qanunla üçüncü sahibkarlıq növü də olacaq. Söhbət mikrobiznesdən gedir: “Məlumat üçün bildirim ki, kiçik sahibkarlıq orta sahibkarlıqdan ayrı olacaq. Kiçik sahibkarlıq dedikdə isə 9+1 nəzərdə tutulur. Hesab edirəm ki, bunun özü ölkədə sahibkarlıq fəaliyyətinin daha da genişlənməsində və güclənməsində mühüm rol oynayacaq, ölkə iqtisadiyyatına öz önəmli töhfəsini verəcək”.
R.Quliyev hesab edir ki, “Mikrobiznes haqqında” qanun sahibkarlığın inkişafına səbəb olacaq. (Baki-xəbər)
AzNews.az