Əliyev-Putin görüşündən politoloqlar nə gözləyir? - RƏY

1 Sentyabr 2018 13:09 (UTC+04:00)

Politoloq Fikrət Sadıxov AzNews.az-a bildirib ki, Rusiya Qarabağ probleminin həllində Azərbaycanın lehinə addımlar atmağa başlayır:

“Rusiya tərəfindən artıq müəyyən yumşaqlıq hiss olunur. Ermənistanla gərginləşən münasibətlər fonunda Azərbaycanla Rusiya arasında münasibətlər daha da möhkəmlənir. Dövlət başçımızın Soçiyə səfəri də elə bunun əyani sübutudur. Putinlə Əliyevin görüşündə Dağlıq Qarabağ münaqişəsinin ciddi şəkildə müzakirə olunacağına şübhə etmirəm. Düzdür, indi dəqiq bir şey demək mümkün deyil. İlkin informasiyalar görüşdən sonra bəlli olacaq. Lakin Rusiyanın bu mövzuda daha rasional mövqe tutması hazırki vəziyyətdə heç də qeyri-mümkün görünmür. Düşünürəm ki, bu görüşdə iqtisadi məsələlər də əsas yer tutacaq. Çünki Rusiya Cənubi Qafqaz regionundakı bir çox layihələrin müzakirəsini vacib hesab edir, eləcə də bir sıra layihələrin iştirakçısıdır. Azərbaycan da bu baxımdan konstruktiv mövqe tutur”.

Pərvanə AĞAZADƏ
AzNews.az