İlhamə Quliyeva qisas andı içdi - ÖZƏL

29 Mart 2013 09:25 (UTC+04:00)


Rusiyada yaşayan iş adamı Mirəşrəf Fətiyev xalq artisti İlhamə Quliyeva ilə aralarında olan 35 min dollarlıq borc qalmaqalına AzNews.az-da aydınlıq gətirdi. Fətiyevin sözlərinə görə, onu narahat edən əsas məsələ İlhamə xanımın onun telefon zənglərinə cavab verməməsi olub. O, eyni zamanda həmin pulu məhkəmə yolu ilə geri qaytarmaq niyyətində olduğunu və bu məqsədlə Azərbaycana gələcəyini də söyləyib.

Fətiyevin bu açıqlaması isə xalq artisti İlhamə Quliyevanın etirazına səbəb oldu. Sənətkar AzNews.az-a açıqlamasında bildirib ki, bu məsələni mətbuata çıxaranlar yaxın vaxtlarda layiqli cəzalarını alacaq:

"Mən bununla bağlı səhər saatlarında sizin portala açıqlama vermişdim. Amma bir daha deyirəm ki, həm mənə, həm də Fətiyevə şər atırlar. Bu, kökündən yalan məlumatdır. Mən heç Fətiyevin belə bir müsahibə verməsinə də inanmıram. Çünki mənimlə Fətiyev arasında heç vaxt pul söhbəti olmayıb. Amma heç kim narahat olmasın, and içirəm ki, bu şər və böhtanın müəllifləri öz layiqli cəzalarını alacaqlar. Bir daha bildirirəm ki, belə bir hadisə olmayıb, kiminsə puluna qalmamışam".

Xalq artistindən iş adamının bu iddiasıyla bağlı məhkəməyə müraciət edib-etməyəcəyini də soruşduq:

"Hələlik bu barədə qəti qərar verməmişəm. Bu məsələni aydınlaşdırmaq üçün Moskvaya getməyə hazırlaşıram. Qoy onu bir görüm, dediklərini dəqiqləşdirim, sonra bu barədə danışarıq".

İlahamə xanım sonda onu da bildirdi ki, Fətiyevlə həmişə yaxşı münasibətləri olub: "Mənim ona ancaq yaxşılığım dəyib, pisliyim, yox. Əgər belə bir açıqlama veribsə də, bu yalnız kimlərinsə təsiri ilə olub".

Bahar Rüstəmli
AzNews.az